Yaradıcılıq – bizim Yer üzündə varlığımıza məna qatan və şüurumuzu insanı yüksəldən xüsusi bir məzmunla zənginləşdirən paradoksal bir hadisədir.
Səməd Seyidov
Yol. Bu yol bir həyat yolu, bir ömür yolu, bəlkə də bir tale yoludur. İnsan bu dünyaya gəldiyi andan bir yol alır, həyatın bu keşməkeşli, ağrılı-acılı, sevincli-kədərli, işıqlı, həm qaranlıq, həm də nurlu-ziyalı və şərəfli yolunda addım-addım irəliləyir. Bəzən bu yol insanı ən uca zirvələrdən ən çətin sınaqlara, bəzən də sınaya-sınaya ən uca zirvələrə aparır. Bu da bir yoldur, sınaq yoludur. Həyatın həm acılı, həm şirinli, ömür yolu adlandırdığımız, həzən dolanbac, bəzən də rahatlıqla keçilən yollarında dünya yaranışından yol gəlir insan. Mənasını axtaran da, dəyərini anlayan da, öz yolunu tapan da, tapmayan da, bu dünyadan doyan da, doymayan da - hamı YOL gedir. Lakin hərənin taleyinə, bəxtinə yazılan, qismətinə düşən bu yolu hamı şərəflə, mərdliklə, düzlük və cəsarətlə gedə bilmir. Bəzən illər keçir, arxaya boylanaraq öz həyat yoluna nəzər salır insan. Yoldan yollara boylanır. Amma hər insanın taleyinə, ömür yoluna bu qisməti, taleyi şərəflə yaşamaq, ziyası ilə həm öz ömür payını, həm öz heyat yolunu işıqlandırmaq, həm də digərlərinin yoluna işıq salmaq missiyası düşmür. Bu işıqlı yolda bir də Vətənə xidmət, ziyalı ömrünü yaşamaq, bir də insanları işığa, maariflənməyə, aydınlığa səsləmək var.
O, artıq 14 ildir, Azərbaycan Dillər Universitetinə rəhbərlik edir. O, dəyərli rəhbər, alim, ziyalı, dərin bilik sahibidir. Universitet rektoru olmaqla bərabər, ölkənin ictimai-siyasi həyatında bir alim və vətəndaş kimi də öz bacarığını əsirgəmir. Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında bu gün də yorulmadan öz yolundan dönmür. Ona “Xarici siyasətimizn Topçubaçovu” da deyirlər. Rektor, professor Səməd Seyidov bu gün 50 illik yubileyini qeyd edir. Onun həyat yolunda qazandığı hər bir uğurun onun ömür yolunun hər səhifəsində izi var.
Xalqının, bütövlükdə bəşəriyyətin gələcəyi, onun əxlaqi kamilliyi, qazandığı elmi yalnız insanlığın xeyrinə istifadə etmək amalı Səməd Seyidovun düşüncəsinin mayasıdır. Bu da təsadüfi deyil. Necə deyərlər, “Ot kökü üstə bitər.”
Səməd İsmayıl oğlu Seyidov 1964-cü il yanvarın 18-də Bakı şəhərində anadan olmuşdur. 1971-1981-ci illərdə orta məktəbdə, 1981-1986-cı illərdə Leninqrad Dövlət Universitetinin (LDU) Psixologiya fakültəsində təhsil almışdır. S. Seyidov öz bilik və bacarığı sayəsində tezliklə universitetin qabaqcıl tələbələrindən olmuş, II kursdan fəal elmi işlə məşğul olmağa başlamışdır. O, hər il tələbə elmi konfranslarında maraqlı çıxışlar etmişdir. Fəallığına görə hələ I kursda oxuyarkən qrupun elmi işlərinə cavabdehlik ona tapşırılmışdı. II kursda fakültə komsomol komitəsinə, III və IV kurslarda fakültə həmkarlar təşkilatı bürosuna üzv seçilmiş, IV kursda TEC-də social psixologiya bölməsinə rəhbərlik etmişdir. Universiteti fərqlənmə diplomu ilə bitirən S. Seyidov təyinatla 1986-cı il avqustun 18-də SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun psixologiya kafedrasında laborant kimi fəaliyyətə başlamış, dekabrın 15-dən isə LDU-nun əyani aspiranturasına qəbul olmuşdur.1989-cu ilin oktyabrın 25-də nəinki Azərbaycanda, hətta bütün SSRİ-də çox az işlənmiş, lakin mühüm əhəmiyyət kəsb edən bir mövzuda – “Şəxsiyyətin istiqaməti qrupda yaradıcı fəallığın ilkin şərti kimi” mövzusunda namizədlik dissertasiyasını vaxtından əvvəl müdafiə etmiş və 1990-cı il fevralın 28-də təsdiqini almışdır. Onun elmi axtarışlarının əsas istiqamətləri yaradıcılığın psixoloji problemlərinin, şəxsiyyətin yaradıcılıq fəallığının spesifik xüsusiyyətlərinin, social psixologiyanın, fəlsəfi anlamın, qrupda şəxsiyyətlərarası münasibətlərin və şəxsiyyət statusunun yaradıcılıq fəallığına təsirinin, şəxsiyyətin yaradıcılıq qabiliyyətinin etnopsixoloji aspektlərinin və s. məsələlərin öyrənilməsindən ibarətdir. Onun 1994-cü ildə çapdan çıxmış “Yaradıcılığın social psixologiyası” monoqrafiyası və ondan əvvəl dərc etdirdiyi “Pedaqogika və yaradıcılıq səviyyələrinin konsepsiyası”, “Uşaqlarda yaradıcılıq və intellektual qabiliyyətlərin formalaşması və onun diaqnozunun müəyyənləşdirilməsi”, “Qrupda şəxsiyyət statusunun yaranmasının determinantı”, “Yaradıcılığın pedaqoji və social psxiologiyası” və s. məqalələri respublikamızda psixologiya elminin işlənilməmiş bir sahəsini yüksək peşəkarlıqla tədqiq edən və parlaq gələcəyi olan bir alimin formalaşmasından xəbər verirdi.
