Modern.az

Gəncə Dövlət Universitetində inklüziv təhsil strategiyası müzakirə olundu

Gəncə Dövlət Universitetində inklüziv təhsil strategiyası müzakirə olundu

Aktual

Bu gün, 15:45

Aprelin 23-də Bakı Slavyan Universiteti (BSU) və Gəncə Dövlət Universitetinin (GDU) birgə təşkilatçılığı ilə “İnklüziv təhsildən inklüziv cəmiyyətə: dayanıqlı və inklüziv universitet modeli” (İTİC 2026) IV beynəlxalq elmi-praktik konfransın regional bölməsi GDU-nun 5-ci tədris binasında təşkil olunub.

Modern.az xəbər verir ki, konfransın regional bölməsində GDU-nun rektoru Yusif Yusibov, BSU-nun rektoru Anar Nağıyev,  Azərbaycan Texniki Universitetinin (ATU) rektoru Vilayət Vəliyev, Xəzər Universitetinin rektoru Raziyə İsayeva, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru Zəfər Qurbanov, Azərbaycan Texnologiya Universitetinin (ATU) rektoru Yaşar Ömərov, Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminov,  Yeni Azərbaycan Partiyasının (YAP) Gəncə Şəhər Təşkilatının sədri Bayram Aslanov, millət vəkilləri Pərvin Kərimzadə, Rizvan Nəbiyev, professor-müəllim heyəti  və tələbələr iştirak ediblər.

Konfransdan öncə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, Ümummilli Liderin əziz xatirəsi dərin ehtiramla anılıb.

Daha sonra qonaqlar  Gəncə Dövlət Universitetində fəaliyyət göstərən Əlilliyi olan tələbələr üçün Mərkəzlə tanış olublar.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, eləcə də Vətənimizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda edən bütün şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov giriş sözü ilə çıxış edərək Prezident İlham Əliyev tərəfindən təsdiq edilən “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” çərçivəsində ölkəmizdə həyata keçirilən layihələrdən və inklüziv təhsilin inkişafına göstərilən xüsusi diqqət və qayğıdan danışıb. Rektor vurğulayıb ki, sağlamlıq imkanları məhdud insanların cəmiyyətə inteqrasiyası, onların keyfiyyətli təhsil alma imkanlarının genişləndirilməsi üçün təhsil müəssisələrində əlverişli mühitin yaradılması xüsusi əhəmiyyət daşıyır. Bu məqsədlə ali və orta təhsil müəssisələrində müvafiq infrastrukturun qurulması, pedaqoji heyətin peşəkar bacarıqlarının artırılması və müasir tədris metodlarının tətbiqi istiqamətində ardıcıl işlər görülür. Universitetlərdə inklüziv mühitin gücləndirilməsi tələbələrdə bərabərlik dəyərlərinin təşviqinə xidmət edir. Rektor Yusif Yusibov Gəncə Dövlət Universitetində fəaliyyət göstərən Əlilliyi olan tələbələr üçün Mərkəz və sağlamlıq imkanları məhdud tələbələr üçün yaradılan şərait haqqında söhbət açıb. Qeyd olunub ki, GDU-da təhsil alan sağlamlıq imkanları məhdud tələbələrin dərslərdə və imtahanlarda rahat iştirakını təmin etmək məqsədilə inklüziv mühit formalaşdırılıb və təhsilin hamı üçün əlçatan olması üçün mühüm işlər görülüb.  

Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev çıxışında bildirib ki, universitetdə inklüziv təhsil siyasətinin məzmunu sistemli şəkildə müəyyənləşdirilərək həm ümumi inkişaf strategiyasında, həm də yeni yaradılan ixtisaslarda öz əksini tapıb. O vurğulayıb ki, təhsildə sosial-psixoloji xidmət, pedaqogika, ibtidai sinif müəllimliyi və psixologiya ixtisaslarında inklüziv dəyərlər tətbiq olunur, həyata keçirilən ardıcıl siyasətin nəticəsi olaraq BSU regionda inklüziv təhsili əhatə edən yeganə İnklüziv və adaptiv təhsil kafedrası fəaliyyət göstərir. Rektor çıxışında onu da bildirib ki, 2022-ci ildə təşəbbüs kimi başlayan layihə bu gün artıq geniş miqyaslı bir platformaya çevrilib. Onun sözlərinə görə, Naxçıvandan Qubaya, Qubanın Alekseyevka kəndindən Astaraya, oradan isə Şəmkirə qədər ölkənin bütün regionlarını əhatə edən və 1000-dən çox orta məktəb müəllimini birləşdirən geniş bir şəbəkə formalaşdırılıb. Yaradılmış şəbəkə vasitəsilə müəllimlərin ehtiyacları müəyyən edilir, onların bilik və bacarıqlarının inkişafı istiqamətində birgə fəaliyyət həyata keçirilir. Universitet inklüziv və adaptiv təhsil istiqamətində müxtəlif kateqoriyalardan olan müəllimlər üçün davamlı təlimlər həyata keçirir və bu prosesdə Gəncə Dövlət Universiteti ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. “İnklüziv təhsildən inklüziv cəmiyyətə” layihəsi artıq beynəlxalq platformaya çevrilib. Layihə çərçivəsində Finlandiya, İtaliya və Polşadan olan tərəfdaşlar məktəblərlə işin təşkili, təhsil məzmununun formalaşdırılması və müəllimlərin peşəkar inkişafı istiqamətində mühüm dəstək göstərirlər. A. Nağıyev çıxışında müxtəlif ictimai birliklərlə əməkdaşlığın da önəmini vurğulayaraq, bu tərəfdaşlıqların inklüziv təhsilin inkişafına mühüm töhfə verdiyini qeyd edib.

