Modern.az

Vaşinqtonda siyasi zəlzələ, Ukrayna, İran, İsrail və Azərbaycanı nə gözləyir?

Vaşinqtonda siyasi zəlzələ, Ukrayna, İran, İsrail və Azərbaycanı nə gözləyir?

Analitika

Bu gün, 15:36

Amerikada Demokratların Konqresin hər iki palatasına nəzarəti ələ keçirməsi ancaq ABŞ-ın daxili siyasi mənzərəsini dəyişmir. Bu nəticə Ukrayna müharibəsindən Yaxın Şərqə, Rusiya ilə münasibətlərdən Çinlə rəqabətə, Cənubi Qafqazdan qlobal iqtisadiyyata qədər bir sıra geosiyasi proseslərə təsir göstərə biləcək gücdədir. Dünyanın gözü yenidən Vaşinqtona dikilib.

Amerikada seçki qutularından çıxan nəticə əslində bir siyasi partiyanın digərinə qalib gəlməsindən daha böyük hadisədir. Bu, Donald Trampın hakimiyyətinin ikinci mərhələsində siyasi güc balansının dəyişməsi, Ağ Evin manevr imkanlarının daralması və ABŞ-ın xarici siyasətində yeni institusional qarşıdurma ehtimalının yaranmasıdır.

3 noyabr 2026-cı il aralıq seçkilərində Demokratlar həm Senatda, həm də Nümayəndələr Palatasında üstünlük əldə ediblər. Bu nəticə Trampın siyasi kursuna seçici reaksiyası kimi qiymətləndirilir. Xüsusilə iqtisadi çətinliklər, bahalaşma, İranla müharibə və administrasiyanın xarici siyasət qərarları seçki nəticələrinə təsir edən əsas amillər sırasında göstərilir.

ABŞ-da siyasi sistemin özünəməxsus xüsusiyyəti var. Prezident ölkənin icra hakimiyyətinə rəhbərlik edir, Konqres isə qanunvericilik, büdcə, təyinatların təsdiqi və icra hakimiyyətinə nəzarət mexanizmlərini əlində saxlayır.

İndi bu iki güc mərkəzinin fərqli siyasi iradə ilə fəaliyyət göstərməsi ehtimalı artır.

Demokratlar yanvarın 3-dən etibarən Konqresin hər iki palatasına nəzarəti həyata keçirəcəklər. Təbii ki, yaranmış vəziyyət Trampın qanunvericilik təşəbbüslərinin qarşısında ciddi maneə yaradacaq. Görünən odur ki, Tramp ın təyinatları da çətinləşəcək.

Ancaq bir məqamı da vurğulamalıyıq ki, hələlik Tramp prezidentliyini itirməyib. Onun veto hüququ, icra sərəncamları və diplomatik qərarlar vermək səlahiyyəti qalır. Deməli, Amerikada h hakimiyyət daxilində güc balansının dəyişməsi baş verir. Bir az da konkretləşdirsək, Vaşinqton yeni institusional qarşıdurma mərhələsinə daxil olur.

Amerikada respublikaçılar və demokratlar arasındakı mübarizə dövlətin daxili və xarici siyasətinin hansı xətt üzərində qurulacağına dair mübarizədir.

Respublikaçılar, xüsusilə Trampın siyasi xətti, milli suverenlik, proteksionizm, sərt miqrasiya siyasəti, tarif mexanizmləri və ikitərəfli sövdələşmələr üzərində qurulub. Tramp beynəlxalq münasibətlərdə ənənəvi müttəfiqlik sistemindən daha çox, birbaşa siyasi və iqtisadi razılaşmalara üstünlük verir.

Demokratlar isə ənənəvi olaraq çoxtərəfli diplomatiyanı, NATO və digər beynəlxalq institutlarla əməkdaşlığı, müttəfiqlərlə koordinasiyanı və liberal beynəlxalq nizamın qorunmasını ön plana çıxarırlar.

Bu fərqi mütləqləşdirmək də olmaz. Demokratlar da Çinlə strateji rəqabətdə sərt mövqedədirlər. Respublikaçılar arasında da Ukraynaya dəstəyi müdafiə edən, Rusiyaya qarşı təzyiqin artırılmasını istəyən qüvvələr var. Əsas fərq məqsədlərdən daha çox, həmin məqsədlərə çatmaq üçün seçilən vasitələrdədir.

Trampın siyasəti daha çox fərdi liderlik, siyasi təzyiq və iqtisadi rıçaqlara söykənir. Demokratların yanaşması isə institusional koordinasiya və müttəfiqlərlə kollektiv qərarverməyə daha yaxındır.

Demokratların qələbəsi həm də Trampın siyasi nüfuzuna verilmiş ciddi mesajdır. Seçici əslində administrasiyanın fəaliyyətinə qiymət verib. Bu nəticə 2028-ci il prezident seçkilərinin siyasi konfiqurasiyasına da təsir göstərə bilər. Amma Trampın siyasi səhnədən çəkildiyini düşünmək yanlışdır. Əksinə, Konqresdəki yeni müqavimət Ağ Evin daha sərt siyasi taktika seçməsinə də səbəb ola bilər.

