Modern.az

Laçının azad edilməsi Azərbaycanın diplomatik qələbəsi idi

Laçının azad edilməsi Azərbaycanın diplomatik qələbəsi idi

Aktual

1 Dekabr 2022, 14:46

Azərbaycanın Zəfər savaşında qazandığı möhtəşəm uğurlardan biri də Laçın rayonunun işğaldan azad olunmasıdır. 1930-cu ildə rayon statusu alan Laçın coğrafi relyefinə və təbii gözəlliyinə görə ölkəmizin unikal bir guşəsidir.

Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzündə Laçının strateji mövqeyi böyük əhəmiyyət daşıyırdı. 1992-ci ildə mayın 18-də Azərbaycanın bu əzəli-əbədi məkanının işğal olunması ilə faktiki olaraq Ermənistanla Qarabağın dağlıq hissəsi arasında coğrafi bağlantı yaradıldı. İşğal nəticəsində rayonun əhalisi bütövlükdə öz yurdundan didərgin salındı, 300-dən artıq hərbi və mülki şəxs həlak oldu.

İşğaldan sonra erməni yaraqlıları Laçının bütün infrastrukturunu tamamilə məhv etdi. Yalnlz yaşayış obyektləri və dövlət müəssisələri deyil, əhəmiyyətli tarixi abidələr vandalizmə məruz qaldı.

Rayon qəsbkarın əlində olduğu dövrdə erməni işğalçıları bütün beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq Laçının coğrafi adlarını dəyişdirərək onun təbii resurslarını talan etmiş, əsasən, Suriyadan gətirilən erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasətini aparmış və demoqrafik tərkibin dəyişdirilməsi siyasətini həyata keçiriblər.

 

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Rəşad Mahmudov söyləyib.

 

Deputat qeyd edib ki, bütün bu qanunsuzluqlar dünya ictimaiyyətinin gözü qarşısında baş versə də, işğalçı ölkəyə heç bir təzyiq göstərilməmişdir.

 

Bölgədə beynəlxalq hüququn təmin edilməsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında xalqımızın və ordumuzun iradəsi sayəsində həyata keçirildi. Azərbaycan Ordusunun gücü və qüdrəti qarşısında aciz qalan düşmənin imzaladığı kapitulyasiya sənədinə əsasən, 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi.

 

Laçının azad olunması uğrunda çətin coğrafi relyef altında ordumuz ağır döyüşlər aparmış və rayonun Güləbird, Səfiyan və Türklər kəndləri işğaldan azad etmişdir. Azərbaycan rəhbərliyi Laçın rayonunun düşməndən təmizlənməsi prosesində də bir daha dünyaya özünün humanizm siyasətini nümayiş etdirərək, iki il müddətində Laçın şəhərindən keçən dəhlizin istifadəsinə imkan yaratmışdır. Nəhayət, 2022-ci ilin avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə götürülmüşdür. Bu zaman da ermənilərin vandal və separatçı mahiyyəti bir daha özünü büruzə vermişdir. Belə ki,  özgə yurdunu tərk edən işğalçılar evləri yandırmış, ərazilərimizin böyük bir hissəsini minalamışlar. Prezident İlham Əliyevin birbaşa nəzarəti ilə bu gün işğaldan azad olunan ərazilərdə aparılan abadlıq-quruculuq layihələri Laçında da uğurla həyata keçirilir. İlk olaraq bu bölgənin yol infrasturktur işləri görülür. Belə ki, 72,8 kilometr uzunluğunda çəkilən Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikilən 3 tunelin ümumi uzunluğu 10 kilometrə yaxındlr. Həmçinin 7 min nəfər əhalini elektrik enerjisi ilə təmin edəcək generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb.

 

Laçın rayonunda aparılan abadlıq-quruculuq işlərində heç şübhəsiz ən öndə olan məqam 2025-ci ildə istifadəyə verilməsi planlaşdırılan Laçın Beynəlxalq Hava Limanıdır. Bu hava limanı bölgənin beynəlxalq statusunu artıracaq və turizm potensialına yüksək təsir göstərəcək. Bütün bunlarla yanaşı, Böyük Qayıdış Proqramına uyğun olaraq əhalinin Laçın rayonuna köçürülməsi ilə bağlı ciddi işlər görülür. Bir sözlə, bu gün Laçın özünün böyük inkişaf və çiçəklənmə dövrünün astanasındadır. Rəşad Mahmudov sonda qeyd edib ki, Laçının işğaldan azad edilməsi Azərbaycanın hərb meydanında olduğu kimi, diplomatik sahədə də qələbəsi idi. Bu, o demək idi ki, ölkəmizin başçısı Komandan kimi döyüşdə işğalçı ölkənin hərbi, Prezident kimi diplomatiya masasında isə Ermənistanın siyasi rəhbərliyini məhv etdi. Ölkəsində, beynəlxalq platformalarda məsuliyyətsiz bəyanatları ilə diqqətdə qalmaq kimi ucuz şoular yaradan Ermənistan rəhbəri Azərbaycanın birlik rəmzi olan “Dəmir yumruğ” un öldürücü zərbəsinin gücü qarşısında diz çökərək təslimçi sənədə imza atdı, Ağdam, Kəlbəcər və Laçın işğaldan azad olundu. Zəfər savaşının şəriksiz lideri Prezident İlham Əliyevin dediyi kimi, biz Xocalı qatillərini məhv etdik. Ermənistanın hərbi-siyasi rəhbərlərinin adları miskin, fərari, qorxaq və yalançı “qəhrəman” kimi tarixə yazıldı.

 

Azərbaycan isə, gerçək qəhrəmanları ilə şanlı tariximizi şərəfləndirdi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?