Modern.az

Bakıdakı Şəhərsalma Forumunda medianın gücündən danışıldı

Bakıdakı Şəhərsalma Forumunda medianın gücündən danışıldı

Aktual

Bu gün, 14:12

İqlim dəyişiklikləri və təbii fəlakətlərdən zərər çəkən həssas icmaların problemlərinin görünən olması üçün medianın rolu həyati əhəmiyyət daşıyır.

Modern.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində “Media mənzil və şəhər dayanıqlılığı üzrə ictimai müzakirələrin aparıcı qüvvəsi kimi” adlı panel sessiyada Perunun İctimai Siyasət və Diplomatiya İnstitutunun (IPPDR) direktoru Blanca Mujica Acuna Judith bildirib.

O qeyd edib ki, Perunun Amazon bölgəsində yerləşən bir sıra kənd icmaları iqlim fəlakətlərindən ciddi şəkildə zərər görür:

“Bəzi ailələr daşqınlar səbəbindən saatlarla çay yolu ilə hərəkət etməyə məcbur qalır. Evlər dağıldığı üçün uşaqlar məktəbə gedə bilmir, səhiyyə xidmətlərinə çıxış isə daha da çətinləşir. Bəzən isə bu icmaların problemlərindən kənarda heç kimin xəbəri olmur”.

Nümayəndənin sözlərinə görə, son humanitar hesabatlara əsasən, Peruda baş verən güclü yağışlar və daşqınlar nəticəsində 100 mindən çox insan zərər çəkib:

“Minlərlə ev, məktəb və səhiyyə müəssisəsi dağılıb. Xüsusilə Loreto kimi həssas bölgələr ciddi təsirlərlə üzləşib. Buna görə media vacibdir, çünki görünməzlik özü də bir həssaslıq formasıdır”.

O bildirib ki, sosial media və yerli icma reportajları daşqınlardan zərər çəkmiş ərazilərin dünyaya çatdırılmasında mühüm rol oynayıb:

“Ailələr su altında qalan evlərin, dağılan məktəblərin və daşqınlardan zərər çəkmiş məhəllələrin görüntülərini paylaşırdı. Bununla da uzun müddət diqqətdən kənarda qalan reallıqları artıq görməməzlikdən gəlmək mümkün olmadı”.

B.Judith həmçinin vurğulayıb ki, media yalnız məlumat ötürən vasitə deyil:

“Media həm də insanları birləşdirən, əlaqələndirən və həssas icmaların heç vaxt unudulmamalı olduğunu xatırladan bir vasitədir.

Urban dayanıqlılıq məsələləri yalnız infrastruktur və şəhər planlaşdırılması ilə məhdudlaşmamalıdır.

Bu proses insan ləyaqəti, təmsilçilik, informasiyaya çıxış və icmaların öz gələcəkləri ilə bağlı qərarlarda iştirak hüququnu da əhatə etməlidir”.

Peru nümayəndəsi eyni zamanda gənclərin rəqəmsal mediadan iqlim ədaləti, sosial inklüzivlik və davamlı inkişaf uğrunda istifadə etdiyini də diqqətə çatdırıb:

“Gənclər artıq sadəcə müşahidəçi deyil, dəyişikliklərin təşəbbüskarına çevrilirlər.

Peru bələdiyyələrinə çağırış edərək bildirmək istərdim ki, uğurlu təcrübələr lokal səviyyədə qalmamalı, media vasitəsilə daha geniş yayılmalıdır.

Media dialoqu təşviq etməli, dezinformasiyanı deyil həqiqəti, laqeydliyi deyil empatiyanı gücləndirməlidir”.

Sonda o qeyd edib ki, hökumətlər, vətəndaş cəmiyyəti, gənclər və media birlikdə daha dayanıqlı və inklüziv cəmiyyətlərin qurulması üçün əməkdaşlıq etməlidir:

“Şəhərlərin gələcəyi yalnız urban siyasətlərdən deyil, hansı səslərin eşidildiyindən və hansı icmaların artıq diqqətdən kənarda qalmayacağından asılı olacaq”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı