Dəyişən geosiyasi və geoiqtisadi şəraitdə bağlantı məsələsi xüsusi strateji əhəmiyyət daşıyır.
Modern.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində “Bağlantının mərkəzində şəhərlər: şəhərlərin yenidən qurulması və regional əməkdaşlıq” mövzusunda xüsusi sessiyada Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib.
O qeyd edib ki, enerji xətləri, nəqliyyat dəhlizləri, fiber-optik kabellər və elektrik bağlantıları artıq qlobal sistemin əsas “arteriyaları”na çevrilir:
“XXI əsr artıq bağlantı əsri hesab olunur və bağlantı anlayışı bu gün yalnız infrastruktur və ticarət deyil, həm də dayanıqlılıq, sabitlik və regional əməkdaşlıq deməkdir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Avrasiyanın əsas bağlantı və əməkdaşlıq mərkəzlərindən birinə çevrilib. Dövlət başçısının strateji yanaşması enerji təhlükəsizliyi, yaşıl inkişaf, regional inteqrasiya və sülh quruculuğunu bir araya gətirir”.
Nazir həmçinin vurğulayıb ki, Azərbaycan sosial-iqtisadi inkişaf strategiyasının əsas prioritetlərindən biri kimi təmiz ətraf mühit və yaşıl artımı müəyyən edib:
“Hazırda ölkədə təxminən 8 giqavat bərpa olunan enerji gücünün yaradılmasına yönəlmiş layihələr icra olunur və bunun 2 giqavatının gələn il milli enerji sisteminə inteqrasiya edilməsi planlaşdırılır.
Bu proses yalnız enerji istehsalının artırılması deyil, həm də illik 2,4 milyon ton emissiyanın azalmasına səbəb olacaq yeni sənaye transformasiyasıdır”.
Nazir çıxışı zamanı enerji səmərəliliyi sahəsində yaradılmış institusional mexanizmlərdən də bəhs edib:
“Bu addımlar enerji istehlakı və itkilərinin azaldılmasına, resursların daha səmərəli idarə edilməsinə və ağıllı şəhər infrastrukturunun inkişafına xidmət edir.
Azad edilmiş ərazilərdə aparılan yenidənqurma işləri “gələcəyin şəhərləri” konsepsiyasının nümunəsi kimi təqdim olunub. Qeyd edilib ki, həmin ərazilərdə ağıllı şəhər və kəndlər, yaşıl enerji zonaları, enerji səmərəli infrastruktur və rəqəmsal hökumət sistemləri vahid konsepsiya əsasında qurulur”, - deyə P.Şahbazov qeyd edib.