“Yaradan” filmi dağıntıdan yenidən qurulan şəhərlər və Azərbaycan insanının yaradıcı ruhu haqqında sənədli filmdir.
Modern.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Gələcəyin qurulması: Qarabağ və Şərqi Zəngəzurda müasir və yaşanıla bilən yaşayış məntəqələrinin yaradılması” adlı tədbirdə jurnalistlərə açıqlamasında Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri, Ayaz Mirzəyev bildirib.
O qeyd edib ki, film metafizik məna daşıyan “Yaradan” adı ilə təqdim olunur və ekran işində işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərində iştirak edən müxtəlif peşə sahibləri yer alıb:
“Sadə briqadirlərdən, fəhlələrdən tutmuş rəssamlara, heykəltəraşlara qədər hər kəs bu filmdə yer alıb. Məqsədimiz göstərmək idi ki, biz azərbaycanlılar olaraq yaradıcı xalqıq, heç vaxt dağıdıcı olmamışıq”.
O həmçinin vurğulayıb ki, film Vətən müharibəsinin başa çatmasının 5 illiyinə həsr olunub və 2025-ci ildə istehsal edilib.
“Çox qısa müddətdə - təxminən 5 il ərzində dağıdılmış, daş-daş üstündə qalmayan ərazilərdə kiçik cənnətlər yaratdıq və Böyük Qayıdış reallaşdı”.
Onun sözlərinə görə, təqdimatın əsas məqsədi forum iştirakçılarına görülən işləri sadə insan hekayələri vasitəsilə çatdırmaq olub:
“İstədik ki, insanlar görülən işləri adi sakinlərin dili ilə görsünlər və həmin ərazilərə qayıdan insanların təəssüratlarını hiss etsinlər”.
A.Mirzəyev qeyd edib ki, filmdə işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan “ağıllı şəhər” texnologiyaları, günəş panelləri, yaşıl zonalar və dayanıqlı yaşayış məkanları barədə də məlumat verilib:
“Xarici qonaqlar xüsusilə yeni texnologiyalar, ağıllı şəhər konsepsiyası və günəş enerjisindən istifadə ilə bağlı çoxlu suallar verdilər. Bu da göstərdi ki, mövzu dünya ictimaiyyəti üçün maraqlıdır”.
Filmin ssenari müəllifi onu da əlavə edib ki, müasir dövrdə vizual təqdimat insanların diqqətini daha çox cəlb edir:
“Bu gün dünyada insanlar uzun mətnlərdən daha çox qısa videolar vasitəsilə təəssürat formalaşdırırlar. Bizim məqsədimiz də həmin təəssüratı yaradan filmi ortaya qoymaq idi”.
***
12:02
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Gələcəyin qurulması: Qarabağ və Şərqi Zəngəzurda müasir və yaşanıla bilən yaşayış məntəqələrinin yaradılması” adlı tədbir keçirilir.
Modern.az xəbər verir ki, Azərbaycanın azad edilmiş ərazilərdə inklüziv, dayanıqlı və davamlı yaşayış mühitinin formalaşdırılmasına yönəlmiş strateji yanaşması müzakirə olunur.
Panel çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma işlərinə həsr olunmuş videoçarx da nümayiş etdirilib.