Modern.az

Kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir - Deputat

Kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir - Deputat

Aktual

10 Fevral 2023, 08:33

“Azərbaycanla Türkiyə hər zaman bir-birinin yanındadır. Hər iki ölkəni tarixi, milli, dini və mədəni köklər bir-birinə bağlayır. Bugünkü münasibətlərimiz də böyük  öndər Mustafa Kamal Atatürkün dediyi “Azərbaycanın kədəri - kədərimiz, sevinci - sevincimizdir” və  Ümummilli Liderimiz Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” fəlsəfəsinə əsaslanır. Türkiyədə baş vermiş güclü zəlzələnin nəticələrinin aradan qaldırılmasında, xilasetmə işlərində dövlətimizin dəstəyi, zəlzələdən zərərçəkmiş insanlara yardım üçün vətəndaşlarımızın fədakarlığı birliyimizin sarsılmazlığını bir daha bütün dünyaya nümayiş etdirdi”.

 

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.


Deputat bildirib ki, tarixi köklərə, qardaşlığa əsaslanan Azərbaycan-Türkiyə əlaqələri bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticarət, humanitar, hərbi və digər sahələrdə  bu gün ən yüksək zirvədədir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincimiz də, kədərimiz də bir olub.

 

Onun sözlərinə görə, Türkiyədə bugünlərdə baş vermiş güclü zəlzələnin nəticələrinin aradan qaldırılmasında ilk və ən böyük dəstək verən məhz Azərbaycan oldu. Azərbaycan Prezidenti İlham Əliyev fevralın 6-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib, ölkəmiz tərəfindən zəruri dəstəyin veriləcəyini bəyan edib. Ümumilikdə faciə baş verdiyi saatdan 8 fevraladək dövlət başçısının tapşırığına əsasən FHN-in 725 nəfərlik şəxsi heyəti Türkiyəyə göndərilib. Onlardan 34 nəfəri həkim və 7 nəfəri texniki işçi olmaqla tibbi heyətə aiddir. Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın göstərişinə uyğun olaraq Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım aparan xüsusi təyyarə 9 fevral tarixində Qaziantep hava limanına uçub. Zəlzələdən zərər çəkmiş şəxslər üçün Heydər Əliyev Fondu tərəfindən 36 ton humanitar yardım göndərilib. Yardım xilasetmə işlərində iştirak edən şəxsi heyət və tibbi personaldan başqa, xilasetmə işlərində istifadə olunan ləvazimatlar, generatorlar, nasos stansiyaları, avtomobillər, həmçinin modul səhra hospitalları, tibbi avadanlıq, dərman preparatları, təxirəsalınmaz yardım vasitələri, çadırlar, yataq dəstləri və sair, habelə zərər çəkmiş əhali üçün humanitar yardımı əhatə edir. Eləcə də, dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, çadırlar da yardım ləvazimatlarına daxildir. Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən də qardaş ölkəyə humanitar yardım kampaniyasına start verilib.

 

Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyev fevralın 8-də Türkiyənin ölkəmizdəki səfirliyində olub, baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib. Dövlətimizin başçısının dediyi kimi, Azərbaycan hər zaman olduğu kimi, zəlzələdən sonra ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanında idi. Azərbaycan öz dəstəyini, öz həmrəyliyini həmişə olduğu kimi nümayiş etdirir. Əgər bu acı faciənin fəsadlarının aradan qaldırılmasına bir balaca kömək edə bilmişiksə, bunu özümüz üçün şərəf bilirik. ​Azərbaycan sona qədər öz dəstəyini göstərəcəkdir. Azərbaycandan davamlı olaraq həkimlər, xilasedicilər, könüllülər göndərilir və göndəriləcək.

 

Fatma Yıldırım qeyd edib ki, bütün Azərbaycan xalqı könüllü olaraq türk qardaş və bacılarımıza dəstək olmaq üçün var qüvvəsini sərf edir. Nəinki paytaxt Bakıda, respublikamızın digər bölgələrində də hər kəs, qoca,  qadın, gənc imkanı çatan dəstəyi göstərir. Bu anları müşahidə edərkən duyğulanmamaq mümkün deyil. Kimi yorğan gətirir, kimi döşək gətirir, kimi gödəkcə gətirir. Kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir. Azərbaycanın bir çox bölgələri Türkiyədə baş vermiş güclü zəlzələdən zərərçəkənlərə yardım aksiyasına fəal qoşulub. Qeyri-sabit, qarlı-yağışlı hava şəraitinə baxmayaraq, ölkənin müxtəlif şəhər və rayonlarında yaşayan sakinlər səhər saatlarından etibarən axın-axın təşkil olunan yardım toplama məntəqələrinə gəlir, gətirdikləri əşyaları aidiyyəti üzrə məsul şəxslərə, könüllülərə təhvil verirlər.

 

“Biz bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur. Eyni zamanda, Türkiyə dövlətinin operativ və çevik addımları bir daha göstərdi ki, insan amili Türkiyə hökuməti üçün əsas məsələdir və bu ağır sınaq, eyni zamanda, Türkiyənin gücünü bir daha bütün dünyaya göstərəcək. Türkiyə bu acı sınaqdan şərəflə çıxacaq. Bu, inanılmaz dərəcədə böyük faciədir. Hər bir qurtarılan can elə bil ki, bizə bir dünyanı bağışlayır. İnanırıq ki, qardaş Türkiyə dövləti və xalqı bu çətinliyi də aşacaq”,- deyə millət vəkili vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı