”Azərbaycanda əmək pensiyalarının baza hissəsinin 17,6 faiz artırılmasına dair sərəncamdan sonra əmək pensiyalarının baza hissəsi 128 ABŞ dolları təşkil edir. Bu göstəriciyə görə Azərbaycan MDB-də üçüncü yeri tutur. Qazaxıstanda əmək pensiyasının baza hissəsi 185 ABŞ dollar, Belarusda 129 dollar, Rusiyada 109,3 dollar, Ukraynada 111,8 dollar, Ermənistanda 31,7 dollar təşkil edir”.
Modern.az-ın məlumatına görə, bu sözləri Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov hakim Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində deyib
- Sərəncam təxminən 1 milyon 209 min 135 pensiyaçıya şamil olunacaq. Bu artımdan yararlanmayan qulluq stajına görə əmək pensiyasına əlavələr alanlar, yəni dövlət qulluqçuları, hərbi qulluqçular və digər bu kateqoriyaya aid pensiyaçıların sayı 63 min 431 nəfərdir. Onların pensiyaları "Əmək pensiyaları haqqında" Qanuna uyğun olaraq fərqli qaydada artırılır.
Pensiyanın baza hissəsini 100 faiz alanların, yəni 1 milyon 90 min nəfərin pensiyasının artımı 15 manat, bəzi kateqoriyaya aid olan pensiyaçılarda isə daha çox olacaqdır. Belə ki, pensiyanın baza hissəsini 120 faiz həcmində alan 15 min 580 nəfər üzrə artım 19 manat 50 qəpik, 200 faiz həcmində alan 7763 nəfər I qrup gözdən əlillər üzrə isə 31 manat 50 qəpik təşkil edəcəkdir. Milli qəhrəmanların ailə üzvlərinin pensiyasının baza hissəsi 30 manat artırılaraq 200 manata, şəhid ailəsi üzvlərinin pensiyasının baza hissəsi 27 manat 75 qəpik artırılaraq 185 manata çatacaqdır.
Döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının, habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi quluqçuların pensiyasının baza hissəsi 16 manat 50 qəpik artacaqdır.
Böyük Vətən Müharibəsi iştirakçılarının pensiyasının baza hissəsi 28 manat 50 qəpik, bu sıradan olan I qrup əlillər üzrə 37 manat 50 qəpik, II qrup əlillər üzrə 31 manat 50 qəpik, III qrup əlillər üzrə isə 28 manat 50 qəpik artırılacaqdır.
Əmək pensiyalarının baza hissəsinin artımının maliyyələşdirilməsi üçün ilin sonuna kimi təxminən 73,2 milyon manat əlavə vəsait tələb olunur ki, həmin vəsait Fondun büdcəsində nəzərə alınmışdır.
S.Müslümov deyib ki, görülən işlər nəticəsində Azərbaycanda yoxsulluğun səviyyəsi əhəmiyyətli dərəcədə azalıb. Belə ki, bu göstərici 2003-cü ildə 44,7 faiz təşkil etdiyi halda, hazırda 5,6 faizə düşmüşdür.
Qeyd olunan nəticələrin əldə edilməsində ölkənin sığorta-pensiya sisteminin köklü islahatı tədbirləri də mühüm rol oynayıb.
Onun sözlərinə görə, 2003-2013-ci illər ərzində əmək pensiyalarının orta aylıq məbləği 9,2 dəfə artaraq 18,4 manatdan 170 manata, minimum məbləği 7,1 dəfə artaraq 14 manatdan 100 manata, yaşa görə pensiyalar üzrə əvəzetmə əmsalı 29,3 faizdən 45 faizə çatdırılıb. Həyata keçirilən davamlı sosial müdafiə tədbirləri nəticəsində pensiyaçıların 97%-nin pensiya məbləği yoxsulluq həddinin üzərinə çıxıb. Qeydiyyata alınmış sığortaolunanların sayı təqribən 2 dəfə artaraq 1 milyon 303 min nəfərdən 2 milyon 581 min nəfərə çatıb. Bu dövrdə Dövlət Sosial Müdafiə Fondunun büdcəsində sosial sığorta haqları üzrə daxilolmalar 7 dəfə artaraq 223 milyon manatdan 1 milyard 550 milyon manata yüksəlib.
- «Əmək pensiyaları haqqında» Qanuna əsasən əmək pensiyaları baza, sığorta və yığım hissələrindən ibarətdir. Bu gün yalnız baza və sığorta hissələri real fəaliyyət göstərir. Üçüncü element - yığım hissəsi nə vaxt fəaliyət göstərəcək? Bunun üçün nə lazımdır və hansı tədbirlər görülür?
