Türkiyənin Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı Azərbaycanın zəlzələ ilə bağlı yardımları barədə paylaşım edib.
Modern.az xəbər verir ki, səfir bu haqda tviter səhifəsində yazıb.
"Qardaş Azərbaycandan 179 axtarış-xilasetmə personalı, təchizat və axtarış-xilasetmə itini daşıyan birinci təyyarə bu gün 13:55-də Bakı Heydər Əliyev Beynəlxalq Hava Limanından Adanaya hərəkət edib. İkinci təyyarə də hazırlanmaqdadır. Həmrəylik üçün can Azərbaycana təşəkkür edirik", - deyə diplomat qeyd edib.
Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb.
Son məlumatlara görə, hadisə nəticəsində 912 nəfər həyatını itirib, 5385 nəfər isə yaralıdır. Habelə təbii fəlakət zamanı 2818 bina dağılıb.


