Modern.az

Akademik: "10-15 ildən sonra indi elmə gedən gənclər hamıdan yaxşı yaşayacaq” - MÜSAHİBƏ

Akademik: "10-15 ildən sonra indi elmə gedən gənclər hamıdan yaxşı yaşayacaq” - MÜSAHİBƏ

Aktual

7 Sentyabr 2013, 11:09

Akademik Telman Əliyev: “10-15 ildən sonra indi elmə gedən gənclər hamıdan yaxşı yaşayacaq”


Modern.az
saytı elm xadimləri ilə silsilə müsahibələrini davam etdirir. Elmi problemlərin qabardıldığı müsahibələr silsiləsinin bu dəfəki qonağı Azərbaycanı dünyada təmsil edən alimlərdən biri, Elmlər Akademiyasının Kibernetika İnsitutunun direktoru Telman Əliyevdir.

- Bu gün akademik Telman Əliyev Qərb, ümumuyyətlə dünya elminə nə dərəcədə tanışdır?

- 4 kitabım, monoqrafiyam var ki, onlar bütün dünyada qəbul olunub. Bu kitablar, Nyu-York London və Berlində çap olunub. Orda yeni nəzəriyyələr var. Qərbin bütün universitetlərində istifadə edilir. Hətta qərar da var ki, o kitablar dərslik kimi də istifadə edilsin. Kitabın üstünə yazılıb ki, dərs vəsaiti kimi istifadəsi tövsiyə olunur. Bu kitab “Şpringer” nəşriyyatında çap olunub. Yer kürəsində ondan hörmətli nəşriyyat yoxdu. Kitabın Londonda yenidən nəşr edilməsi  onu göstərir ki, iş uğurlu alınıb və  nüfuzlu nəşriyyat ayrı şəhərdə onu yenidən nəşr etdirib. Bu 4 monoqrafiyam kifayət qəfər güclü nonoqrafiyadır və bu gün də Qərbdə çap olunub yayılır.

- Bəs dünyada qəbul olunmuş patentlər necə...

- Bizim dünya patent təşkilatından aldığımız patentlər var. (Alim burda “biz” deyəndə  alimlər cəmini nəzərdə tutmur, sadəcə təvazökarlıq naminə “mən” demir, bütün patentlərin tək müəllifi özüdür-E.N.).
Patent çox ciddi məsələdir. Azərbaycanda hasil olan məhsulu dünyada tətbiq etmək istəyəndə mütləq onun patenti olmalıdır. O patentlər bizdə də var. Beynəlxalq patentlər və çoxlu sayda Avrasiya patentlərimiz var. Sovet vaxtında da müxtəlif aspektlərdə çox ciddi patentlərimiz olub. Bunların hamısı bütün dünyada  qəbul olunmuş patentlərdi. Kifayət qədər ciddi və effektiv işlərdi.

- Bəs dünyanın məşhur elm dərgilərində və konfranslarda tez-tez çıxış edirsiz?

- Dünyanın ən nüfuzlu elmi jurnallarında məqalələrimiz var. Həmin məqalələr ingilis dilində beynəlxaq jurnallara çap olunur ki, bu da onların dünya miqyasında qəbul olunduğunu göstərir. Daha sonra beynəlxalq elmi konfranslarda çıxış etmişəm. Son zamanları nəzərə alsaq, San-Fransiskoda Lütfi Zadənin 90 illiyində iştirak etmişəm. Bundan əlavə Skopye, Aşqabad və digər şəhərlərdə beynəlxalq elmi konfranslarda çıxışlarım olub. Yəni ki, Azərbaycandan kənarda  aktiv elmi fəaliyyətimiz var.

- Hansı universitetlərlə qarşılıqlı elmi əməkdaşlığınız var?

- Məsələn, Rusiyanın Bauman adına Universiteti ilə yaxşı əlaqələrimiz var. İki ildən bir onlarla konfrans keçiririk. Türkiyənin və Türkmənistanın universitetləri ilə qarşılıqlı əlaqəmiz var. Bu yaxınlarda Türkiyənin 9 eylül Universitetində konfransımız oldu. Türkiyənin başqa universitetlərilə də əlaqəmiz var. Amerikanın Kaliforniya və San–Fransisko universitetlərində müzakirələrimiz olub.

