Ukrayna cəbhədə ciddi hərbi, maliyyə və insan resursu çatışmazlığı ilə üzləşib, Avropanın isə vəziyyəti dəyişdirmək üçün konkret planı yoxdur.
Modern.az xəbər verir ki, bu barədə britaniyalı jurnalist Ouen Metyuz yazıb.
Müəllif ABŞ Prezidenti Donald Trampın nümayəndələri Cerad Kuşner və Stiv Uitkoffun Moskva və Kiyevə səfərlərinin nəticələrini təhlil edib. Onun fikrincə, Vaşinqton iqtisadi əməkdaşlıq təkliflərinin Kremlin mövqeyinə təsir göstərə biləcəyini düşünməkdə yanılır.
Metyuz hesab edir ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiyanı məğlub etmək və ya onun irəliləyişini dayandırmaq imkanları ilə bağlı gözləntiləri də real vəziyyətlə uzlaşmır.
Məqalədə Rusiyanın raket və pilotsuz uçuş aparatlarının istehsalını artırdığı, Ukraynanın hava hücumundan müdafiə imkanlarının isə zəiflədiyi bildirilir. Zelenskinin müdafiə texnologiyaları üzrə müşaviri Sergey Beskrestnovun sözlərinə görə, Ukrayna qışda şəhərləri tam qorumaq üçün kifayət qədər raket əldə edə bilməyəcək.
Müəllif Ukraynanın qarşılaşdığı digər əsas problemlərin maliyyə və hərbçi çatışmazlığı olduğunu vurğulayıb. Bildirilib ki, Kiyev 2026-cı il üçün nəzərdə tutulan müdafiə vəsaitinin böyük hissəsini artıq xərcləyib və təxminən 26 milyard avroluq büdcə kəsiri ilə üzləşib.
Metyuz Avropanın Ukrayna ilə bağlı üç strateji səhvə yol verdiyini düşünür. Onun fikrincə, Avropa ölkələri Rusiyadan enerji resursları almağa davam edir, Kiyevə kifayət qədər uzaqmənzilli silah və hava hücumundan müdafiə sistemi vermir, eyni zamanda Moskva ilə danışıqları ciddi şəkildə müzakirə etməkdən yayınırlar.
Məqalədə Ukrayna daxilində korrupsiya qalmaqallarının hakimiyyətə inamı azaltdığı da qeyd olunub. SOCIS-in sorğusuna istinadla bildirilib ki, ukraynalıların əksəriyyəti korrupsiyanı dövlət üçün Rusiyadan daha ciddi təhlükə sayır, respondentlərin təxminən 57 faizi isə korrupsiyanın yayılmasına görə Zelenskini məsul hesab edir.
“The Spectator”in müəllifinin qənaətinə görə, Avropa Ukraynaya dəstək barədə bəyanatlar versə də, ölkəni hərbi və siyasi böhrandan çıxarmaq üçün konkret plana malik deyil.
Metyuz hesab edir ki, hər növbəti sülh təklifi Kiyev üçün əvvəlkindən daha əlverişsiz olur və münaqişənin Rusiyanın şərtləri əsasında yekunlaşması ehtimalı artır.