Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsini əbədiləşdirmək üçün xalqımız və dövlətimiz tərəfindən indiyə kimi bir çox mühüm addımlar atılmış, Milli Məclis tərəfindən Azərbaycan Respublikasının ən yüksək və ən ali dövlət təltifi olan "Heydər Əliyev" ordeni təsis edilmişdir.
Məlum olduğu kimi, "Heydər Əliyev" ordenin statusu fərqli olduğundan, bu ali mükafat xüsusi hallarda və ölkəmizin qarşısında müstəsna xidmətləri olan şəxslərə və bir qayda olaraq xarici ölkə başçılarına verilir.
"Heydər Əliyev" ordeni indiyə kimi 16 nəfəri xarici vətəndaş olmaqla cəmi 26 nəfərə verilib.
Ancaq bu gün dövlətinə, xalqına və Heydər Əliyev ideyalarına sədaqətlə xidmət edən yüzlərlə, minlərlə soydaşımız var ki, onların fəaliyyətini stimullaşdırmaq və qiymətləndirmək üçün Ulu Öndərin adı ilə bağlı başqa bir təltifin təsis olunmasına çox böyük ehtiyac vardı.
Bu baxımdan, “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi, özü də “Heydər Əliyev ili” çərçivəsində bunun həyata keçirilməsi çox böyük tarixi, praktiki və mənəvi əhəmiyyətə malikdir.
Xüsusilə qeyd olunmalıdır ki, yubiley medalı ilə təltif ediləcək şəxslərin əhatə dairəsi çox həssaslıqla, dövlətçilik məfkurəsindən və prinsiplərindən irəli gələrək müəyyənləşdirir.
Əsasnaməyə əsasən, yubiley medalı ilə Heydər Əliyev irsinin tədqiqində və təbliğində xüsusi xidmətlərinə, dövlət quruculuğunda, azərbaycançılıq ideyasının həyata keçirilməsində, dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsində, beynəlxalq əməkdaşlığın inkişafında,dövlət müstəqilliyinin qorunub saxlanılmasına və inkişafına, Azərbaycanın tərəqqisinə və şöhrətinin artmasına töhfə verən xidmətlərinə, həmçinin ölkənin sosial-iqtisadi, elmi-texniki və mədəni inkişafında xidmətlərinə, dövlət idarəçiliyində, dövlət qulluğunda və ictimai-siyasi sahədə səmərəli fəaliyyətinə görə fərqlənən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, beynəlxalq təşkilatlar təltif olunacaqlar.
Təltif olunan şəxslərinin əhatə dairəsindən də göründüyü kimi, “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalın təsis olunması dövlətçilik ənənələrimizin və milli maraqlarımızın qorunmasına, ölkəmizin tərəqqisinə və güclənməsinə xidmət edəcəkdir.
İnanıram ki, bu medalla təltif olunacaq hər bir şəxs onu böyük şərəf və məsuliyyət hissi ilə daşıyacaq və hər zaman Heydər Əliyev yoluna və siyasi kursuna sadiq olacaqlar.

Azay Quliyev
Milli Məclisin deputatı