Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli 2306 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”na uyğun olaraq, Lerik Rayon İcra Hakimiyyəti tərəfindən “Uşaqlara qarşı zorakılığın mənfi nəticələri və zorakılığa qarşı mübarizə
tədbirləri” mövzusunda məktəblilərin iştirakı ilə maarifləndirmə tədbiri keçirilib.
Modern.az xəbər verir ki, tədbiri giriş sözü ilə Lerik Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Anar Rəhimov açaraq dövlət müstəqilliyi bərpa edildikdən sonra Azərbaycanda uşaq hüquqlarının qorunması istiqamətində zəruri olan normativ hüquqi aktların hazırlanıb qəbul edildiyini, bu sahədə intensiv və səmərəli tədbirlər görüldüyünü bildirib.
Dövlət uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən sağlam böyüməsini təmin
etməyi, hüquqlarının qorunmasını, onların layiqli vətəndaş kimi formalaşdırılmasını özünün
ən mühüm vəzifələrindən biri hesab edir. Ölkəmizdə uşaqlara qarşı digər şəxslər
tərəfindən hər növ fiziki və psixoloji zorakılıq, təhqir, sui-istifadə, laqeyd və etinasız
münasibət, kobudluq, istismaretmə halları yolverilməzdir.
Mövzu ətrafında Lerik Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların
işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu
Lalə İmanova, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Lerik üzrə təhsil sektorunun
əməkdaşı Hüseynbala Əliyev, rayon polis şöbəsinin əməkdaşı Rəhman Cahangirov, Lerik
şəhər 1 saylı texniki fənlər təmayüllü liseyinin direktoru Gültəkin Şıxəliyeva çıxış edərək
uşaqlara qarşı yönəlmiş zorakılıq hallarının mənfi nəticələri, uşaq hüquqlarının ayrı-ayrı
aspektləri barədə məlumatlar veriblər.
Daha sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.