Azərbaycanla Ermənistan arasında atəşkəs rejiminə dair “Bişkek protokolu” imzalansa da, bu gün tez-tez reallıqda bunun əksinin şahidi oluruq. Düşmən ölkə tərəfindən dəfələrlə cəbhə xəttində atəşkəs rejimi pozulur. Azərbaycan faktiki olaraq müharibə şəraitində yaşayır. Belə olan təqdirdə atəşkəsə dair protokol nə vaxt qüvvəsini itirə bilər? Modern.az-ın bu və digər suallarını sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli cavablandırıb.
“Əgər tərəflərdən biri atəşkəsə əməl etməyəcəyini elan etsə və müharibəyə başlasa, o zaman sənəddəki müddəalar qüvvədən düşmüş sayılır”-deyə politoloq vurğulayıb.
Onun sözlərinə görə, ancaq beynəlxalq təşkilatlar bütün təqsirləri atəşkəs rejimini pozmuş həmin tərəfin üzərinə yükləyəcək. “Ona görə də Azərbaycan və Ermənistan atəşkəs rejimini pozmaq barədə fikir bəyan etməz və bunu açıq şəkildə bildirməz. Maraqlı cəhət ondan ibarətdir ki, atəşkəsi pozan tərəf heç vaxt müharibə etdiyini deməz”-deyə qeyd edib.
“Protokol hələlik qüvvədən düşməyib”-deyən Q. Hüseynli qeyd edib ki, hər iki dövlət indiki durumda atəşkəs rejiminin davam etdirilməsinə tərəfdardır.
“Azərbaycan və Ermənistan hərbiçiləri ratsiya ilə bir-birlərini söyürlər”
Siyasi ekspert atəşkəs rejiminin pozulmasının səbəbləri barədə danışıb. “Bilirik ki, atəşkəs rejimi “Bişkek protokolu”. Ancaq bizim üçün atəşkəs rejiminin pozulması hallar haqqında xəbərləri eşitmək artıq adiləşib. Atəşkəsə zidd hərəkətlərin edilməsinin bir neçə səbəbi var. Bu, əsgərlərin bir-birinə olan düşmən münasibətindən qaynaqlanır. Eyni zamanda rabitə əlaqələri vasitəsilə Azərbaycan və Ermənistan hərbiçiləri bir-birlərini söyürlər. Bununla yanaşı ermənilər özləri də atəşkəsin pozulmasında maraqlıdırlar. Əsas məqsəd isə Azərbaycanı psixoloji təzyiq altında saxlamağa xidmət edir. Cəbhədə atəşkəsi ən çox Ermənistan tərəfi pozur”-deyə vurğulayıb.
“ATƏT biganədir”
Politoloq atəşkəsin pozulmasına görə üzərinə məsuliyyət düşən beynəlxalq təşkilatların fəaliyyətsizliyindən də danışıb. “Məsələyə ATƏT-in Minsk Qrupu və atəşkəs rejiminə nəzarət edən bu təşkilatın xüsusi nümayəndəsi də biganədirlər. Guya tez-tez cəbhə bölgələrində monitorinq keçirirlər və atəşkəs rejiminə necə əməl edilməsi barədə hesabat hazırlayırlar. Amma bu hesabatların çoxu başdansovdudur. Bir şeyi də nəzərə almaq lazımdır. Əlbəttə ki, onlar cəbhədə monitorinqə gələndə ermənilər də sakit dayanacaqlar. Bununla da “sülhpərvər” olduqlarını nümayiş etdirirlər. Bir sözlə problemə prinsipial yanaşan beynəlxalq qurum yoxdur. Sülh yaratmaq prosesindən atəşkəs rejiminə əməl olunmasına qədər hər bir şeyi ATƏT-in Minsk Qrupunun üzərinə qoyublar. Bu da ya bunun öhdəsindən gələ bilmir, ya da heç istəmir. İkinci daha çox indiki vəziyyətə uyğundur. Çünki onlar burada daimi postlar və müşahidə nöqtələri yarada və atəşkəs rejimin kimlər tərəfindən pozulmasının monitorinqini keçirə bilərlər. Bu haqda ATƏT-in yuxarı orqanlarına məlumat yazmaqla məsələyə tədbir görməsini tələb etməklə problemi həll edə bilərlər. ATƏT isə sadə və özlərinə sərf edən variantı seçib. Bu da effekt vermir”-deyə ciddi şəkildə tənqid edib.
Qısa tarixi arayış
Qeyd edək ki, “Bişkek protokolu” Azərbaycan tərəfindən 8 may 1994-cü ildə imzalanıb. Sənədə Ali Sovetin sədri Rəsul Quliyev və Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri şəxsində Şuşa rayonu İH başçısı Nizami Bəhmənov, erməni tərəfdən Ermənistan parlamentinin sədri Babken Ararksyan və Dağlıq Qarabağın erməni icmasının rəhbəri şəxsində Karen Baburyan imza atıblar.
Aqşin KƏRİMOV