Azərbaycan jurnalistlərinin VI qurultayının keçirilməsi üzrə Təşkilat Komitəsinin iclası keçirilib. Komitədən Modern.az-a verilən məlumata görə, Azərbaycan jurnalistlərinin VI qurultayının iştirakçıları 11 iyul 2013-cü il tarixdə saat 08.30-da Fəxri Xiyabanda Heydər Əliyevin və Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin məzarını ziyarət edəcəklər. Saat 9-dan qeydiyyat həyata keçiriləcək. Rəşid Behbudov adına Mahnı Teatrında baş tutacaq ali məclis saat 10.00-da işinə başlayacaq. Bu qərarlar Azərbaycan jurnalistlərinin VI qurultayının keçirilməsi üzrə Təşkilat Komitəsinin iclasında çıxarılıb.
İclasda Azərbaycan Mətbuat Şurası sədrinin və Nəzarət-Təftiş Komissiyası sədinin VI qurultaydakı hesabat məruzəsi dinlənilib və müzakirələrdən sonra hər iki sənədin ali məclisin gündəliyinə daxil edilməsi məqbul sayılıb. Qurultayın iş planı və reqlamenti ətrafındakı müzakirələrdə bildirilib ki, Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarına və Azərbaycan Mətbuat Şurasının Nizamnaməsinə dəyişiklik nəzərdə tutulur. AJPDQ-ya dəyişikliklər Mətbuat Şurasının və ATƏT-in Bakı ofisinin 2010-2011-ci illərdə həyata keçirdiyi birgə layihə çərçivəsində aparılıb. Məsələ ölkənin jurnalist ictimaiyyətinə kifayət qədər aydındır. Qurultay həmin dəyişikliklərə münasibətini bildirməlidir. Bunun üçün ali məclis nümayəndələrinə AJPDQ-nın əvvəlki və hazırkı variantı müqayisəli şəkildə təqdim olunacaq.