YAP Gəncə Şəhər Təşkilatının sədri Bayram Aslanov konfransın mövzusunun vacibliyindən bəhs edib. Bildirib ki, orta və ali məktəblərdə inklüziv mühitin formalaşdırılması, müəllimlərin peşəkar hazırlığının gücləndirilməsi, infrastrukturun əlçatanlığının yaxşılaşdırılması və maarifləndirmə tədbirlərinin genişləndirilməsi inklüzivliyin davamlı, eləcə də effektiv tətbiqinə zəmin yaradır. 

ATU-nun rektoru Vilayət Vəliyev İnklüziv təhsildən inklüziv cəmiyyətə həsr olunmuş konfransın bu sahənin inkişafına əhəmiyyətli elmi töhfə verəciyini bildirib. Qeyd edib ki, konfransın plenar iclasında müasir yanaşmaların müzakirəsi, qabaqcıl təcrübələrin paylaşılması, bu sahədə təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi inklüziv təhsil siyasətinin təkmilləşdirilməsinə və daha effektiv tətbiqinə şərait yaradır.

ADAU-nun rektoru Zəfər Qurbanov bildirib ki, regionlarda inklüziv təhsilə göstərilən diqqətin gücləndirilməsi təhsil sistemində bərabər imkanların təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

ATU-nun rektoru Yaşar Ömərov çıxışında qeyd edib ki, orta məktəblərlə yanaşıuniversitetlərdə də sağlamlıq imkanları məhdud gənclər üçün təhsilin əlçatanlığının təmin olunması onlarda özlərinə inam hissini artırır, cəmiyyətə layiqli vətəndaş kimi yetişməsinə dəstək olur.

MDU-nun rektoru Anar Eminov inkluziv təhsilin cəmiyyətin inkişafında mühüm rol oynadığını xüsusi vurğulayaraq, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyindən geniş şəkildə bəhs edib. Qeyd edib ki, inkişaf etmiş ölkələrdə tətbiq olunan inkluziv təhsil modelləri, şagirdlərin təhsil sisteminə uğurlu inteqrasiyasına şərait yaradır və onların sosial adaptasiyasını gücləndirir. Bu təcrübələrin öyrənilməsi və yerli şəraitə uyğunlaşdırılması isə ölkəmizdə təhsilin keyfiyyətinin artırılmasına mühüm töhfə verə bilər.

Xəzər Universitetinin rektoru Raziyə İsayeva Xəzər Universiteti ilə Gəncə Dövlət Universitetinin birgə inklüziv təhsilin təşviqi sahəsində həyata keçirdiyi layihələrdən bəhs edib, bu işdə universitetlərin əməkdaşlığının önəmini vurğulayıb.

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov çıxışında inklüziv təhsil sahəsində görülən işlərin gələcəkdə daha böyük nəticələr verəcəyinə əminliyini ifadə edib. O bildirib ki, bu konfrans yalnız müzakirə platforması deyil, həm də institusional əməkdaşlığın gücləndirilməsinə xidmət edən mühüm təşəbbüsdür.

Millət vəkili, GDU-nun Elm və İnnovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə çıxış edərək bildirib ki, ölkəmizdə sağlamlıq imkanları məhdud şəxslərin bütün təhsil pillələri üzrə digər vətəndaşlarla bərabər şəkildə təmin olunması dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Bu çərçivədə onların təhsilə əlçatanlığının artırılması, inklüziv və maneəsiz təhsil mühitinin formalaşdırılması, müasir infrastrukturun yaradılması və uyğunlaşdırılmış tədris resurslarının tətbiqi daim diqqət mərkəzində saxlanılır.

Millət vəkili Rizvan Nəbiyev çıxışında vurğulayıb ki, sağlamlıq imkanları məhdud şagirdlərin dərs prosesində digər şagirdlərlə birgə iştirak etməsi onlar arasında qarşılıqlı anlaşma və hörmətin formalaşmasına müsbət təsir göstərir. Dövlət tərəfindən həyata keçirilən tədbirlər isə bu sahəyə dəstək verməyə xidmət edir.

Konfransın plenar iclası bədii hissə ilə yekunlaşıb.

Konfrans çərçivəsində BSU-nun Pedaqogika kafedrasının müdiri, professor Piralı Əliyevin və GDU-nun Ümumi pedaqogika kafedrasının dosenti, Əlilliyi olan tələbələr üçün mərkəzin mütəxəssisi Lamiə Hacımuradovanın moderatorluğu ilə İnklüziv təhsil mühitində keyfiyyət, bərabərlik və inkişaf mövzusda bölmə iclası keçirilib. İclasda inklüziv təhsilin dayanıqlı cəmiyyətin formalaşmasında rolu, inklüziv təhsildə akademik heyətin rolu və peşəkar inkişafı, inklüziv şəhər mühiti və sosial siyasət məsələləri istiqaməti üzrə müzakirələr aparılıb. Mövzular ətrafında çoxsaylı məruzələr dinlənilib

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!