- Beynəlxalq təcrübədə bölüşdürücü-həmrəylik, yığım, habelə bu prinsiplərin kombinasiyasına əsaslanan pensiya sistemləri mövcuddur. Bölüşdürücü-həmrəylik sistemində hazırda işləyənlərin ödədikləri sosial sığorta haqqı hesabına cari pensiya xərcləri maliyyələşdirilir. Yığım sistemində hər bir şəxsin ödədiyi sosial sığorta haqqı onun fərdi hesabında real toplanır və müxtəlif investisiya proqramlarına yönəldilərək idarə olunur. Bu vəsait düzgün yerləşdirildikdə əlavə gəlir əldə edilməklə özü-özünü artırır, şəxs pensiya yaşına çatdıqdan sonra həmin vəsait hesabına onun pensiyası maliyyələşdirilir. Göstərilənlərlə yanaşı, həmrəylik və yığım sistemlərinin kombinasiyasından ibarət pensiya sistemləri də mövcuddur ki, həmin sistemlər bu iki prinsipin birgə tətbiqinə əsaslanır. Beynəlxalq təcrübədə Almaniya, Fransa və Finlandiyanın pensiya sistemləri bölüşdürücü-həmrəylik prinsipinə, Çili, Argentina və Qazaxıstanın pensiya sistemləri isə real yığıma əsaslanan sistemlər üçün nümunə kimi qəbul edilir. Böyük Britaniya, İsveç, Hollandiya, Polşa, Macarıstan, Rusiyanın pensiya sistemləri qarışıq tipli, yəni hər iki prinsipə əsaslanan elementlərin olduğu sistemlər kimi səciyyələndirilir.
Bölüşdürücü-həmrəylik sistemində iştirakçıların məsuliyyətinin artırılması zəruriliyi, real yığım sistemində isə hər bir şəxs üzrə açılmış hesablara toplanan real pul vəsaitlərinin pensiyaya çıxma vaxtınadək müxtəlif bazar təsirlərindən qorunmasındakı problemlər həmin sistemlərə dair klassik baxışların tədricən dəyişməsinə səbəb olmuşdur. Hazırda bu sahədə tendensiyalar bölüşdürücü-həmrəylik sistemlərində şərti, yəni real olmayan yığım prinsipinin gücləndirilməsi, real yığım sistemlərində isə şərti yığıma əsaslanan bölüşdürücü-həmrəylik sistemlərinə keçid istiqamətində inkişaf etməkdədir. Xüsusilə məcburi real yığıma əsaslanan pensiya sistemlərində maliyyə böhranı şəraitində baş verən ciddi problemlər, eləcə də bu sistemin tətbiqində nümunə hesab olunan Çili və digər Latın Amerikası ölkələrində tədricən bölüşdürücü-həmrəylik sisteminə keçid, qarışıq sistemə əsaslanan Polşa, Macarıstan və Rusiyanın pensiya sistemlərində məcburi real yığım komponentinin ixtisarı tədbirləri qeyd olunan tendensiyanı daha da gücləndirmişdir.
Azərbaycanda aparılan islahatlar qarışıq, yəni həmrəylik və yığım sistemlərinin kombinasiyasından ibarət pensiya sisteminin qurulmasını hədəfləyib. Hazırda əmək pensiyaları 2 hissədən- baza və sığorta hissələrindən ibarət təyin olunur və artırılır ki, bu da bölüşdürücü-həmrəylik funksiyası daşıyan şərti yığım sisteminə əsaslanır. Əgər ölkəmizdə həyata keçirilən pensiya islahatlarının məzmununa diqqət yetirsək, aydın görərik ki, məcburi real yığım komponentinin tətbiqində ehtiyatlı mövqe tutulmuşdur. Son dövrlər beynəlxalq təcrübədə məcburi real yığıma əsaslanan pensiya sistemlərində ciddi problemlərin meydana gəlməsi və bu əsasda həmin sistemdən tam və ya qismən imtina olunması meylləri Azərbaycan dövlətinin həyata keçirdiyi pensiya siyasətinin düzgünlüyünü bir daha təsdiqləyir.
Lakin bütün bunlarla yanaşı əhalinin etibarlı pensiya təminatına nail olunması məqsədilə əlavə təminata imkan verən mexanizmlərin formalaşdırılması da zəruridir. Bu baxımdan dövlət pensiya təminatı sistemində yığım komponentinin, eləcə də qeyri-dövlət pensiya institutlarının təşkili üçün məcburi deyil, könüllü sosial sığortanın tətbiqi daha məqsədəuyğundur. Bütün hallarda, yığım komponentinin hansı əsasda tətbiqindən asılı olmayaraq, köklü qanunvericilik bazası və mexanizmlər hazırlanmalıdır. Çünki burada ilk növbədə, yığım hesablarına toplanan vəsaitlərin şəxsin pensiyaya çıxma vaxtınadək müxtəlif bazar təsirlərindən qorunması və uzunmüddətli dövr üçün etibarlı gəlirə zəmanət verilməsi tələb olunur. Əks halda, pensiya təminatında yığım komponentinin tətbiqi, eləcə də qeyri-dövlət pensiya institutlarının fəaliyyəti könüllü sosial sığorta əsasında qurulsa belə, dövlət əhali qarşısında həmin sistemlərin təşviqinə görə məsuliyyət riski ilə üzləşir. Qeyd olunanlar nəzərə alınmaqla müasir standartlara uyğun qanunvericiliyin hazırlanması məqsədilə ötən dövr ərzində Fond tərəfindən Avropa Tərəfdaşlıq və Əməkdaşlıq Aləti çərçivəsində tvinninq layihəsi təqdim olunmuş və Avropa Komissiyası tərəfindən təsdiqlənmişdir. Hazırda həmin layihənin icrası prosesi davam etdirilir. Qeyd edilən layihənin reallaşdırılması ilə fərdi yığım hesabları vəsaitlərinin formalaşdırılması və idarə olunması, bu vəsaitlərin investisiyası üzərində inzibati və texniki nəzarət, qeyri-dövlət pensiya fondlarının yaradılması və fəaliyyətinin təşkili, qeyri-dövlət pensiyalarının təyini, maliyyələşdirilməsi və ödənilməsinin mexanizmlərinə dair normativ hüquqi baza hazırlanacaqdır.
- Xeyli vaxtdır gündəmdə olan iş yerlərinin və əmək haqlarının leqallaşması məsələsi ilə bağlıdır. Bu sahədə nəzərəçarpan irəliləyişlər varmı?
- Bu məsələ sığorta-pensiya sistemində daha geniş təsirə malikdir. Vətəndaşın iş yerinin qeydiyyata alınması onun gələcək pensiya hüququ, əmək haqlarının tam əks etirilərək sosial sığortaya cəlb edilməsi isə pensiya məbləği deməkdir. Buna görə də problemin həllində təkcə dövlət orqanları deyil, hər bir işləyən şəxs maraqlı və aktiv olmalıdır. Azərbaycanda qurulmuş pensiya təminatı mödeli, hər bir şəxs işlədiyi dövrdə sosial sığorta haqlarının tam ödənilməsinə nail olarsa, ona aldığı əməkhaqqının 65-70 faizini pensiya şəklində qaytarmaq iqtidarındadır. Özü də fərdi hesaba toplanan məbləğlər hər il inflyasiyaya uyğun indeksləşdirilir ki, bu da sistemin sosial sığorta haqqı ödəyiciləri qarşısında etibarlılığının nümunəsidir. Digər tərəfdən, bunun ümumi pensiya artımı tədbirlərinə də birbaşa təsiri var. Çünki bazar iqtisadiyyatı şəraitində sosial ödənişlərə yönəldilən vəsaitlər öz mənbəyini real iqtisadiyyatdan, daha konkret desək, əməkhaqlarının sosial sığortaya cəlb olunmasından götürməlidir. İqtisadiyyatdan sosial sığorta haqları şəklində toplanan vəsaitlər yenidən pensiya ödənişləri kimi geri qaytarılmalı, yəni maliyyələşmələr əlavə mənfi fiskal təsirlər yaratmadan aparılmalıdır. Bu məqsədlə həm iqtisadiyyatdakı əməkhaqqı məbləğlərinin tam uçota alınması, həm də sosial sığortalanmadan yayınmanın aradan qaldırılması vacib şərtdir.
Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Nazirlər Kabinetinin geniş iclasında konkret tapşırıqlar vermişdi. Ötən dövr ərzində həmin tapşırıqların icrası məqsədilə ciddi tədbirlər görülmüş, müvafiq orqanların birgə əlaqəli fəaliyyəti təşkil olunmuşdur. Dövlət Sosial Müdafiə Fondunun Vergilər Nazirlyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi ilə birgə həyata keçirdiyi tədbirlər nəticəsində son bir il ərzində 570 mindən çox sığortaolunan əlavə qeydiyyata alınmışdır. Bu isə öz növbəsində Fondun qeyri-büdcə daxilolmalarının həcminə öz təsirini göstərməkdədir.
Lakin qeyd etdiyim kimi, bu prosesdə hər bir işləyən şəxsin fəal iştirakı da vacib şərtdir. Fondun internet səhifəsi vasitəsilə hər bir şəxsə öz fərdi hesabında toplanan pensiya kapitalı barədə məlumatı maneəsiz əldə etmək imkanının yaradılması bu prosesin mühüm tərkib hissəsidir. Eyni zamanda, Fondda quraşdırılmış xüsusi avadanlıq vasitəsilə avtomatdaşdırılmış sistemdə olan hər bir sığortaolunanın fərdi hesabındakı məlumatların zərfdə məktub şəklində çap olunaraq öz sahibinə çatdırılmasına da başlanılmışdır ki, fikrimcə, bütün bunlar perspektivdə işləyənlərin öz işəgötürənləri üzərində ictimai nəzarətə təşviq edilməsini dahada gücləndirəcəkdir.
Modern.az