Rusiya-Ukrayna müharibəsi, Vaşinqtonun Moskva ilə hesabı dəyişəcəkmi?


Dünyanın ən çox maraqlandığı məsələlərdən biri budur: Demokratların Konqresdə üstünlük əldə etməsi Ukrayna müharibəsinin taleyinə necə təsir edəcək? Bu sualın cavabı Moskvanı da, Kiyevi də, Avropanı da maraqlandırır.

Tramp administrasiyası dövründə Vaşinqtonun Ukraynaya münasibətində ciddi dəyişikliklər baş verib. Əvvəlki administrasiyanın genişmiqyaslı hərbi və maliyyə dəstəyi modeli zəifləyib, Rusiya ilə münasibətlərdə danışıqlar və sanksiya siyasətinin yenidən nəzərdən keçirilməsi məsələləri ön plana çıxıb.

Demokratlar isə Trampın Moskva ilə münasibətlərini və Ukraynaya dəstəyin azaldılmasını tənqid edirlər.

İndi Konqresdə yaranan yeni siyasi balans Ukrayna üçün əlavə imkanlar yarada bilər.

Hesab etmək olar ki, demokratlar Ukraynaya hərbi və maliyyə yardımının artırılması üçün qanunvericilik təşəbbüsləri irəli sürüləcək. Rusiyaya qarşı sanksiya mexanizmlərinin sərtləşdirilməsi məsələsi yenidən gündəmə gələcək. Ağ Evin Moskva ilə mümkün razılaşmaları Konqresdə daha ciddi siyasi və institusional nəzarətlə üzləşəcək. Avropa ölkələrinin Ukraynaya dəstək məsələsində Vaşinqtonla koordinasiya imkanları artacaq.

Moskva isə başqa bir problemlə üzləşəcək. Tramp administrasiyası ilə qurduğu diplomatik münasibətlərə paralel olaraq, Konqresdə Rusiya daha sərt mövqelərlə hesablaşmalı olacaq.

Beləliklə, Vaşinqtonun Moskva ilə münasibətlərində ikili siyasi mərkəz, Ağ Evdə Tramp, Konqresdə isə Demokratların üstünlük təşkil etdiyi yeni siyasi qüvvə yaranacaq. Bütün bunlar isə Kreml üçün əvvəlkindən daha mürəkkəb diplomatik mühit deməkdir.

İran-İsrail qarşıdurması necə olacaq...


Amerikadakı seçkilərin ən ciddi geosiyasi nəticələrindən biri Yaxın Şərqdə hiss olunacaq. Çünki istənilən halda ABŞ və İsrailin İranla müharibəsi regional təhlükəsizlik müstəvisini aşaraq enerji bazarlarına, beynəlxalq ticarətə, neft qiymətlərinə, dəniz nəqliyyatına və qlobal iqtisadi sabitliyə birbaşa təsir göstərəcək.

Müharibənin yaratdığı iqtisadi yük Amerika seçicisinin də gündəlik həyatına daxil olub. Bahalaşma, enerji xərcləri və hərbi əməliyyatların maliyyələşdirilməsi Tramp administrasiyasının siyasi mövqelərini zəiflədən amillərdən birinə çevrilib.

Demokratların yeni Konqresi bu müharibənin maliyyələşdirilməsi və prezidentin hərbi səlahiyyətləri məsələsini daha ciddi müzakirəyə çıxara bilər. Burada əsas məsələ müharibə səlahiyyətlərinin konstitusion nəzarətidir.

ABŞ Konqresi hərbi əməliyyatlar üçün əlavə maliyyələşdirməni məhdudlaşdıra, administrasiyanın qərarlarını araşdıra və müharibənin hüquqi əsasları barədə siyasi təzyiq göstərə bilər.

İsrailə hərbi yardım məsələsində də yeni müzakirələr yarana bilər. Xüsusilə mülki əhalinin təhlükəsizliyi, silah ixracına nəzarət və hərbi əməliyyatların beynəlxalq hüquqa uyğunluğu məsələləri Demokratların gündəliyində daha çox yer tutacaq.

Lakin İsrailə dəstək ABŞ siyasətində yalnız respublikaçıların mövqeyi deyil. Demokratlar arasında da İsrailin təhlükəsizliyini strateji maraq hesab edən güclü siyasi qrup mövcuddur.

Deməli, söhbət Vaşinqtonun İsraildən üz döndərməsindən getmir. Söhbət dəstəyin şərtlərinin, siyasi nəzarətin və hərbi əməkdaşlığın gələcək modelinin dəyişə bilməsindədir.

