
Qobunun cəhənnəm, əzablı, əziyyətli, məşəqqətli günləri başladı... Dünən axşam külək əsər əsməz işığı söndürdülər və 8-9 saatdan sonra, səhər saat 11-də verdilər... Ötən gecə yağışın yağması bir bəhanə oldu... Gecə saat 12-yə işləmişdən keçən işıq mən evdən çıxana kimi, səhər saat 7-yə düz 5 dəqiqə qalmışa kimi hələ də yanmırdı...
Kənd (qəsəbə demək “qəsəbə” sözünə təhqirdir) deyil ki, xarabadır, xaraba... Allahın (özü günahımdan keçsin) da yadından çıxıb, bəzi nadürüst bəndələrinin də... Hər fədə yağışın yağması, küləyin əsməsi (bir azdan da qarın yağması) bizlərə sanki cəhənnəmi yaşadır... Saatlarla, hətta, bəzən günlərlə işıq olmur-artıq barmaqlarım da "mozol" olub Abşeronun işıq idarəsinin rəisi Faiq müəllimə və "Azərenerji"də işləyən dəyərli həmkarım Fəridə xanıma zəng, xahiş etməkdən, mesaj yazmaqdan... Elə gün olur ki, hər ikisinə 10 dəfə, 20 dəfə zəng etmişəm, mesaj yazmışam... Çünki işığın sönməsi (çox zaman qəsdən söndürülməsi) onlardan savayı heç kimi maraqlandırmır...
3 ildir Abşeron qaz idarəsinə, "Azəriqaz"a zəng etməkdən, yalvarmaqdan da bezmişəm... Sanki olmayan vicdanları susub, manyaklaşıblar... Bizim küçəyə - ətrafa qaz verilməsinə baxmayaraq - hələ də qaz xətti çəkməkdən müxtəlif bəhanələr gətirməklə yayınırlar... Səbəbini də izah etməyə ehtiyac yoxdur... Özünüz yəqin ki, başa düşdünüz...
Aprel ayından kəndə su xəttinin çəkilməsi ilə Qobunun olan-qalan yollar-izləri də lap bərbad günə düşüb... Kənd, qəsəbə sanki müharibədən çıxan xarabazarlığı xatırladır...Külək əsəndə evin, marşrutun icində tozanaqdan durmaq, nəfəs almaq olmur... Yağış yağanda palçıqdan, zığdan, çamurdan yerimək nədir, addım atmaq, təprənmək belə, olmur.. .Palçıq deyil saqqızdır saqqız... Adamı yeriməyə imkan vermir, üst-baş, ayaqqabı it kökünə düşür... Necə ki, bu gün (təkcə bu günmü-artıq 7 ildir) evdən çıxmağıma peşman oldum... Üstüm-başım, ayaqqabım elə gündədir ki, adam içinə çıxmağa utanarım, utandım, xəcalət çəkirəm, çəkdim... Mən özüm cəhənnəm ( artıq öyrəncəliyəm) iki qız övladımın halı, vəziyyəti məni daha çox narahat edir... Onlar yenə də ayaqqabılarına sellofan torbalar taxıb palçığı, zığı yara-yara dərsə getmək məcburiyyətində qalacaqlar, məcburiyyətindədilər...
Heç nə demirəm, bu əzabı, bu cəhənnəmi illərdir bizlərə, Qobu sakinlərinə yaşadanları görüm cəhhənnəm odunda yansınlar... İnsanlara-hətta, mənə pislik edənlərə belə, heç zaman zərrə qədər də pislik etməmişəm, etməsəm də, ancaq artıq bəzi şərəfsizlərə, cabahdeh məsul şəxslərə deməyə bundan artıq sözüm qalmır!!!
Kamil Həmzəoğlu