Modern.az

Deputat: “Həbsdən çıxanların məşğulluq məsələsi çox ciddi problemdir”

Deputat: “Həbsdən çıxanların məşğulluq məsələsi çox ciddi problemdir”

Aktual

18 Fevral 2014, 11:30


“Həbs müddəti bitən məhbusların cəmiyyətə yenidən qazanılması üçün reabilitasiya müddəti nəzərdə tutulur. Bu, Ədliyyə Nazirliyi ilə yanaşı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin proqramında da öz əksini tapıb. Bundan başqa, “Hüquq dünyası” təşkilatı məhbus həyatı yaşayanların sənədlərinin hazırlanması  və reabilitasiya proqramları ilə bağlı layihələr hazırlayıb”.
Bunu Modern.az-a “Təmiz Dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova həbsdən çıxan insanların reabilitasiya məsələsini şərh edərkən deyib.

Onun bildirdiyinə görə, həbsdən çıxdıqdan sonra reabilitasiya proqramı özünü doğrultmur, vaxt itkisi olur: “Düşünürəm ki, bu cür proqramlar həbsxana daxilində şəxsin azadlığa buraxılmasından 3 ay öncə  həyata keçirilməlidir, burada yalnız hüquqşünas yox, psixoloq da olmalıdır. Sosial işçilərin həbsxanada olması şəxsin ehtiyaclarının qiymətləndirilməsi, onun sənədlərinin hazırlanması, onun öz evinə qayıdıb-qayıda bilməyəcəyi məsələsi çox önəmlidir. Yalnız bu halda onun cəmiyyətə inteqrasiyası ağrısız keçə bilər. Şəxs həbsxanadan çıxıb evinə döndüyü zaman cəmiyyət, ailə onu qəbul etmədikdə onun psixoloji gərginliyi daha da artır. Bir çox məhbuslar təkrar cinayət törədib həbsxanaya qayıdır. Bunun əsas səbəbi cəmiyyətdə özünə yer tapmaması, özünü təsdiq edə bilməməsidir. Bütün bunlar nəzərə alınmalı, həbsxanalarda sosial işçilərin işləməsi tendensiyası, nəhayət öz əksini tapmalıdır. Yəni, sosial işçi həmin şəxsin bütün ehtiyaclarını qiymətləndirib, addım-addım onun problemlərinin həllində, icma, ailə, yaxud cəmiyyətlə bağlı iş aparmalıdır. Həmin şəxslərin peşə bacarıqları yoxdursa, onların hazırlanması ilə də bağlı iş görülməlidir”.

M.Zeynalovanın sözlərinə görə, qadın həbsxanasında bəzi peşə bacarıqları öyrədilir: “Amma onun həyata keçirilməsi üçün mühitin yaradılması əsas şərtdir. Biz keçmiş standartlardan əl çəkib yeni standartlarla işləməliyik. Həm sosial xidmət haqqında, həm də məhbuslarla bağlı qanunvericilik aktlarında bir sıra məqamlar var, onları tətbiq etməyin vaxtı çatıb. Düşünürəm ki, yeni model yanaşmaları ortaya qoymalıyıq”.

Birliyin rəhbəri bildirir ki, həbsə düşənlər arasında kişilər üstünlük təşkl etdiyindən, təkrar cinayət törədib qayıdanların da çoxu kişilər olur:

“İstənilən halda cinsindən asılı olmayaraq bütün məhbuslara sosial və reabilitasiya proqramları tətbiq edilməlidir. Biz məhbusa cəmiyyətdən təcrid olunan insan, ona məhv olmuş bir tərəf kimi baxmamalıyıq. Biz istənilən şəxsin cəmiyyətə inteqrasiyasına şərait yaratmalıyıq. Mükəmməl proqramlar işləyib hazırlamalıyıq ki, həmin insanlar özlərini cəmiyətə lazımlı hesab etsinlər. Kimsə affekt vəziyyətində cinayət törədə bilər. Hamı dünyaya saf gəlir. Mühit insanın cinayətkara çevrilməsinə təsir edə bilər. Ola bilər manyakdır, o zamasn onun müalicəsinə səy göstərmək lazımdır. Buna görə də sosial vəziyyəti qiymətləndirən insan, psixoloqla işləmək lazımdır. Biz məsələyə yalnız hüquqi tərəfdən yanaşırıq. Şəxsin özünün reabilitasiya və inteqrasiya məsələsi kifayət qədər mükəmməl  işlənmir. Sosial xidmət haqqında qanuna əsasən həbsxanalarda psixoloqlar olmalıdır”.

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev hesab edir ki, cinsindən asılı olmayaraq həbsxanaya düşmüş insanlar cəmmiyyətdə birmənalı qəbul edilmir: “Bu, özünümüdafiə instiktindən irəli gələn prosesdir. Adamların həbsxanaya təsadüfən, yaxud ciddi cinayətdən sonra düşməsini cəmiyyət bir o qədər araşdırmağa meylli deyil. Ona görə də həbsdən çıxan insanlarla təmasdan belə çəkinirlər. İstər işəgötürən, istərsə də ictimai münasibətlər qurmaq istəyən tərəf ehtiyatlı davranır. Bu, əslində normal yanaşmadır. Bu, başqa cəmiyyətlərdə də belədir. Lakin həbsdən çıxan insanların cəmiyyətə inteqrasiyası ilə bağlı bütün dövlətlərdə, o cümlədən Azərbaycanda da lazımi sosial ictimai, hüquqi tədbirlər həyata keçirilir. Birinci növbədə onların psixoloji yardıma ehtiyacı var. Məşğulluq məsələsi çox ciddi problemdir. Əgər onların hər hansı peşəsi yoxdursa, ona bir peşənin öyrədilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müvafiq iş aparmalıdır. Onların məşğulluğu təmin edilməlidir”.

Musa Quliyev hesab edir ki, cinayətkarlığın böyük əksəriyyəti iqtisadi təminatın istənilən səviyyədə həyata keçirilməməsi və məşğulluğun təmin olunmaması ilə bağlı olur: “Həbsdən çıxdıqdan sonra onların daimi yaşayış yeri yoxdursa, onlar üçün reabilitasiya mərkəzləri tikilməlidi”.

Millət vəkili bildirir ki, hazırda Qobustanda onlar üçün reabilitasiya mərkəzinin inşasına start verilib: “Düşünürəm ki, bir ilə hazır olacaq. Həmin insanlar burada 1 il ərzində reabilitasiya müdətti keçib, cəmiyyətə adaptasiya olunacaqlar. Burada cəmiyyətin də üzərinə öhdəliklər düşür. Cəmiyyətin öz-özünü təmizləməsi , cinayətkarlığa məruz qalmaması xatirinə bu işlər görülməlidir. Cəmiyyət deyəndə, həbsdən çıxan insanın yaxınları, qohumları, yaşadığı yerin bələdiyyə idarəsi, kənd üzrə nümayəndəsi nəzərdə tutulur. Qeyri-hökumət təşkilatlarının da bu prosesdə rolu olmalıdır. QHT-lər isə bizdə daha çox hüquq müadafiəçiləri timsalında təmsil olunur”.

Gülşən Raufqızı

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı