Bakıda ictimai nəqliyyatdan istifadənin həcmi son günlər yenidən diqqət çəkib. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına görə, bir gün ərzində avtobuslardan 2 milyondan çox sərnişin istifadə edib və bu göstərici şəhər nəqliyyatının üzərinə düşən yükü gündəmə gətirib.
Mövzu ilə bağlı şəxsi “Tiktok” hesabından Bakı Metropoliteninə çağırış edən partiya rəhbəri, siyasətçi Tural Abbaslı Modern.az-a açıqlama verib:
“Biz Bakıda son iki-üç gündə yaranan xaotik vəziyyəti görürük. Əsas əziyyət çəkənlər aztəminatlı ailələr, ictimai nəqliyyatdan istifadə edənlər, şəxsi avtomobili olmayanlar, yaşlılar, tələbələr və şagirdlərdir. Biz göyə peyk buraxmırıq, kosmodrom tikmirik, beşinci nəsil təyyarə istehsal etmirik, yaxud Qarabağı azad etmirik ki, xalq 11 ay əziyyət çəksin. Belə bir prosesin nəticəsində insanların gündəlik həyatında ciddi dəyişiklik də olmayacaq”.
Tural Abbaslı bildirib ki, metroda xətlərin ayrılması ilə bağlı qərarın hansı elmi və ya sosioloji əsaslara söykəndiyi aydın deyil. Onun sözlərinə görə, 11 ay ərzində insanların hər gün əlavə bir saat, hətta saat yarım vaxt itirməsi, stress yaşaması və şəhərin nəqliyyat yükünün artması nəzərə alınmayıb.
“İnsanların, xüsusilə tələbələrin, aztəminatlı ailələrin və yaşlıların fikri öyrənilməlidir. Mövcud xətləri ayırmaq əvəzinə, Xırdalana, Masazıra və Bakının digər kəndlərinə metro xətlərinin çəkilməsi barədə düşünmək lazımdır. Xətləri ortadan ayırmaqla vətəndaşların nə əldə edəcəyi aydın deyil” - o, deyib.
Onun sözlərinə görə, bir nəticə əldə olunacaqsa belə, bunun üçün insanları 11 ay ərzində əziyyətə və stressə salmaq, şəhəri yükləmək və yol xərclərini artırmaq məntiqli deyil. Tural Abbaslı deyib ki, Bakının hazırkı yerüstü nəqliyyat infrastrukturu metrodan kənar yaranacaq əlavə yükü qarşılamaq imkanında deyil.
Nicat Rüstəm