Bakının Sağlamlıq Mərkəzinin Aritmologiya Mərkəzi ürək ritm pozuntularının diaqnostika və müalicəsi sahəsində fəaliyyət göstərən nüfuzlu Avropa qurumu – Avropa Ürək Ritmi Assosiasiyasının (EHRA) akkreditasiyasına layiq görülüb.
Modern.az xəbər verir ki, EHRA ürək-damar təbabətində qabaqcıl təcrübələrin təşviqi və tətbiqi sahəsində dünya lideri hesab olunan European Society of Cardiology-nin (ESC) tərkibində fəaliyyət göstərir. Assosiasiyanın əsas məqsədi ürək ritm pozuntularının fəsadlarını azaltmaq, qəfil ürək ölümlərinin qarşısını almaq və insanların həyat keyfiyyətini yüksəltməkdir.
Bakının Sağlamlıq Mərkəzinin əldə etdiyi akkreditasiya təkcə Azərbaycanda deyil, bütün Cənubi Qafqaz və postsovet məkanında ilk belə nailiyyət hesab olunur. Dünyada bu statusu əldə etmiş 38 mərkəzdən sonra Bakıdakı Aritmologiya Mərkəzi siyahıya daxil edilən 39-cu tibb müəssisəsi olub.
EHRA akkreditasiyası yalnız elektrofiziologiya və kardiostimulyasiya sahəsində ən müasir texnologiyaları tətbiq edən yüksək ixtisaslaşmış tibb müəssisələrinə verilir. Bu status mərkəzin beynəlxalq nüfuzunu artırmaqla yanaşı, Azərbaycanda kardiologiya və yüksək texnologiyalı tibbin inkişafının mühüm göstəricisi kimi qiymətləndirilir.
Akkreditasiyanın əldə olunması Aritmologiya Mərkəzini milli tədris bazasından beynəlxalq təhsil platformasına çevirir. Bundan sonra Avropa və digər ölkələrdən olan aritmoloqlar burada qısamüddətli və uzunmüddətli təlim proqramlarında iştirak edə, həmçinin EHRA-nın qrant proqramlarından yararlana biləcəklər. Mərkəzdə verilən diplomlar Avropa ölkələrində tanınacaq.
Bu status Azərbaycan həkimləri üçün də yeni imkanlar açır. Belə ki, onlar beynəlxalq təhsil və elmi qrantlar əldə etmək, peşəkar mübadilə proqramlarında iştirak etmək və Avropanın aparıcı klinikalarında təcrübə keçmək imkanı qazanacaqlar.
Mərkəzdə tətbiq olunan müasir Avropa standartları ürək ritm pozuntularının diaqnostika və müalicəsinin keyfiyyətini yüksəldəcək, xəstələrin qabaqcıl texnologiyalara çıxışını genişləndirəcək və tibbi xidmətlərin effektivliyini artıracaq.
Qeyd edək ki, Bakının Sağlamlıq Mərkəzinin Aritmologiya Mərkəzi 2019-cu ildən fəaliyyət göstərir. Mərkəzə 20 ildən artıq təcrübəyə malik həkim-aritmoloq Fərid Əliyev rəhbərlik edir. Məhz bu komanda Azərbaycanda intervension aritmologiyanın formalaşmasında öncül rol oynayıb və ürək ritm pozuntularının müasir diaqnostika və müalicə üsullarını ilk dəfə klinik praktikaya tətbiq edib.
Hazırda mərkəz Cənubi Qafqazda ürək ritm pozuntularının diaqnostikası və müalicəsi üzrə bütün müasir xidmətləri təqdim edən yeganə ixtisaslaşmış tibb müəssisəsidir. Burada 3D ürək xəritələmə sistemləri, krioablasiya, elektroporasiya (PFA), epikardial ablasiya, kardionevromodulyasiya, naqilsiz kardiostimulyatorların (Leadless), dərialtı defibrilyatorların (S-ICD), ürəyin keçirici sisteminin stimullaşdırılması üçün elektrodların (CSP) implantasiyası, eləcə də ürəkdaxili elektrodların çıxarılması kimi yüksək texnologiyalı prosedurlar həyata keçirilir.
Mərkəzdə daha əvvəl rentgen şüalanması olmadan bir sıra prosedurlar uğurla icra edilib. Yaxın aylarda isə kateter müdaxilələrinin tamamilə rentgensiz aparılacağı yeni elektrofiziologiya laboratoriyasının istifadəyə verilməsi planlaşdırılır. Bu yenilik həm xəstələrin, həm də tibb personalının radiasiya yükünü minimuma endirəcək.
Hazırda mərkəzdə dörd aparıcı intervension aritmoloq fəaliyyət göstərir, eyni zamanda dörd gənc azərbaycanlı mütəxəssis burada təlim keçir. Həkimlərlə yanaşı, tibb bacıları və texniki personalın da aritmologiya üzrə hazırlığı davam etdirilir.
Aritmologiya Mərkəzi elmi fəaliyyət sahəsində də aktivdir. Burada ürək çatışmazlığı olan xəstələrdə qulaqcıq fibrilyasiyasının müalicəsi, təkrarlanan mədəcik taxikardiyalarının idarə olunması və ürəkdaxili elektrodların çıxarılması texnologiyalarının təkmilləşdirilməsi istiqamətində tədqiqatlar aparılır.
EHRA akkreditasiyası Bakının Sağlamlıq Mərkəzinin Aritmologiya komandasının yüksək peşəkarlığını və beynəlxalq standartlara tam uyğunluğunu bir daha təsdiqləyib. Bu nailiyyət Azərbaycanda aritmologiya xidmətinin inkişafında yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, mərkəzin regionun aparıcı diaqnostika, müalicə və tədris müəssisələrindən biri kimi mövqeyini daha da möhkəmləndirir.