“Yəqin, ötən həftə, Azərbaycanın İsraildə səfirliyinin fəaliyyətə başlamasına Hizbullah təşkilatının verdiyi reaksiyanı izlədiniz. Ölkəmizi radikal cihadçı və din bayraqlı hərbi təşkilatlarla toqquşdurmaq üçün Qərblə region dövlətləri arasında unikal bir müttəfiqlik var. Yenidən terror ola bilərmi sualına cavab odur ki, Azərbaycan heç bir dövlətlə süni gərginlik axtarmır və 3-cü qüvvələrin forpostu olmağa can atmır”.
Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İnsan Hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.
O çıxışında bir sıra mühüm məqamlara toxunub:
"Bəli, Vətən müharibəsindən sonra müəyyən sayda qənimət silahlar əllərə keçib. Lakin onların sayı minlərlə deyil. Biz terror şəbəkəsinin bütün üzvlərini, dövlətə və vətəndaşlara qarşı yeni təxribat və potensial təhlükələrin qarşısını almaq üçün təhlükəsizlik və hüquq-mühafizə orqanlarının peşəkar tədbirlərini alqışlayırıq. Məhkəməsi hələ də bitməyən keçmiş MTN-çiləri on illər ərzində ölkəmizdə kök salan xarici agentura mərkəzlərinin millətimizə qarşı apardıqları müharibəyə görə də əlavə maddələrlə suçlandırmasını vacib sayırıq. “Silahlı “dindar”ların həbsi İrana zərbə deyil, dövlətə inamı zəiflədən hadisədir”, deyən adamlar nə təklif edirlər, ölkəmizdə yaşıl inqilab edib, müstəqillikdən imtina istəyirlər?
İnsanların Allaha və peyğəmbərə inamını, etiqadını siyasi məqsədlərinə alət edən, onu silaha çevirən dövlət məqsədinə çata bilməz. Əlbəttə, biz yaxşı görürük ki, 30 il ərzində işğala hər cür maliyyə, siyasi, diplomatik, informasiya və hərbi dəstək verənlərin indi İrana qarşı apardıqları savaşda Azərbaycanı forposta çevirmək cəhdləri var. Lakin ölkəmiz heç vaxt 3-cü dövlətlərə qarşı əməliyyat qərargahı olmayıb və Ermənistan kimi 3-cü dövlətlərin hərbi bazasını ərazisində yerləşdirməyib".