“İkitərəfli əməkdaşlıq əlaqələrinin inkişafında əhəmiyyətli rol oynayan amillərdən biri qarşılıqlı səfərlərin dinamikliyidir. Azərbaycanın xarici siyasətində ikitərəfli əməkdaşlığa və beynəlxalq təşkilatlar daxilində əlaqələrin inkişafına verdiyi önəm bugünkü reallıqlarda özünün aydın ifadəsini tapır. Bu nühüm məqamı da xüsusi qeyd etməliyik ki, son illərdə Prezident İlham Əliyevin Azərbaycana səfər edən bu və ya digər ölkənin dövlət başçıları ilə görüşlərini paytaxt Bakı ilə yanaşı, bölgələrimizdə, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə keçirməsi bir ənənəyə çevrilib. Aprelin 25-də Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdə oldu. Qəbələdə Prezident İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə təkbətək və geniş tərkibdə görüşü oldu. Söhbət zamanı dövlətimizin başçısının Volodimir Zelenski ilə əvvəlki görüşləri məmnunluqla xatırlandı, Ukrayna Prezidentinin ölkəmizə bu səfərinin ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirəsi üçün yaxşı imkan yaradacağına əminlik bildirildi. Əməkdaşlığın bir çox istiqamətdə, o cümlədən enerji sahəsində genişləndirilməsinə dair fikir mübadiləsi aparıldı, kənd təsərrüfatı ilə bağlı əməkdaşlıq məsələləri müzakirə olundu, Hökumətlərarası Komissiyanın fəaliyyətinə toxunuldu. Ölkəmizin Ukraynaya humanitar dəstəyini, eyni zamanda, Azərbaycan dövləti tərəfindən ukraynalı uşaqlara olan diqqət və qayğını yüksək qiymətləndirən Ukrayna Prezidenti bütün bunlara görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Tezliklə bir qrup ukraynalı tələbənin reabilitasiya məqsədilə, həmçinin Azərbaycanın mədəniyyəti və incəsənəti ilə tanış olması üçün ölkəmizə səfərinin nəzərdə tutulduğu vurğulandı. Qeyd edək ki, Azərbaycan və Ukrayna arasında ali səviyyədə təşəkkül tapmış fəal siyasi dialoq ikitərəfli əməkdaşlığımızın iqtisadi, ticarət, humanitar, mədəniyyət və digər sahələrində inkişafa təkan verir, münasibətlərimizin məzmunca zənginləşməsinə zəmin yaradır. Azərbaycan-Ukrayna əlaqələri ikitərəfli formatla yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində də uğurla davam etdirilir. BMT, ATƏT, GUAM, QDİƏT və digər beynəlxalq platformalarda ölkələrimiz bir-birinə qarşılıqlı dəstək nümayiş etdirirlər”.
Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Deputat qeyd edib ki, Azərbaycan və Ukrayna arasında 1992-ci ildən əsası qoyulan diplomatik əlaqələr bu gün də uğurla davam etdirilir: “Bu onilliklər ərzində Prezidentlərin, eləcə də hökumət başçılarının, parlament sədrlərinin, xarici işlər nazirlərinin və digər hökumət nümayəndələrinin qarşılıqlı səfərləri münasibətləri yüksək səviyyəyə qaldırıb. Prezident İlham Əliyev 2022-ci ilin yanvarında Ukraynaya işgüzar, Ukrayna Prezidenti Volodimir Zelenski 2019-cu ilin dekabrında Azərbaycana rəsmi səfər etmişdir. Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupu 1995-ci ildən fəaliyyət göstərir. Azərbaycan və Ukrayna Prezidentlərinin mətbuata birgə bəyanatlarında dövlətimizin başçısı əlaqələrimizin inkişafında əhəmiyyətli rol oynayan addımlara, eyni zamanda, imzalanan sənədlərə xüsusi diqqət yönəltdi. Bildirdi ki, əməkdaşlığımızın çox güclü siyasi təməli vardır. 2008-ci ildə Kiyevdə, 2011-ci ildə Bakıda strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır və bunlar çox güclü siyasi sənədlərdir. O sənədlərdə ölkələrimizin qarşılıqlı olaraq ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı məsələləri öz əksini tapmışdır. Azərbaycan və Ukrayna bütün beynəlxalq təşkilatlarda qarşılıqlı olaraq ölkələrin suverenliyini, ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləyəcəkdir. Keçən il iki mühüm hadisə baş vermişdir. Bakıda Xarici İşlər nazirliklərinin məsləhətləşmələri və Hökumətlərarası Komissiyanın iclası keçirilmişdir. Bu dəfəki səfər zamanı söhbət əsnasında bu tədbirlərin Ukraynada növbəti dövrdə keçirilməsi haqqında da fikir mübadiləsi aparıldı. Azərbaycan və Ukrayna bu gün bir çox istiqamətlər üzrə uğurla əməkdaşlıq edir. Sözügedən səfər bunu bir daha təsdiqlədi”.
