Milli Məclisin deputataı Fatma Yıldırım parlamentin yaz sessiyasının ilk plenar iclasında seçildiyi dairənin mövcüd problemlərini səsləndirib.
Modern.az deputatın fevralın 1-də parlamentdəki çıxışını təqdim edir:
"Müzakirəmizə təqdim olunan qanun layihəsini mən də dəstəkləyirəm və sənədə səs verəcəyəm. Ümumiyyətlə, Azərbaycanda ötən dövr ərzində kənd təsərrüfatının inkişafı ilə əlaqədar mühüm işlər görülüb, vacib islahatlar aparılıb. Kənd təsərrüfatı qeyri-neft sektorunun ən önəmli qollarından biridir. Bu sahədə böyük imkanlar mövcuddur. Təsadüfi deyil ki, neft-qaz sektorundan sonra ən çox ixrac olunan və ölkəmizə xarici valyuta gətirən məhsullarımız sırasında kənd təsərrüfatı məhsulları da üstünlük təşkil edir. Düşünürəm ki, ilbəil bu baxımdan daha yaxşı nəticələr əldə edəcəyik.
Müzakirəmizə təqdim olunan qanun layihəsi də kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsi sahəsində mövcud problemlərin aradan qaldırılması istiqamətində vacib addımlardan biridir. Torpaq sahələri ilə bağlı proseslərin “Elektron kənd təsərrüfatı sistemi” vasitəsilə həyata keçirilməsi önəmlidir. Çünki kəndlərdə torpaq məsələsi ilə bağlı müəyyən problemlər var. Bərdə rayonunda bir çox kəndlərdə örüş torpaqlarının təyinatı üzrə istifadə olunmaması ilə bağlı bizə çoxsaylı müraciətlər daxil olur. 1997-ci ildə torpaq islahatı aparılarkən kəndlərdə örüş yerlə olaraq ayrılmış hektarlarla sahələr əkin sahəsi kimi qeyri-qanuni istifadəyə verilib və bu səbəbdən maldarlıqla məşğul olan kəndlilər ciddi çətinliklərlə üzləşirlər. Xahiş edirəm elektronlaşma aparılarkən, aidiyyəti qurumlar belə mübahisəli torpaq məsələlərinə də diqqət yetirsinlər. Biz vətəndaşların müraciətləri ilə bağlı aidiyyəti dövlət qurumlarına dəfələrlə müraciətlər etmişik. Bu problemin digər bölgələrimizdə də olduğu məlumdur, ona görə diqqət yetirilməsi cox vacibdir. Hesab edirem, müfaviq təyinatlı torpaqların icarəyə verilməsinin elektronlaşdırılması müəyyən qədər bu problemlərin həllinə kömək etmiş olacaq.
Torpaq mövzusunda qanun layihəsinin müzakirəsindən istifadə edərək bu sahə ilə bağlı seçicilərimlə görüşlər zamanı bir sıra qaldırılan məsələləri diqqətinizə çatdırmaq istəyirəm. Məlumdur ki, 90-cı illərdə həyata keçirilmiş torpaq islahatlarına uyğun olaraq kənd təsərrüfatı təyinatlı, yəni pay torpaqlarında yaşayış evlərinin tikilməsi qadağandır. Bu torpaqlar əkin üçün nəzərdə tutulub. Lakin ölkəmizdə əhalinin sayı davamlı olaraq artır və bu səbəbdən bölgələrimizdə torpaqların təyinatının dəyişdirilməsinə ehtiyac yaranır. Kəndlərdə yeni ailə qurmuş bir çox gənclərin özləri üçün ev tikmək üçün torpaq sahəsi yoxdur. Pay torpaqlarında isə ev tikməyə icazə verilmir.
Mənim seçicilərlə görüşlərimdə bu problemi qaldıranların sayı az deyil, o cümlədən, şəhid ailələri və qazi ailələri də bu məsələ ilə bağlı müraciət edirlər. Ona görə də, təklif edirəm ki, aidiyyəti dövlət orqanları monitorinq keçirdərək, bölgələrdə əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində qaldırdığımız məsələni nəzərdən keçirsinlər".
Qeyd edək ki, Fatma Yıldırım 93 saylı Bərdə şəhər seçki dairəsindən deputat seçilib.