Bu gün Azərbaycanda ilk mətbu orqan “Əkinçi”nin çapından 138 il keçir. Milli Mətbuat günü də məhz bu tarixdən hesablanır. “Əkinçi”dən başlayaraq bu günədək gəlib çatmış mətbuatımızda neçə-neçə dövrü nəşrimiz olub. Görəsən gənc jurnalistlər klassik mətbuatda hansı publisist-jurnalistləri mütaliə edib, hansı mətbu orqanı tanıyırlar?
Modern.az gənc jurnalistlər arasında kiçik sorğu keçirib.
Günel Səfərova (“simsar.az” saytının əməkdaşı): ““Molla Nəsrəddin” mənim üçün ən sevimli mətbu orqandır. Cəlil Məmmədquluzadə isə sevimli publisistimdir. “Füyuzat” jurnalı, “Həyat”, “Kaspi” qəzetləri savadsız xalqa ünvanlanmamışdı. Amma “Molla Nəsrəddin” yatmış xalq üçün idi. Bir də təbii "Əkinçi"ni vurğulamamaq olmaz. Mətbuatın banisi Zərdabidir, amma mənim sevdiyim “Molla Nəsrəddin”dir”.
Elnur Eltürk (“vətəninfo” saytının əməkdaşı): ““Təkamül”, “Kəşkül”, qəzetləri, “İşıq”, “Füyuzat” jurnalları. Sevdiyim və oxuduğum publisistlər isə Üzeyir Hacibəyli, Haşim bəy Vəzirov, Əli bəy Hüseynzadə, Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Əliqulu Qəmküsar, Nəriman Nərimanov və əlbəttə ki, Məhəmməd Əmin Rəsulzadə”.
Sevinc Vaqifqızı (“Azadlıq Radiosu”nun əməkdaşı): ““Şərqi-Rus”, “Füyuzat”, “Molla Nəsirəddin”, "Kaspi" ,"Kəşkül", "Hümmət" qəzetləri.
Həsən bəy Zərdabi, Əli Bəy Hüseynzadə, Cəlil Məmmədquluzadə, maarifçi Firudin bəy Köçərli, Əhməd bəy Ağaoğlu, Məmməd Əmin Rəsulzadə klassik mətbuatımızdan oxuduğum kəslərdir”.
Dilqəm Əhməd (“publika.az” portalının redaktoru): “Mənim üçün klassik Azərbaycan mətbuatında iki önəmli isim var. Biri Üzeyir Hacıbəyli, digəri Ömər Faiq Nemanzadə. Təsəvvür edin, Üzeyir Hacıbəyli 20 yaşında ilk məqaləsini yazıb və "Bir xanım əfəndinin bizlərə hüsni təvəccöhü" adlanan həmin yazıda Azərbaycan türklərini və türk dilini təhqir edən imperiya yazarına cavab verib. Üzeyir bəyin "Həyat", "İrşad"dan başlayan və "Azərbaycan" qəzeti ilə kulminasiya nöqtəsinə çatan bütün mətbu fəaliyyətini oxumuşam və mənim üçün XX əsr Azərbaycanının vicdanı Üzeyir Hacıbəylidir. Digər mənim üçün dəyərli publisist Ömər Faiq Nemanzadədir. Xüsusən onun qadın hüquqları ilə bağlı yazıları çox maraqlıdır. Mətbu orqana gəldikdə isə "Molla Nəsrəddin" jurnalını tam olaraq oxumasam da, "Füyuzatı" oxumuşam. Əli bəy Hüseynzadənin "Füyuzat"ın ilk sayına Midhət paşanın təsvirini verməsi, onun hansı hədəfləri hesabladığını görmək olur”.
Əziz Əlibəyli (“anspress.com” saytının əməkdaşı): “"Şərqi-rus", "Molla Nəsrəddin", "Açıq söz" qəzetlərinin adlarını çəkə bilərəm, təbii ki, “Əkinçi” qəzeti ən başda gəlməlidir.