Malik Həsənov vurğulayıb ki, Azərbaycan xarici siyasətini, ikitərəfli və çoxtərəfli əlaqələrini öz milli maraqlarına uyğun qurur və həyata keçirir: “Azərbaycan bütün ölkələrin ərazi bütövlüyünün və suverenliyinin tərəfdarıdır. Hər zaman ədalətin və beynəlxalq hüququn yanında olan ölkəmiz bütün münaqişəli məsələlərin bu prinsiplər əsasında həllinə səy göstərir. Azərbaycan ərazi bütövlüyünün pozulmasından on illər əziyyət çəkib. İstər 30 illik işğal, istərsə də tarixi Zəfərimizdən, suverenliyimizin bərpasından sonrakı dövrdə sülhə, təhlükəsizliyə, əməkdaşlığa çağırışlar Azərbaycanın xarici siyasətində əsas yer tutub. Ölkəmiz Ukrayna-Rusiya münaqişəsinin iki dövlət arasında qarşılıqlı dialoq və anlaşma şəraitində həllinin tərəfdarıdır. Azərbaycan regionun diplomatik paytaxtı olaraq, münaqişəyə hər hansı subyektiv baxışı olmayan ölkə kimi gələcəkdə bu münaqişənin sülh yolu ilə həlli üçün platforma rolunu oynaya bilər. Mətbuata bəyanatında bu prosesdə vasitəçilik edən tərəfdaşlara, Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq edən Ukrayna Prezidenti vurğuladı ki, bizim üçtərəfli və digər formatda danışıqlarımız oldu. Onlardan bəziləri Türkiyədə baş tutdu, daha sonra isə amerikalı tərəfdaşlarımızla Cenevrədə görüşdük. Həmçinin istərdik ki, danışıqlarımızı Azərbaycanda aparaq. Bir halda ki, əgər bu diplomatiyanı, həmçinin Rusiya tərəfi də seçərsə”.
Deputat bildirib ki, Prezidentlərin mətbuata birgə bəyanatları iki ölkənin münasibətlərinin gələcək inkişafının aydın mənzərəsini təqdim edir: “Cənab İlham Əliyev bildirdi ki, görüşlərimiz müntəzəm xarakter daşıyır. Son dörd il ərzində bu, bizim yeddinci görüşümüzdür. Son görüşlər beynəlxalq təşkilatların toplantıları çərçivəsində baş vermişdir. Ukrayna Prtezidentinin Azərbaycana ilk dəfə 2019-cu ildə səfər etdiyini xatırladan dövlətimizin başçısı İlham Əliyev qeyd etdi ki, bizim şəxsi münasibətlərimiz də o vaxtdan başlayır və bu gün də uğurla davam edir. Son dörd il ərzində Prezidentlər səviyyəsində yeddi görüşün keçirilməsi mühüm göstəricidir. Bu, əlaqələrimizin nə qədər dinamik olmasından xəbər verir. Biz bu gün qarşılıqlı hörmətdən, qarşılıqlı maraqların təmin edilməsindən danışırıq. Belə bir əminlik də ifadə olundu ki, bugünkü səfər Azərbaycan-Ukrayna dostluq əlaqələrinin inkişafına növbəti mühüm töhfə olacaqdır”.
Malik Həsənov əlaqələrin inkişafında iqtisadi amilin önəmini qeyd edərək vurğulayıb ki, iki ölkə arasında enerji sahəsində əməkdaşlığın inkişafının potensialı var: “Azərbaycanın enerji sahəsində əməkdaşlıq əlaqələri geniş coğrafiyanı əhatə edir. SOCAR-ın Ukraynada yanacaqdoldurma məntəqələri fəaliyyət göstərir. Bu da ikitərəfli biznes əlaqələrinin inkişafına töhfədir. Cənab İlham Əliyev mətbuata bəyanatında bildirdi ki, burada həm əldə edilmiş nailiyyətlər var, SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir, eyni zamanda, çox gözəl perspektivlər, birgə layihələr var. Birgə təşəbbüslər, o cümlədən sərmayə qoyuluşu ilə bağlı məsələlər səfər zamanı ətraflı müzakirə edildi. Ticarət dövriyyəsinin artırılması məsələləri də gündəliyin mərkəzindədir. Ticarət dövriyyəmiz yarım milyard dolları ötüb. Növbəti illərdə bu rəqəm daha da artacaq. Çünki buna da böyük imkanlar var”.
Deputat qeyd edib ki, bütün bunlar ölkələrimiz arasında dostluq xarakteri daşıyan münasibətlərin, uzunmüddətli müttəfiqlik əlaqələrinin olduğunu göstərir.