Modern.az

Bütün uşaqlar yastıpəncəli doğulur - Mütəxəsis

Bütün uşaqlar yastıpəncəli doğulur - Mütəxəsis

Aktual

27 Fevral 2023, 14:36

Bütün uşaqlar yastıpəncəli doğulur. Pəncə tağı uşaqlarda 3 yaşdan sonra tədricən formalaşmağa başlayır. Vətərlərin möhkəmlənməsi və qövsün meydana gəlməsi üçün vaxt lazımdır. Bəzən körpələrin ayağında olan əlavə yağ toxuması tağı gizlədə bilər.

 

Modern.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktorunun müşaviri, fizioterapevt Pərvin Əkbərov deyib.

 

Fizioterapevtin sözlərinə görə, uşaqlarda yastıpəncəlik 2 formada – sərt və elastik müşahidə edilir. Sərt yastıpəncəlik çox zaman sümük deformasiyası, tarsal koalisiya (ayaq sümüklərinin birləşməsi), anadangəlmə və irsi səbəblərə bağlı olaraq meydana gəlir: “Elastik yastıpəncəlik halı ayağınız yerlə təmas etmədiyi zaman görünür. Lakin ayaq üstə olduğunuz zaman itir. Belə tip yastıpəncəlik daha çox uşaqlarda müşahidə edilir”, - deyə bildirib.

 

Mütəxəssis yastıpəncəliyin müalicə növünün onun yaranma səbəbindən, deformasiyanın ciddiliyindən və ağrıdan asılı olaraq dəyişdiyini qeyd edib: “Piylənmədən əziyyət çəkən və bu səbəblə ayağında düzlük meydana gələn xəstələrdə artıq çəkini azaltmaq şikayətlərin azalmasına kömək edir. Xəstənin şikayətlərini azaltmaq məqsədilə 3 həftəlik istirahət və simptomları ağırlaşdıracaq hərəkətlərdən uzaq durmaq məsləhət görülür, fiziki fəaliyyəti məhdudlaşdırılır. Bu kimi hallarda əsadan istifadə məsləhət görülür. Vətərlərdə inflammasiya və zədələnmə prosesi varsa, ağrı şiddətlidirsə, bu zaman xəstəyə ayaq biləkliyi və iltihab əleyhinə ağrı kəsici preparatlar verilir”.

 

Fizioterapevtin müşayiəti altında ayaq əzələlərini gücləndirmək və müəyyən proseduralar etməyin ağrıları və digər şikayətləri azalda biləcəyini vurğulayan həkim:

 

“Ümumiyyətlə ağrı əlamətləri olan xəstələrə rahat və geniş ayaqqabı seçimi məsləhət görülür. Xüsusilə qadınlar, pəncə qövslərini dəstəkləyəcək yüngül və az hündürlüyü olan ayaqqabılar geyinərək gün ərzində onları narahat edəcək simptomları azalda bilərlər. Pəncə tağını formalaşdırmaq məqsədilə həkim tərəfindən ortez və ayaqqabı içlikləri təyin edilir. Bunlar yastıpəncəlik növünə görə fərdi və ya hazır dabanlıqlar ola bilər", - deyə bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı