Azərbaycan prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 95 illik yubileyinə həsr olunan elmi-praktik konfrans keçirib.
Bugünkü müstəqil Azərbaycan 95 il əvvəl qurulan Azərbaycan Xalq Cümhuriyyətinin layiqli davamçısıdır. 1918-ci il mayın 28-də elan olunan dövlət qısa müddət ərzində böyük uğurlara imza atdı. İlk dəfə olaraq Azərbaycan müsalman və şərq arasında parlamentli respublika oldu. İlk dəfə qadınlara seçib-seçilmək hüququ verən, parlamentdə müxtəlif franksiyaları özündə birləşdirən demokratik parlament yaradıldı. Azərbaycan Xalq Cümhuriyyətinin gördüyü işlər indiki dövür üçün çox əhəmiyyətlidir. İstər Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasında, istər ordu quruculuğunun yeni bir mərhələyə qədəm qoymasında, istərsə də Azərbaycanın milli maraqlarının təmin olunmasında AXC-in çox böyük rolu olub. Bu fikirlər tədbirdə səsləndirilən başlıca fikirlər olub.Modern.az-ın məlumatına görə, şuranın sədri, Milli Məclisin deputatı Azay Quliyev deyib ki, Xalq Cümhuriyyəti indiki Azərbaycanın da müstəqilliyinin əsasını qoyub və bu gün Azərbaycan AXC-nin əsasını qoyduğu ideaları gerçəkləşdirib: “Sahəsi 114 min kv. km olan ərazidə Xalq Cümhuriyyəti yaradılmasaydı, SSRİ parçalanandan sonra Tatarıstan, Başqırdıstan kimi nominal müstəqillik statusu qazanacaq və müstəqil ola bilməyəcək. Azərbaycan Respublikası yaradılanda Xalq Cümhuriyyətinin varisi elan edildi. Xalq Cümhuriyyəti Şərqdə və müsəlman dünyasında ilk parlamentli demokratik respublikadır. Şərqdə ilk dəfə hətta ABŞ və Avropa dövlətlərinin bir çoxundan da əvvəl qadınlara seçmək və seçilmək hüququ Azərbaycanda verilib. Qısa müddətdə Azərbaycanın ərazi bütövlüyü bərpa edilib, ordu qurulub. Xalq Cümhuriyyəti bizim qürur mənbəyimizdir”.
Onun sözlərinə görə, bu gün Azərbaycan qüdrətli dövlətə çevrilib: “Xalq Cümhuriyyəti və müstəqil Azərbaycan Respublikası xalqımızın ən böyük tarixi nailiyyətidir”.
Tədqiqatçı-alim Nəsiman Yaqublu deyib ki, AXC dövründə bölgə əhalisinin sayı 2 milyon 900 min nəfər olub: “Əhalinin 1 milyon 900 min nəfəri Azərbaycan xalqının nümayəndələri, qalanları digər xalqlarının nümayəndələri idi. Xalq Cümhuriyyətini yaradanların 250 nəfəri Qori seminariyasında, qalanı isə Türkiyə, Rusiya və Avropa ölkələrində təhsil alıb. Bu dövlətin adı niyə Xalq Cümhuriyyəti qoyuldu? Məhəmməd Əmin Rəsulzadə 1918-ci ildə “Açıq söz” qəzetindəki məqaləsində cümhuriyyətin üstün şəxslərə deyil, xalqa məxsus olmalı olduğunu yazırdı. Bu prinsip də Xalq Cümhuriyyəti yaradılanda əsas götürüldü”.
N.Yaqublu çıxışında bölgədəki vəziyyət, İrəvanın itirilməsi, Qafqaz İslam Ordusunun Azərbaycanı azad etməsindən də danışıb: “Biz ancaq Gəncədə mövcudluğumuzu saxlaya bilirdik. 13 min rus-erməni birləşmələri Gəncədən Bakıya qədər əraziyə nəzarət edirdi. Nuru Paşa bir neçə döyüşdə məğlub olmuşdu. Məhəmməd Əmin Rəsulzadə İstanbula Ənvər Paşanın yanına gedərək əlavə 10 min ordu istəyir. Türk araşdırmaçıları yazırlar ki, əgər Ənvər Paşa kimi millətçi romantik şəxs olmasaydı, Azərbaycanı, Bakını azad etmək mümkün olmazdı. Biz yoxdan dövlət yaradıb, bir bayraq qaldırmışıq”.
N.Yaqublu Qacar dövlətinin - İranın Xalq Cümhuriyyətinin yaradılmasına mane olmağa çalışdığını da xatırladıb: “İran mətbuatında o dövrdə Məhəmməd Əmin Rəsulzadənin əleyhinə məqalələr yazılıb. Bu dövlətin Azərbaycan adlandırılmasına qarşı çıxırdılar. Xalq Cümhuriyyətini yaradanlar beynəlxalq əlaqələrə xüsusi diqqət yetirirdilər. Bu dövlətin süquta uğramasında Xalq Cümhuriyyətinin yaradıcılarından kimisə ittiham etmək düzgün deyil. O dövrdə bolşeviklər Azərbaycanı, sonra Baltikyanı ölkələri, daha sonra Şərqi Avropanı işğal edib. Həm də bolşeviklərin 60 minlik qoşunu Azərbaycanda ciddi müqavimətlə qarşılaşıb. Yalama yaxınlığında 1500 hərbçimiz 60 minlik bolşevik qoşunu ilə döyüşüb. O döyüşün lentlərini əldə etmişik. Xalq Cümhuriyyətinin yaradılması sonra Azərbaycanı SSRİ-nin tərkibində quberniyalara parçalanmasının qarşısını aldı”.
Tədbirdə çıxış üçün söz alan digər qonaqlar da AXC tarixinindən sitatlar və faktlar gətirərək müxtəlif məqamlara toxunublar. AXC-in bir dövlət kimi vətəndaşına, qadına olan münasibətindən bəhs edərək qərbin bu gün bizə öyrətmək istədiyi demokratik dəyərlərin yer aldığı bir institut olaraq dövlətçilik tariximizdə mühüm rol oynadığı vurğulanıb.















Elçin AĞAYEV