Hələ 10-15 il əvvəl yaşlı valideynlərinə baş çəkməyə gedən gənc həmkarım rayondan pərt halda dönmüşdü. Hətta qəzetdə işə düzəldiyini, tez-tez deputatlarla, tanınmış sənət adamları ilə ünsiyyətdə olduğunu da deməyə macal tapmamışdı. Ondan əvvəl kənd klubunun müdiri olan dədəsi danışmışdı:
"A bala, Bakıdan gələn jurnalistlər nə həyasız olurmuş! Həftədə ən azı biri gəlir. Nənənin pensiyası onlara bəs eləmir. O gün birinə verməyə pulum olmadı. Arsız-arsız dedi ki, qazdan-ördəkdən ver".
Bu, həmin vaxt idi ki, gənc jurnalist bizim redaksiyada yenicə işə düzəlmişdi. Yaxşı yaza bilməsə də, yaxşı tərbiyəsi, tay-tuşlarından az rastlanan ədəb-ərkanı, abır-həyası vardı. Valideynlərinin ən böyük arzusu onun Bakıda iş-güc sahibi kimi görmək idi. Amma “reket jurnalistlərin” üzündən bu xəbəri onlara çatdıra bilməmişdi. Səbəbini soruşanda, belə demişdi: "Qoy məni işsiz bilsinlər".
Adından da göründüyü kimi, “reket jurnalistlərin” fəaliyyəti təhdid, şantaj, hədə-qorxu üzərində qurulub. Bu isə kriminal əməldir, insan hüquq və azadlıqlarının pozulmasına yönəlib. Buna görə də "reket" jurnalistlərlə mübarizə aparmaq cəmiyyətin bütün təbəqələrinin, rəsmi qurumların, ən başlıcası isə hüquq mühafizə orqanlarının vəzifəsidir. Və bu mübarizə bir an belə səngiməməlidir!
“Reket jurnalistlər” cəmiyyətin üz qarası, mətbuatın qarayarasıdır. Onların mövcudluğu vicdanlı qələm adamları üçün mənəvi zərbədir. Şəxsən mən bu adamların üzündən jurnalist olduğumu əvvəllər ciddi-cəhdlə gizlətməyə çalşırdım. Sonra yolum efirlərdən tez-tez düşdüyü üçün bu imkan da əldən çıxdı.
Onların sıradan çıxmasında hamıdan çox biz maraqlı olmalıyıq. "Reket jurnalistlərin" əl-qolunu bağlamaq, yaranmış münbit şəraitdən istifadə etmələrinə mane olmaq lazımdır. Təəssüf ki, bəzən onların qanun çərçivəsində cəzalandırılmasından siyasi məqsədlər üçün istifadə edənlər olur. Halbuki bu adamların həbsinin söz və mətbuat azadlığına heç bir dəxli yoxdur. Onlar kriminal ünsürlər olduğu üçün əməlləri qanunvericiliyə uyğun qaydada qiymətləndirilməlidir. Lazım gələrsə, qanunvericilik bazası zənginləşdirilməli, qətiyyətli tədbirlərin görülməsi üçün gərəkən hüquqi baza yaradılmalıdır. Açıq və şəffaf cəmiyyət quruculuğu müstəqil mətbuatdan, effektiv ictimai nəzarət mexanizminin yaradılmasından keçir. Burada "reket jurnalistlərin" iştirakı nəzərdə tutulmur. Əksinə, həmin şəxslərin fəaliyyəti bu prosesə kölgə salır. Açıq cəmiyyət quruculuğunda əməlləri qaranlıq olan adamlara yer yoxdur.
Bu adamların sıradan çıxması açıq cəmiyyət quruculuğunu sürətləndirməklə yanaşı, cəmiyyət qarşısında üzümüzü ağ, alnımızı açıq edəcək...
Seymur VERDİZADƏ