Avropa İttifaqının (Aİ) missiyası Ermənistan-Azərbaycan sərhədində təxribat qeydə almayıb.
Modern.az xəbər verir ki, absurd səslənsə də, bu barədə Aİ-nin diplomatik xidməti məlumat yayıb.
Bildirilib ki, Aİ-nin Ermənistandakı missiyası öz mandatı çərçivəsində aprelin 11-də səhər saatlarında insident baş verən ərazidə dövri patrullar həyata keçirib, lakin təxribat zamanı orada olmayıblar.
Missiya sərhəddəki atışma barədə dünən axşam saatlarında Ermənistan hakimiyyətindən məlumat alıblar.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub. Cavab tədbirləri nəticəsində Ermənistan ordusunun 4 hərbçisi məhv edilib, 6-sı yaralanıb. Təxribatın qarşısını alarkən Azərbaycan ordusunun 3 hərbçisi şəhid olub.