Modern.az

Yazaq, amma, yaralı qəlbləri qanatmayaq

Yazaq, amma, yaralı qəlbləri qanatmayaq

Aktual

6 Aprel 2014, 17:28

Namidə BİNGÖL
 
İstər suçlu olaq, istər güclü. Cəmiyyətdə qınaq obyektinə tuş gəlməyi çox vaxt həzm edə bilmirik. Amma reallığın ərsəyə gətirdiyi mənzərə heç vaxt ürəkaçan olmur. Bu barədə bir az sonra daha ətraflı danışacam.
 
İndi isə yola saldığımız həftənin əsas hadisələrinə qısa nəzər salaq. Milli Məclis plenar iclasın keçirilməsi ilə yadda qaldı. Yenə də dəyərli millət vəkillərimiz bir araya gəldi. Ürəkləri sözlə dolu olan hər kəs bir avaz oxudu. Amma, millət vəkilimiz Etibar Hüseynovun avazı bir az xışıltılı eşidilirdi. Buna səbəb keçən həftə qaçqın və köçkünləri kobud şəkildə təhqir etməsi idi. Guya həmin insanların mədəniyyəti yoxdur, onlar görmədiklərini Bakıda görüblər və daha nələr, nələr… Bu sözlər də hər bir qarabağlının ürəyinə tikan kimi sancılmışdı. Yəni böyük səs-küyə səbəb olmuşdu. Ona görə də dilinin bəlasına düşən Etibar Hüseynov Milli Məclisdə qarabağlılardan üzr istədi. “Gərək elə deməyəydim”. Burda deyiblər, “şeytana lənət”.
 
Millət vəkili Fazil Mustafa isə Etibar Hüseynovdan fərqli olaraq, heç kimdən üzr istəmədi. Sadəcə, Təhsil Nazirliyinin iyun ayında dərslərin 3 həftə uzadılmasını məqsədəuyğun hesab etmədi. Bu səbəbdən də buna kəskin şəkildə etirazını bildirdi. Fazil müəllimin təklifinə görə, dərslər sentyabrın 1-də başlasa, daha yaxşı olar. Deyirəm, Fazil müəllim, vallah, Azərbaycanda təhsilin vaxtını uzadıb kəsməklə heç nə dəyişmir. Nə fərqi var. Ürəyi istəyən axşam saat 9-da da repetitor yanında olur.
 
Həmçinin, yola saldığımız həftə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri ilə də yadda qaldı. Türkiyədə keçirilən bələdiyyə seçkilərində qələbə çalan Ədalət və İnkişaf Partiyasının (AKP) sədri ilk xarici səfərini Azərbaycana etdi. Ərdoğan prezident İlham Əliyevlə də görüşüb. Görüş zamanı “nurçular”la bağlı məsələ müzakirə olunub. Hər iki ölkədə “nurçular”ın təhlükəli olduğu dilə gətirilib. Həmçinin, prezident İlham Əliyevə Azərbaycanda olan “nurçular”ın siyahısı təqdim edilib.
 
Yola saldığımız həftə, Kəlbəcərin növbəti işğal tarixini qeyd etdik. Bəli, indi nə 1993-cü ildir, nə də əliyalın kəlbəcərli var. Dəyişən zamanın sağalmayan Kəlbəcər yarasına daha yas da saxlamırıq.
Kəlbəcər də daxil olmaqla digər rayonlarımızın işğal tarixini yaxşı xatırlamıram. Amma, uşaq təxəyyülümdə bir hadisəni həmişə xatırlayıram. Dəqiq deyə bilmərəm hansı rayonumuzun işğal günü idi. Qonşu qadınlarla anamın söhbətlərini eşidəndə aydın olurdu ki, ermənilər bizim tərəflərə də gəlsə (halbuki, keçmiş Əli-Bayramlı, indiki Şirvan şəhərinin işğalı ağlabatan deyildi. N.B) anam qarışıq bütün qadınların son ümid yeri bulanıq Kür çayı olacaqdı. Uşaq olduğumdan erməninin hücumuna görə ölümü gözə almağın nə demək olduğunu dərk edə bilmirdim. Savadı, geniş dünyagörüşü olmayan bu Azərbaycan qadınlarının erməni əlinə keçməkdənsə ölməyi tərce etməsi illər sonra çılpaqlığı ilə aydın oldu.
 
Torpaqlarımızın işğal ildönümlərinin ilk illərində torpağımıza da, məcburi köçkünlərimizə də yanaşmamız fərqli idi. Hər Novruzda bir diləyimiz var idi. İnşallah, gələn il Novruz bayramını Kəlbəcərdə, Laçında, Şuşada, Ağdamda, Cəbrayılda, Xankəndində, Xocalıda, Qubadlıda, Füzulidə keçirək. İndi, daha inşallah da demirik. Sadəcə, torpaqlarımıza sahib çıxa bilmədiyimizə görə əliyalın köçkün düşənlərimizi günahlandırırıq. Zatən, gücümüz onlara çatmırmı?!

Kəlbəcərdən olan məcburi köçkünlə söhbət edərkən deyir, 30-40 qız-gəlin erməni barmağının onlara toxunmaması üçün özlərini dağdan aşağı atıblar. Əslində, yüzlərlə belə faktlar var. Bir az da keçmişimizə nəzər salsaq, qeyrətli oğul və qızlarımızın necə qəhrəmanlıq göstərdiklərini görərik. Sadəcə, bu gün namərd gülləsi önündə pəhləvanlıq sözünü deyə bilmir. Baltanın dili silahın qarşısında susur. Deməli, üzümüzü tutub sözümüzü dediyimiz kəlbəcərlilər də öncədən planlaşdırılan torun çarəsiz sakinləri idi.

Nə yazıq ki, tariximizin videolentinə qara ləkə kimi düşən kadrlardan qaça bilmədik. Elə həmkarım Ləman Ələşrəfqızının Kəlbəcərlə bağlı reportajı da birmənalı qarşılanmadı. Demirəm ki, mən yazmayım, Ləman yazmasın, Mirşahin yazmasın. Yazaq, amma, yaralı qəlbləri qanatmayaq. Əslində, həmkarımı da başa düşürəm. İlin 365 günü bahalı restoranlarda toy edirik, Məleykə Əsədovanın villalarına ağzımızın suyu axa-axa baxırıq, 200 minlik maşınla Bakı küçələrində şütüyürük. Yalnız ilin bir günü Kəlbəcərin işğal tarixini qeyd edirik. Məntiqsizlik, yenə də məntiqsizlik. Axı, hara qədər?! Nə qədər güclü olduğumuzu sübut etməyə çalışsaq da, reallıq acı mənzərəni həmişə əks etdirir. Real görünən odur ki, dizdən yuxarı, başı qarlı Kəlbəcər dağlarına boylana bilmirik. 70 yaşlı kəlbəcərlinin təbirincə desəm, ömür vəfa etsə Kəlbəcər dağlarından boylanmaq nəsibimiz olacaq. Bir şərtlə ki, villaların, bahalı maşınların içindən Kəlbəcər “keçəl”görünməsin. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı