
Azərbaycan itirilmiş torpaqlarının geri qaytarılması istiqamətində səy göstərsə də, böyük dövlətlərin regionla bağlı toqquşan maraqları və bölgədə hegemonluq ambisiyaları Qarabağ münaqişəsinin həlli prosesini yubadır. Əslində Qarabağ probleminin çözümü ilə əlaqədar vasitəçilik missiyasını yerinə yetirmək üçün yaradılmış ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin Rusiya, ABŞ, Fransa olduğunu nəzərə alsaq münaqişənin Azərbaycan xeyrinə həlli barədə ürək açan proqnozlar vermək olmaz. Neçə ildir varlığı ilə yoxluğu hiss olunmayan ATƏT-in Minsk Qrupu yalnız daban-dabana zidd bəyanatlar verməklə kifayətlənir. Ona görə də münaqişənin nizamlanması üçün Qarabağ probleminin “həllini” möhtəşəm üçlüyün monopoliyasından çıxarmaq barədə də fikirlər səslənir.
Azərbaycan hakimiyyəti isə dəfələrlə bəyan edib ki, işğal olunmuş ərazilərimizin azad olunması üçün hərb variantı istisna olunmur. Lakin münaqişənin sülh danışıqları yolundan da imtina etmək niyyətində deyil. Rəsmi Bakının bu mövqeyini ara-sıra tənqid edən siyasi partiyalar, o cümlədən aparıcı müxalifət qurumları Qarabağ konfliktinin həlli üçün hansı təkliflərə malikdir?
Modern.az-ın ilk olaraq sorğuladığı Müsavat Partiyası başqanının mətbuat məsələləri üzrə müavini Mehman Cavadoğlu deyib ki, onların 2000-ci ilin əvvəlində münaqişə ilə bağlı qəbul olunan qərarları var. ““Uğur paketi” adlanan bu sənəddə münaqişənin nizamlanmasının bütün mərhələləri əks olunub”.
AXCP sədrinin müavini Razi Nurullayev bildirib ki, onlar sülh danışıqlarına üstünlük verirlər. “AXCP-nin mövqeyi Azərbaycan dövlətinin ortaya qoyduğu mövqedən heç də fərqlənmir. Biz sülh proseslərinə sadiqliyin tərəfdarıyıq”. Partiya rəsmisi qeyd edib ki, sülh prosesi Azərbaycanın mövqeyinin möhkəmləndirilməsinə xidmət etməlidir. “ATƏT-in Minsk Qrupu başda olmaqla beynəlxalq təşkilatlar münaqişənin həllində səbatsızlıq göstərirsə, Azərbaycan hərb yolu ilə torpaqları azad etmək imkanlarına malik olmalıdır. Buna görə də hakimiyyət beynəlxalq aləm və dost ölkələrlə işləməlidir ki, işğal altında olan torpaqları hərb yolu ilə azad etmək hüququnu özündə saxlaya bilsin. Amma bu gün Azərbaycanda bu hüquq yoxdur. Ölkəmiz müharibəyə başlayarsa, nələrin baş verəcəyini söyləmək çox da çətin deyil. Azərbaycan beynəlxalq təzyiq və sabotajla üzləşə bilər”.
AMİP-in beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayev söyləyir ki, partiyalarının əvvəldən Qarabağ məsələsinin həlli ilə bağlı bir mövqeyi olub. “Biz münaqişənin çözümünü hərbi-siyasi yolda görürük. Azərbaycan o qədər güclü hərbisi olmalıdır ki, bunun qarşılığında ölkəmizlə müharibənin uduzmağa gətirib çıxardığını görən Ermənistan danışıqlar və siyasi yolla məsələni müzakirə etsin. Buna görə də Azərbaycan güclü müasir silahlara malik Silahlı Qüvvələrə malik olmalıdır. Bundan başqa milli ruh lazımdır. Əks halda məsələnin danışıqlar yolu ilə həlli qəbul edilməzdir”.
ADP sədri Sərdar Cəlaloğlu isə hesab edir ki, müharibə variantı və siyasi danışıqlar yolu Qarabağ probleminin həll edilməsi yanlışdır. “Ən ədalətli variant hüquqi həllə söykənir. Hüquqi müstəvidə və beynəlxalq hüquqa uyğun olaraq Qarabağ problemi həll olunmalıdır. Siyasi danışıqlar yolu ilə yalnız Qarabağı itirə bilərik”, – deyə S. Cəlaloğlu vurğulayıb.
Aqşin KƏRİMOV