1989-cu ilin dekabrında yenidən APXDİ-nin psixologiya kafedrasında müəllim kimi pedaqoji fəaliyyətini davam etdirən S. Seyidov 1992-ci ildə baş müəllim seçilmiş, 1994-cü il sentyabrın 1-də birinci prorektor vəzifəsinə təyin olunmuş və psixologiya kafedrasının dosenti seçilmişdir.
Səməd Seyidov intensiv elmi axtarışlarının nəticəsində 1995-ci ildə Bakı Dövlət Universitetində “Yaradıcılığın social psixologiyası” mövuzunda doktorluq dissertasiyası müdafiə etmiş və 1996-cı il fevralın 16-da təsdiqini almışdır. O, insanın ən mühüm keyfiyyətlərindən biri olan yaradıcılığın fəallığını tarixilik baxımından bütün incəliklərinə qədər öyrənməklə və apardığı eksperimentlərin nəticələrini dərin elmi-psixoloji təhlil etmək yolu ilə bu ciddi problemin müasir dövrdəki vəziyyətini və inkişaf perspektivlərini məharətlə aça bilmiş, yaradıcılıq fəallığını formalaşdıran, hərəkətə gətirən əsas daxili mənbələri respublikada ilk dəfə özünəməxsus original metodlarla şərh etmişdir.
1999-cu ildə professor elmi adına layiq görülmüş Səməd Seyidov 2000-ci ildə sosial psixologiyada hadisəyə çevrilmiş “Menecmentin psixologiyası” adlı dərs vəsaitini çap etdirib. Əsər nəinki psixoloq alimlərin, eləcə də böyük bizneslə məşğul olan rəhbər insanların, işgüzar adamların dərin rəğbətini qazanıb.
Professor Səməd Seyidov 2000-ci ilin aprel ayının 4-də Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Dillər Universitetinin rektoru təyin olunub. Bu, dövlət başçısının 36 yaşlı gənc kadra göstərdiyi böyük etimad idi və təbii ki, onu doğrultmaq lazım idi. Qarşısına qoyulmuş vəzifələri ləyaqətlə yerinə yetirmək məqsədilə gənc rektor qısa zaman çərçivəsində bu istiqamətdə gərgin zəhmətin, aparılmış prinsipial və məqsədyönlü işin, düzgün qurulmuş idarəetmə siyasətinin nəticəsində buna nail olmuşdur.
Səməd Seyidovun yaradıcılığında mühüm yer tutan onun bədii-fəlsəfi əsərlərini- “Yaradıcılığın fenomenologiyası: tarix, paradokslar, şəxsiyyət”(Phenomenology of Creativity: History, Paradoxes, Personality"), “Psixoloqiya v stixax i…” (Psixologiya şeirlərdə və...) adlı kitablarını da qeyd etmək yerinə düşərdi. Heç də təsadüfi deyil ki, yeganə azərbaycanlı müəllif kimi onun “Yaradıcılığın fenomenologiyası: tarix, paradokslar, şəxsiyyət” kitabı dünyanın məşhur “amazon.com” saytında ən çox maraq göstərilən 100 ən yaxşı əsər siyahısına düşüb. O cümlədən qeyd edək ki, “Yaradıcılığın fenomenologiyası: tarix, paradokslar, şəxsiyyət”(Phenomenology of Creativity: History, Paradoxes, Personality) adlı kitabı ABŞ-da və Böyük Britaniyada ingilis dilində nəşr olunub və məşhur amazon.com saytında yayımlanıb. Məşhur və nüfuzlu amazon.com saytında professor Səməd Seyidovun müəllifi olduğu kitabın yayımlanması bir azərbaycanlı alimin, ziyalının uğuru kimi qiymətləndirilməlidir . Sözügedən kitab ilk dəfə 2009-cu ildə rus dilində nəşr olunub. Xatırlatmaq yerinə düşər ki, həmin əsər 2011-ci ildə Azərbaycan dilində də çap olunub. Bununla yanaşı, professor S. Seyidov yerli və beynəlxalq nəşriyyatlarda çap edilmiş 100-dən çox elmi məqalənin, dərslik və monoqrafiyaların müəllifidir. Psixologiya elmləri doktoru, professor Səməd Seyidov Beynəlxalq Psixoloqlar Assosiasiyasının üzvüdür. Gürcüstan Təhsil Elmləri Akademiyasının fəxri akademiki, Latviya Elmlər Akademiyasının Beynəlxalq Alimlər Şurasının və ABŞ Psixoloqlar Assosiasiyasının üzvüdür. O, Azərbaycan və Fransa arasında humanitar və elmi əlaqələrin inkişafındakı töhfələrinə görə 2011-ci ildə Fransanın Fəxri Legion Ordeni ilə təltif edilib.
Böyük rus yazıçısı Anton Çexov həyat haqda fikirlərini belə şərh edirdi :” Həyat bir andır. Onu əvvəlcə qaralamada yaşamaq, sonra isə ağlamaya köçürmək olmur”. Bəli, həyatda ancaq şərəfli ziyalı ömrü yaşayan insanların həyat səhifələrinin vərəqləri qarasız, təmiz və nurlu olur. Çünki alimliyin ziyası, müəllimliyin işığı düşür ömür yoluna.