Modern.az

Saatlar ötdükcə ümidlər də ölür – Türkiyənin 4 günü

Saatlar ötdükcə ümidlər də ölür – Türkiyənin 4 günü

Aktual

10 Fevral 2023, 00:09

Episentri Türkiyənin Kahramanmaraş vilayətində yerləşən son illərin ən güclü zəlzələsinin baş verməsindən 4 gün keçir. Minlərlə insanın ölümünə və yaralanmasına səbəb olan zəlzələ qardaş ölkədə həyatı alt-üst edib. Şaxtalı havada dağıntılar altında iztirab çəkən yüzlərlə insan xilas olacağı anı gözləyir.

 

Doğmalarını itirən insanların fəryadı, uçqun altındakı körpələrin iniltisi, yeni salınan kütləvi məzarlıqların görüntüsü qan dondurur. Soyuq qış günlərində dağıntılar altında qalan əzizlərini gözləyən məsum insanlar sanki möcüzə axtarışındadır. 

 

Türkiyənin 4 gününə baxış...

 

Türkiyənin 10 vilayətinə və Suriyanın şimalına təsir edən zəlzələnin yaratdığı dağıntıların altından sağ çıxarılan azyaşlı ətrafdakı insanların yüksək əhval-ruhiyyəsinə səbəb olur, xəstəxanaya aparılmaq üçün təcili yardım maşınına yerləşdirilən uşaq göz yaşları içində deyir: “Sabah dərsim var, məktəbə getməliyəm”. 

 

Bu azyaşlının timsalında hər kəs yaşanan faciənin yuxu olduğuna inanmaq istəyir. Lakin gördükləri səhnələr onları o qorxulu yuxudan ayıldaraq, reallıqla barışmağa səsləyir. Saatlar göz yaşları, ah-nalə ilə ötür, ümidlər getdikcə üzülür... 

 

 

Zəlzələ zonasından çəkilən görüntülər olduqca təsirlidir. Xilasedicilər tez-tez səssizliyə çağırır, bütün nəqliyyat vasitələri və generatorlar söndürülür, insanlardan susmaları tələb olunur və bir nəfər yüksək səslə dağıntıların altına doğru qışqırır: "Məni eşidən varmı?"

 

Aclıq, ümidsizlik...

 

Zəlzələdən sonra yüz minlərlə insan soyuq, aclıq və ümidsizliklə üzləşib. Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı artıq 17 mini ötüb. 70 mindən çox adam yaralanıb, 6500-ə yaxın bina dağılıb. Dağıntıların altında on minlərlə insanın qaldığı ehtimal edilir.

 

Zəlzələdən zərər çəkən insanlar soyuq qış günlərində evsiz qalıb. Bəzilərinin evi dağılmasa da, afterşok təhülkəsinə görə mənzillərinə daxil olmaqdan çəkinirlər. Bir çoxları çadır şəhərciklərində, supermarketlərdə, məscidlərdə müvəqqəti sığınacaq tapıb və yaxınlarının dağıntılar altından sağ-salamat çıxarılmasına ümid edilər. 

 

 

Qardaş dəstəyi...

 

Türkiyənin bu çətin günlərində başda Azərbaycan olmaqla xarici dövlətlərdən humanitar yardımlar göndərilir.  Bakıda, eləcə də digər şəhər və rayonlarda Azərbaycan xalqı türk qardaşlarına yardım etmək üçün kampaniyalar təşkil edir, həm pul, həm də paltar, istlik və digər yardımlar yığılaraq zəlzələ bölgələrinə aparılır.

 

İndiyədək yardım daşıyan 30-dan çox TIR Türkiyəyə yola salınıb, eyni zamanda dövlət qurumları tərəfindən təyyarələrlə yardımlar göndərilib və proses hələ də davam edir. Humanitar yardımla yanaşı, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin 700-dən çox əməkdaşı Türkiyədə zəlzələ nəticəsində yerlə bir olan binaların dağıntıları altından insanların çıxarılmasına köməklik edir.

 

Ancaq Türkiyədə və Suriyada zəlzələnin təsirləri həddindən artıq böyükdür. 12 ildir vətəndaş müharibəsində nəticəsində infrastrukturu tamamilə məhv olan Suriyada minlərlə insan həlak olub, on minlərlə suriyalı yaralanıb. Ölkənin şimalında mərkəzi hakimiyyət mövcud deyil, yardımların göndərilməsi həddindən artıq çətindir. Xaricdən yardımlar isə demək olar ki, yox kimidir. Yalnız bir-iki ölkə Suriyaya yardım əlini uzadıb ki, bu da xalqın yarasını sarımağa kifayət etmir. 

 

Suriyadan fərqli olaraq, Türkiyədə axtarış-xilasetmə işlərinə onlarla ölkədən dəstək gəlib. Bu sırada Azərbaycan ilk yerdədir - 725 nəfərlik heyət. Ardınca İsrail Türkiyəyə 450 nəfərdən ibarət axtarış-xilasetmə qrupu göndərən 2-ci ölkədir. Digər yerlərdə Fransa (204 nəfər) və Hindistan (201 nəfər) qərarlaşıb.

 

Siyasi çəkişmə vaxtı deyil...

 

Türkiyə rəsmiləri qərbdə Adanadan şərqdə Diyarbakıra qədər uzanan zəlzələnin 13 milyondan çox vətəndaşa təsir etdiyini bildirir. Dəhşətli zəlzələnin yaratdığı psixoloji təsirlər hələ uzun müddət davam edəcək. 6 fevral 2023-cü il Türkiyə tarixində fəlakət günü kimi xatırlanacaq. Çarəsiz xalq bu günlərdə yaşadığı ağrı-acıları illər boyu unuda bilməyəcək.

 

Təəssüf ki, zəlzələ şokundan ayılmayan qardaş ölkədə siyasi vəziyyət də xeyli gərginləşib. Təbii fəlakətin yaşandığı günlərdə iqtidar və müxalifət düşərgələri bir-birini sərt şəkildə tənqid edirlər. Müxalif cameə zəlzələyə görə AKP iqtidarını qınayır, hakim komanda isə qarşı tərəfi insanların faciəsi üzərində siyasi oyun qurmaqda ittiham edir. Lakin indiki həssas məqamda siyasi toqquşmalar sakinlərin əsəblərinə toxunur. Siyasi çəkişmələrdən usanan vətəndaşlar haqlı olaraq deyirlər: indi kreslo davası etmək vaxtı deyil, evsiz-eşiksiz qalan insanlara, dağıntılar altında kömək gözləyənlərə sahib çıxmaq lazımdır...

 

Akif İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı