
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu il qızıl və gümüş medal alanların qəbul imtahanlarında göstərdikləri nəticələri açıqladı. Medalçıların əksəriyyəti 600-dən yuxarı bal toplayıb. Lakin qızıl və ya gümüş medal alanlar arasında qəbul imtahanlarında 300, hətta 140 bal toplayan abituriyentin olması cəmiyyətdə geniş rezonans doğurub. Təhsil Nazirliyi də ötən dərs ilində qızıl və gümüş medallarla təltif olunmuş şəxslərin qəbul imtahanlarında göstərdiyi nəticələrinin təhlilini aparıb. Belə ki, 248 medalçıdan 3 nəfəri (1%) – 700 bal, 145 nəfəri (58%) – 600-699 bal, 49 nəfəri (20%) – 500-599 bal, 22 nəfəri (9%) – 400-499 bal, 12 nəfəri (5%) – 200-399 bal, 1 nəfəri – 140 bal toplayıb.
Təhsil eksperti Nazim Əkbərov
Modern.az-a açıqlamasında bildirib ki, bu nə yeni, nə də keçmiş nazirin təqsiridir. “Bu hələ sovet dönəmindən başlamış bir xəstəlikdir, medala aludəçiliyimizdən doğan bir nəticədir. Valideynlər məktəblərə gedib övladları üçün medal istəyir. Beləliklə, medalı aldırırlar və sonra nəticəsi bildiyimiz kimi olur. Əlbəttə, hamıya qara yaxmaq olmaz. Amma içərisində medal aludəçiliyi, mənəm-mənəmlik, təkəbbürlü olanlar da az deyil”.
N.Əkbərovun qızıl və ya gümüş medal alanlarla bağlı məlum nəticələrin idarəçilik qisminə aidiyyatı olmadığını vurğulayıb.
“Əsas məsələ məktəb rəhbərlərinin və valideynlərin tamahkarlığıdır. Əgər medalçı abituriyent qəbul imtahanında gedib 300 bal toplayıbsa, deməli, həmin şagirdin qiymətləri saxtadır”.
Aytən ƏLİYEVA