- Dünyanın hansı nüfuzlu alimləri ilə dostluq əlaqələriniz var?  Onların içinə xaricdə dərs deyən azərbaycanlılar varmı?

-
Bu dəqiqə hamısı yadıma düşmür. Lütfi Zadənin 90 illik yubileyinə getmişdik, orda bir çox tanış alimlərlə görüşdük, daha sonra Bauman adına Moskva Dövlət Texniki Universitetində elmi rəhbərim olan Solodovnikovun yubileyinə gedib dostluq əlaqəmiz olan alimlərlə görüşdük. Dünyanın bir çox yerlərində alimlərlə dostuq.

- Sizin Azərbaycanda yetəri qədər tanınmamağınız nə ilə əlaqədardır? Mediada da az-az görünürsünüz.

- Mənə müraciət çox olunur. Bu da bizim apardığımız işlərə görədir. İki istiqamətdə fəaliyyət göstəririk. Seysmoloji stansiyalar üzrə də işləyirik. Azərbaycanda 7 seysmoloji stansiya var. Bunları işıqlandırmaq üçün məndən dəfələrlə müsahibə götürüblər. İkincisi, biz neft quyularına nəzarət edən sistemlər yaradırıq. Bu çox böyük və ciddi bir işdir, bütün dünyada buna maraq  var. Biz onu “Şirvan Oyl”da 190, “Bibiheybət”də 35 quyuya tətbiq etmişik. Çox yaxşı iqtisadi səmərə verir. Onun səmərəsi o qədərdi ki, bütün obyektlərə tətbiq edilsə, Azərbaycan elminə qoyulan bütün xərcləri dəfələrlə ödəyə bilər. Bu barədə də televiziyada çıxış etmişəm. Bu səbəbdən televiziya və digər media orqanlarından şikayətçi deyiləm.

- Hazırda elmə qoyulan vəsait və göstərilən diqqət sizi qane edir?

- Burda iki tərəf var. Bizim özümüz aktiv olub dövlətə, cəmiyyətə elmin səmərəli olduğunu göstərə bilsək, diqqət də böyük həvəslə arta bilər. Təəssüf ki, biz alimlər hələlik bunu yaxşı göstərə bilmirik. O qədər də yaxşı çatdıra bilmirik. Ona görə də hamı elə fikirləşir ki,  elm gəlir gətirməyən bir sahədi. Bu səbəbdən elmi sahəyə çox vəsait ayrılmır. Yox əgər, biz özümüz sübut edə bilsək, onun iqtisadi səmərəsini göstərə bilsək, elmə qoyulan vəsait də artar. Bizdə ikitərəflidir. Əvvəlcə biz özümüzü dövlətə, cəmiyyətə göstərib onları inandırmalıyıq. Bizim şikayət etməyimiz düzgün deyil. Gərək əvvəlcə biz alimlər özümüz nəsə edək. Amma həqiqətən də vəsait çox az ayrılır.

- Bu gün Azərbaycanda kibernetika elminin potensialını necə görürsüz? 

- Kibernetika İnsitutunda çoxlu sayda elmi nəticələr alınıb. Bu nəticələr də dünya mətbuatında çap olunur. Bu pis deyil. Amma biz bunu real həyata, dövlətin inkişafı naminə tətbiq edək, bu hələ ki, çox çətindir. Müasir texnopatlarda işlərimizin tətbiq olunmasına ehtiyac var. Bunun üçün biz də çox çalışmalıyıq.

- Sonda elmə yeni gələn gənclərə tövsiyələriniz.

- İndi gənclər Azərbaycanda elmlə az məşğul olurlar. Amma gələcəkdə ən perspektivli istiqamətlərdən biri elmdir. Bir neçə ildən sonra bu say azalacaq. Amma gələcəkdə indiki gənclər görəcək ki,  kim elmlə məşğul olursa, onun maddi imkanı, vəziyyəti hamıdan yaxşıdır. 10-15 ildən sonra indi elmə gedən gənclər hamıdan yaxşı yaşayacaq. İndi elmə diqqət göstərməyən gənclər gələcəkdə peşman olacaq.

Elmin Nuri

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı