"Azərbaycan demokratik dövlət olduğu üçün kimsə dini inancına görə təqib olunmur. Heç kimi dini inanca sövq etmək olmaz".
Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsində keçirilən “Azərbaycanda dövlət-din münasibətləri: real durum və perspektivlər” adlı toplantıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.
"Heç kimi hansısa dini inancı və ayini zorla yerinə yetirməyə sövq etmək olmaz. Heç kimin də öz dini inancını yerinə yetirməsinə əngəl olmaq olmaz. Din çox həssas mövzudur. Dindən siyasi məqsədlər üçün istifadə edən ölkələr var. Söhbət yalnız İslam dinindən getmir. İslam terrorizmi adlı termin yoxdur. Dindən istifadə edən radikallar, İslamdan istifadə edən terrorçular var. Müqəddəs kitabların heç birində insanın insanı öldürməsinə çağırış edilmir. Dindən istifadə edib öz siyasi məqsədlərinə çatmaq istəyən, geopolitik maraqlarına çatmaq istəyən varsa, biz dövlət, millət olaraq qarşısında olmalıyıq",- deyə komitə sədri vurğulayıb.