
1990-cı il 20 Yanvar faciəsinin 24-cü ildönümü tamam olur. 24 il əvvəl törədilən bu faciə insanlığa qarşı yönəlmiş qatı cinayət hesab olunur. Ona görə ki, həmin hadisəni törədən keçmiş SSRİ ordusu Bakıda təkcə yanvarın 19-dan 20-nə keçən gecə deyil, sonrakı günlərdə də soydaşlarımızın qətliamından vaz keçmirdilər.
Yanvar faciəsinin qurbanlarından Svetlana Məmmədovanın həyat yoldaşı Nəriman Məmmədov hadisə ilə bağlı acı xatirələrini Modern.az-a danışıb. “Dəhşətli bir gün idi. 90-cı il yanvar ayının 24-ü idi. Sveta xanım işə gedirdi.
“Jiquli” markalı maşında iki qadın, üç kişi olublar. Ceyranbatan qəsəbəsinə gedən yolda azğınlaşmış sovet ordusunun hərbçiləri BTR-lə maşının üstünə çıxıb əzmişdilər. Mənə zəng vurub bildirəndə ora getdim. İki nəfər-Svetlana xanımla İbrahim müəllim yerində keçinmişdi. İsmayıl Mursaqulov isə yaralanmışdı. Sumqayıt xəstəxanasının reanimasiya şöbəsində 6 gün qaldıqdan sonra o da keçindi. Svetlana xanımı Şəhidlər Xiyabanında dəfn etdik. Familə xanımla İdris müəllim sağ qalıblar. Hazırda yaşayırlar”.
Nəriman müəllim bidirdi ki, Sveta xanım polimer sahəsində ilk qadın “Kimya elmləri doktoru” idi: “Moskvada müdafiə etmişdi. Bir ay əvvəl doktorluq diplomunu almışdı. Hədddindən artıq yüksək səviyyəli, savadlı insan, qayğıkeş ana idi. Bir övladımız var. Kəmalə xanım. Hazırda universitetdə dərs deyir, həm də Prezident Aparatında sektor müdir vəzifəsində çalışır. 3 nəvəmiz, 3 nəticəmiz var. Adını əbədiləşdirmək üçün Binəqədi rayonundakı küçəyə “Svetlana Məmmədova “adını veriblər”.
20 Yanvar qurbanı Saleh Poladinin anası Poladi Gülbahar Xəlil qızı övladını acı bir ürək yanğısı ilə xatırladığını bildirdi: “Arzuları məhv oldu. Salehim gözəl bala idi, heç vaxt sözümdən çıxmazdı. 21 yaşı vardı, ömrünün ən gözəl çağları idi. Özümü unudub, ömrümü ona həsr etdim. Bir dəqiqə olsun gözümdən qoymmurdum onu. İlk dəfə hadisə baş verən gün sözümə baxmadı. Allah bilən məsləhətdir. Həmin günün qorxusu hələ də məndə qalır. O gecə dəhşət idi. Mən müdhiş gecənin iştirakçısıyam. Saleh məndən ayrılıb metronun yanına getdi. Dedi: “Ana sən get evə. Nə qədər elədim evə getmədi, hava çox soyuq idi. “Salyanski kazarma”dan atəş aça-aça gəldilər. Ən nəhəng tanklar Biləcəri tərəfdən gəldi. “Qızıl ordu” meydanının, metronun yanı adamlarla dolu idi. Mən hardan biləydim ki,insanları qırmağa gələcəklər. Adını əbədiləşdirmək üçün oxuduğu 159 saylı orta məktəbə onun adını verdilər”.
20 Yanvar faciəsinin qurbanlarından Yusif Sadiqovun atası Allahverdi Sadiqov övladının ölümünün əbədiləşdirilməməsindən gileyləndi. O, Yusifin uşaqlıq illərini xatırlayır:
“Yusif çox savadlı idi. Ermənistanda doğulmuşdu. Daşnaklar Qorbaçovun əmri ilə bizi oradan qovdular. 1988-cilin dekabrından Bakıya gəldik. Burada yaşamağa başladıq. 1981-ci ildə imtahan verdi “Mexanika və riyaziyyat” fakültəsinə qəbul oldu. Yusif iki il ard-arda Azərbaycanda institutlar arasında keçirilən riyaziyyat olimpiadasında birinci yeri tutdu. Daha sonra Vilnüsdə, Moskvada da birinci oldu. 1985-ci ildə oranı fərqlənmə diplomu ilə bitirdi. Aspiranturaya qəbul oldu. Akif Hacıyev (Cəfər Xəndanın oğlu) elmi rəhbəri idi. Bütün işləri yenicə qaydasına düşürdü ki, bu faciə baş verdi. Hələ bundan əvvəl dəfələrlə Qarabağdakı döyüşlərə getmək istəmişdi, amma anası mane olmuşdu. Onda oğlum dedi ki, ata mən getməyim, sən getmə, bəs vətəni kim qoruyacaq? Nə isə, birtəhər onu fikrindən yayındırdıq. Faciə baş verən günü axşam sovet daşnakları televiziyanı partladandan sonra Yusif evdə idi. Biz yatandan sonra atəş səsləri eşidiləndə, qapını arxadan bağlayıb özü getmişdi. O gedişlə də Yusifi itirdik. Onda Yusifin 26 yaşı vardı. Bu il yanvarın 21-də 50 yaşı tamam olacaqdı. Amma təəssüf ki, indi Yusifin adını əbədiləşdirmək üçün nə bir küçə, nə bir məktəb, nə də başqa bir şey yoxdur. Heç bir status verilməyib. Belə olmaz. Bundan çox narazıyıq”.
Gülşən Raufqızı