Ermənistanla Rusiya arasında münasibətlər əvvəlki formatda qala bilməz.
Modern.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Bun TV” internet televiziyasının efirində deyib.
Paşinyanın sözlərinə görə, regionda yaranan yeni vəziyyət İrəvan-Moskva münasibətlərinin də transformasiyasını zəruri edir.
“Ermənistanda sülh atmosferi qorunduğu müddətdə Ermənistan-Rusiya münasibətləri əvvəlki kimi qala bilməz. Çünki münaqişə şəraitində Ermənistan-Rusiya münasibətləri bir şeydir, sülh şəraitində isə tamamilə başqa şey”, – Baş nazir bildirib.
Paşinyan Moskvada Ermənistanla əməkdaşlığı yalnız Rusiya üçün əlverişli olan əvvəlki formatda görmək istəyən müəyyən qüvvələrin ola biləcəyini də istisna etməyib.
Ermənistan hökumətinin başçısı Rusiyaya qarşıdakı səfərinə də toxunub. Onun sözlərinə görə, danışıqların gündəliyində Ermənistan-Rusiya münasibətlərinə dair aktual məsələlər, o cümlədən dəmir yolu infrastrukturunun inkişafı və mövcud problemlərin həlli yolları olacaq.
Qeyd edək ki, Paşinyan bundan əvvəl də Ermənistan-Rusiya münasibətlərinin regiondakı dəyişikliklər fonunda transformasiya olunduğunu bildirmişdi. O, sentyabrın 1-də Rusiya Prezidenti Vladimir Putinlə görüşündə İrəvanın Moskva ilə münasibətlərin inkişafında və dərinləşdirilməsində maraqlı olduğunu, lakin regiondakı vəziyyətin dəyişdiyini vurğulamışdı.