İlk jurnalistikanın nümayəndələri kimi isə Əli bəy Hüseynzadə, Mirzəbala Məhəmmədzadə, Əhməd bəy Ağayev və bu qəbildən olan onlarla xadimimizin publisistikası ilə tanışam”.
Günel Əbilova (“qafqazinfo” saytının redaktoru): “Mənim üçün Zərdabi, Cəlil Məmmədquluzadə və Əli bəy Hüseynzadə təkcə Azərbaycan jurnalistikasında ilklərinə görə deyil, cəmiyyətdə etdikləri dəyişikliklərə görə də əvəzsizdir. Bu səbəbdən onları xüsusi günlərdə deyil, tez-tez xatırlayıram".
Aqşin Kərimov (“Modern.az” saytının əməkdaşı): “Klassik mətbuat tariximizdən Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Mirzə Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyov, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Məmməd Əmin Rəsulzadə və digərlərinin publisistik məqalələrini oxumuşam. Ən çox xoşuma gələn isə Cəlil Məmmədquluzadənin felyetonlarıdır. Mirzə Fətəli Axundov yaradıcılığı isə ayrıca bir zirvədir. Əhməd Ağaoğlunun “İslamda qadın, İslama görə qadın” məqaləsini də çox bəyənirəm. Klassik mətbuat orqanlarımızdan ilk olaraq elə “Əkinçi”nin adını çəkmək olar. Öz ideya başlanğıcını bu mətbu orqandan götürən “Molla Nəsrəddin” jurnalının isə Azərbaycan jurnalistika tarixində özünəməxsus yeri var. Bunlardan başqa “Füyuzat”, “İrşad”, “Həyat” və s. qəzetlərin də adlarını çəkə bilərəm. Amma mənim ən çox sevdiyim “Molla Nəsrəddin”dəki məqalələrdir. Əsasən də Cəlil Məmmədquluzadənin publisistikasını çox bəyənirəm”.
Ramil Əhməd (“525-ci qəzet”in əməkdaşı): “Həsən bəy Zərdabi XIX əsrin böyük maarifçiləridən biri idi. Hələ milli mətbuatımızın əsasını qoymazdan iki il öncə milli teatrımızın yaranmasında onun böyük əməyi olub. 1873-cü ildə Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirovun rəhbərliyi ilə bir qrup tələbə ilk öncə Axundovun “Sərgüzəşti-vəziri-xani-Sərab”, daha sonra “Hacı Qara” əsərini səhnələşdirirlər. Bununla da milli teatrımızın əsası qoyulur.
“Əkinçi” qəzeti qısa fəaliyyəti çərçivəsində böyük işlər gördü. Sonralar “Şərqi-Rus”, “Həyat”, “Kəşkül”, “Molla Nəsrəddin”, “Füyuzat” və digər mətbu orqanlar məhz “Əkinçi”nin qoyduğu bünövrə üzərində quruldu. O dövrün ziyalıları bu qəzet ətrafında birləşdi. Klassik mətbuatda sevdiyim publisistlər çoxdur. Çoxları Üzeyir Hacıbəyovu yalnız bəstəkar kimi qiymətləndirsələr də, onun publisistakı mənim çox xoşuma gəlir. Bundan başqa Əli bəy Hüseynzadənin, Əbürrəhim bəy Haqverdiyevin, Mirzə Cəlilin, Ömər Faiq Nemanzadənin, Məmməd Əmin Rəsulzadənin adlarını çəkə bilərəm. Bu imzalar olmasaydı klassik publisistikamız çox şey itirərdi”.
Pərviz Sadıqov(“525-ci qəzet”in əməkdaşı):"Tanıdıqlarım, Ömər Faiq Nemanzadə, Əhməd bəy Ağoğlu, Şaxtaxtinskilər, Əli bəy Hüseynzadə, Mirzə Cəlil, Üzeyir Hacıbəyov, Rəsulzadə, amma daha çox oxuduğum Nərimanov, Rəsulzadə, Hacıbəyovdur. Bir az müasir sövrə gələndə Nəcəf Nəcəfovu unutmaq olmaz".
Elmin Nuri