Partiyaların Mərkəzi Seçki Komissiyasına təqdim etdiyi maliyyə hesabatları ictimaiyyətə açıqlanıb. REAL Partiyasının ötən il dövlətdən aldığı maliyyə vəsaitinin 304 min manat olması diqqət çəkib. Çünki partiyanın 2024-cü ildə dövlətdən aldığı maliyyə vəsaitindən bu göstərici 30 min manat çoxdur. Bu məlumatların fonunda partiyanın dövlət büdcəsindən aldığı maliyyə yardımının artmasının səbəbləri maraq doğurub.
Məsələyə aydınlıq gətirmək üçün Modern.az REAL Partiyasının sədri Natiq Cəfərlinin mövqeyini öyrənib.
Saytımıza açıqlamasında REAL Partiyasının sədri Natiq Cəfərli partiyaya ayrılan dövlət maliyyəsinin artmasının qanunvericiliyə uyğun şəkildə həyata keçirildiyini bildirib.
Onun sözlərinə görə, bu məsələdə qeyri-adi və ya sensasiyalı heç nə yoxdur:
“Bunun çox sadə izahı var. Parlament partiyalarına ayrılan dövlət vəsaitinin ümumi məbləği artırılmışdı. Həmin vəsait qanuna uyğun olaraq parlamentdə təmsil olunan siyasi partiyalar arasında bölüşdürüləndə partiyanın payına əvvəlkindən daha çox məbləğ düşdü. Yəni burada sensasiya yaradacaq hər hansı məqam yoxdur. Ayrılan vəsait dövlət büdcəsindən, yəni hamımızın ödədiyi vergilər hesabına formalaşır və müəyyən olunmuş qaydada ölkədə fəaliyyət göstərən siyasi partiyalar arasında bölüşdürülür. Buna görə də bütün partiyaların payına əvvəlki dövrlə müqayisədə daha çox vəsait düşüb”, – deyə N.Cəfərli qeyd edib.