Son günlər Kür çayında suyun səviyyəsində əhəmiyyətli artım qeydə alınıb. Bu artım əsasən hidrometeoroloji amillərin təsiri ilə formalaşıb.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən Regional Su Meliorasiya Xidmətindən məlumat verilib.
Qurumdan bildirilib ki, hazırda vəziyyət tam nəzarət altındadır və çayboyu ərazilərdə, eləcə də Kür ətrafı rayonlarda hər hansı daşqın və ya su basma faktı qeydə alınmayıb.
"Səviyyə artımı əkin sahələrinə xidmət edən bəzi nasos stansiyalarının fəaliyyətinə qismən təsir göstərib. Bununla əlaqədar olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən Regional Su Meliorasiya Xidməti tərəfindən qabaqlayıcı tədbirlər görülüb, rayonlar üzrə növbətçilik qrafiki təşkil olunub, çayboyu kəndlər daimi nəzarətə götürülüb", - deyə məlumatda vurğulanıb.
Əlavə olaraq qeyd edilib ki, eyni zamanda, texniki qurğuların təhlükəsizliyinin təmin olunması məqsədilə Kür çayı üzərində quraşdırılmış nasos və aqreqatların bir hissəsi müvəqqəti olaraq sahildən kənarlaşdırılıb və onların fəaliyyətində fasilələr tətbiq olunub.
"Hazırda vəziyyət Xidmət tərəfindən daim nəzarətdə saxlanılır. Su təminatında fasilələrin minimuma endirilməsi məqsədilə alternativ su mənbələrindən istifadə olunur. Su səviyyəsi sabitləşdikdən sonra nasos stansiyalarının mərhələli şəkildə yenidən istismara verilməsi planlaşdırılır".
Məlumat üçün bildirək ki, Kür çayının Samux rayonu, eləcə də Zərdab rayonundan keçən hissəsində suyun səviyyəsində artım qeydə alınıb. Ən çox təsirlənən ərazilər sırasında Zərdab rayonunun Təzəkənd, Əlibəyli, Allahqulubağı və Əlvənd kəndləri yer alıb. Bu ərazilərdə bəzi yaşayış evlərinin həyətyanı sahələrini su basıb, əkin sahələrinə ziyan dəyib, təsərrüfat fəaliyyəti çətinləşib.
Xatırladaq ki, oxşar vəziyyət daha əvvəl də qeydə alınıb. Belə ki, 2010-cu ilin aprel ayında intensiv yağıntılar Kür çayı və Türyançay çaylarında sululuğun kəskin artmasına səbəb olub, nəticədə Zərdab rayonu ərazisində daşqınlar baş verib. Həmin dövrdə əkin sahələri və yaşayış məntəqələri ciddi zərər görüb.