Modern.az

Müqəddəs amal uğrunda mübarizə aparan xalq olduğumuzu sübut etdik

Müqəddəs amal uğrunda mübarizə aparan xalq olduğumuzu sübut etdik

Aktual

1 Dekabr 2022, 20:05

Nəhayət ki, 2020-ci il dekabr ayının 1-də Ermənistanın işğal etdiyi torpaqlarımızın azad edilməsi uğrunda sentyabrın 27-də başlanmış Vətən müharibəsinin zəfər yürüşündə nöqtə qoyuldu. Laçın azad edildi. Yenə qan tökmədən, daha şəhid vermədən. Biz qalib gəldik. Biz "zəif, imkansız olduğuna, daxili çəkişmələrin diz çökdürdüyünə" görə məğlub olmuş xalq deyilik, biz Vətənimizin hər bir qarışını azad etmiş, lazım gələndə bir yumruq kimi birləşərək bir müqəddəs amal uğrunda mübarizə aparan xalq olduğumuzu sübut etdik. Biz dözdük. Sülhsevər olduğumuzu nümayiş etdirdik. Ancaq Ali Baş Komandanımız, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəfələrlə beynəlxalq kürsülərdən səsləndirdiyi kimi,  bu münaqişənin alternativ həlli yolu olduğunu da sübut etdik. Sülh yolu ilə qaytarmaq istəmədikləri torpaqlarımızı müharibə edərək, şəhid verməklə qaytardıq. Tarixin bu ağır sınağından alnıaçıq çıxdıq, iki yüz il ərzində itirdiklərimizi, nəhayət ki, qaytardıq.

 

Azərbaycan inkişaf etmiş güclü dünya dövlətləri ilə müqayisədə ərazi baxımından böyük dövlət deyil. Ancaq dövlətimizin apardığı  müharibə müasir dünyanın hərb tarixinə qızıl hərflərlə yazıldı. O qədər də böyük olmayan, 30 il işğalçı qonşusu ilə mübarizə aparan Azərbaycan ikitərəfli siyasət yürüdən və öz məkrli məqsədləri üçün ona mane olmağa çalışan dövlətlərlə qarşı-qarşıya durdu: siyasi mübarizədə də qalib gəldi, düşməni diz çökdürdü və qalib kimi öz şərtləri ilə və şahanə tərzdə insanlıq nümayiş etdirərək müəyyən güzəştlər də etməklə noyabrın 10-da Ermənistanın kapitulyasiya aktına imza atmasına nail oldu.

 

Digər azad edilmiş torpaqlarımız kimi, Laçının da daha işğal olunduğu gün yoxdur, şəhidlərimiz bu yazını öz qanları ilə yudular, tarixdən silib atdılar. Əvəzində buna Laçının azad edilmə gününü - 1 dekabr tarixini əlavə etdilər.

 

Laçının azad edildiyi, düşmənlərin qovularaq bu torpaqlarımızı da boşaltdığı mənzərələri müşahidə etdikcə, yenə də eyni lövhə, eyni kadrlar və eyni ekoloji və mənəvi cinayət, terror izlərini gördük. Düşmən tərk etdiyi digər ərazilərimizdə olduğu kimi, buradan da apardığını aparır, apara bilmədiyini isə məhv etməklə təskinlik tapırdı. Olsun! Bir daha öz barbarlıqlarını, «mədəni və qədim» xalq olduqlarını sübut etdilər. Azərbaycan xalqı da öz kimliyini sübut etdi.

 

Laçın da Ağdam və Kəlbəcər kimi,  insan itkisi vermədən azad edildi. Ancaq bu qələbə də asanlıqla əldə edilməmişdir. Bu, dövlət rəhbərimizin müdrik siyasi addımları və qəti qərarları, bir də xalqımızın onun ətrafında birləşməsi və igid oğullarının düşmənə sinə gərməsi nəticəsində əldə edilmiş, qanlı-qadalı, qurbanlarla əldə edilmiş qələbədir.

 

30 ilə yaxın bir dövrdə Azərbaycan diz üstə qalmamışdır, siyasi rəhbərlərimiz dövlətimizin mövqelərini möhkəmləndirdikcə, ana və atalarımız igid oğullar tərbiyə etmişdir ki, Vətən çağıranda səsinə hay versinlər və 2020-ci ilin sentyabrinda etdikləri kimi, ayağa qalxsınlar.

 

Həqiqətən, Azərbaycan dövləti, Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində şərəfli tarixi günlər yaşadı. Bu günlərimiz üçün başda Ali Baş Komandanımız olmaqla müzəffər  Azərbaycan ordusuna, igid oğullarımıza minnətdarıq.

 

Təkcə Laçın, Şuşa, Ağdam, Kəlbəcər yox, bütün Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

 

Ülviyyə Ağayeva

Milli Məclisin deputatı 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?