İran üçün də seçki nəticələri müəyyən diplomatik imkanlar yarada bilər. Təbii ki, Tehran ABŞ daxilində müharibəyə qarşı siyasi müqavimətin güclənməsindən istifadə edərək danışıqlar üçün yeni platforma axtaracaq.

Amma onu da unutmayaq ki, demokratların qələbəsi avtomatik olaraq İranla münasibətlərin normallaşması anlamına gəlmir. İranın nüvə proqramı, regional hərbi fəaliyyəti və təhlükəsizlik məsələləri Vaşinqtonun siyasi gündəmində qalacaq.

Ən böyük risk isə yanvar ayına qədərki keçid dövrüdür. Yeni Konqres fəaliyyətə başlamadan Tramp administrasiyasının hərbi eskalasiyaya getməsi ehtimalı regional vəziyyəti daha da mürəkkəbləşdirəcək.

Çin, iki partiyanın ortaq rəqibi


Amerikanın xarici siyasətində elə bir istiqamət var ki, burada demokratlarla respublikaçılar arasında ciddi strateji yaxınlıq mövcuddur. Bu, Çinlə rəqabətdir. Pekin üçün Vaşinqtondakı seçki nəticələri müəyyən taktiki dəyişikliklər yaratsa da, strateji rəqabətin dayanacağını gözləmək düzgün olmaz.

Tramp Çinə qarşı tariflər, ticarət məhdudiyyətləri və iqtisadi təzyiq mexanizmlərindən istifadə edir. Demokratlar isə Çinlə rəqabətdə texnoloji üstünlük, yarımkeçirici sənayesi, süni intellekt, kibertəhlükəsizlik və beynəlxalq tərəfdaşlıqlar məsələlərinə xüsusi diqqət yetirirlər. Yəni mübarizənin alətləri fərqli olsa da, əsas strateji məqsəd oxşardır, ABŞ-ın qlobal iqtisadi və texnoloji üstünlüyünü qorumaq prioritetdir.  Yeni Konqres Trampın tarif siyasətini və Çinlə ticarət münasibətlərini daha ciddi araşdıracaq. Bütün bunlar Pekinlə münasibətlərdə yumşalma olacağına zəmanət vermir.

Çin üçün əsas məsələ ABŞ-ın siyasi parçalanmasından yaranan imkanları düzgün qiymətləndirməkdir. Pekin bu vəziyyətdə Asiya, Afrika, Avropa və Yaxın Şərqdə iqtisadi tərəfdaşlıqlarını genişləndirməyə çalışa bilər. Bir sözlə, Vaşinqtonda siyasi balans dəyişir, amma ABŞ-Çin strateji rəqabəti davam edir.

Cənubi Qafqaz, Bakı, İrəvan və Tbilisi nə gözləməlidir?

Amerikadakı siyasi dəyişikliklərin bizim regiona təsiri də xüsusi diqqət tələb edir.

Cənubi Qafqaz hazırda böyük güclərin geosiyasi maraqlarının kəsişdiyi məkanlardan biridir. Azərbaycan, Ermənistan və Gürcüstanın xarici siyasət seçimləri, regional nəqliyyat dəhlizləri, enerji təhlükəsizliyi və Rusiya ilə münasibətlər bu rəqabətin əsas istiqamətləridir. Tramp administrasiyasının regiona yanaşmasında iqtisadi maraqlar, enerji marşrutları və strateji tranzit imkanları mühüm yer tutur.

Konqresdəki siyasi dəyişiklik ABŞ-ın Bakı və İrəvan siyasətində dərhal köklü dönüş yaradacağı anlamına gəlmir. Bu siyasətin əsas icraçısı yenə də Ağ Ev və Dövlət Departamentidir.


Azərbaycan üçün əsas məsələ dəyişən Vaşinqton reallığını düzgün oxumaqdır. Bakı ABŞ-la münasibətlərdə enerji təhlükəsizliyi, regional sabitlik, nəqliyyat-kommunikasiya xətləri və terrorizmlə mübarizə kimi strateji istiqamətləri ön plana çıxarmalıdır.

Eyni zamanda Azərbaycan-Ermənistan münasibətlərində sülh gündəliyinin regional reallıqlar, suverenlik və qarşılıqlı təhlükəsizlik prinsipləri əsasında irəliləməsi vacibdir. Tramp administrasiyasının regionda başlatdığı iqtisadi və tranzit təşəbbüslərinin gələcəyi də diqqət mərkəzində olacaq.

Demokratların yeni Konqresi bu layihələrə mane olacaqmı? Yoxsa onların institusional və iqtisadi əsaslarının gücləndirilməsinə dəstək verəcək? Bu kimi məqamların cavabı hələ aydın deyil. Bir həqiqət var ki, Cənubi Qafqaz aqlobal güclərin də maraq dairəsindədir. Azərbaycanın əsas vəzifəsi milli maraqlarını qoruyaraq həmin rəqabətdən strateji imkanlar əldə etməkdir.

Yaxın Şərq, yeni siyasi konfiqurasiya

Demokratların Konqresdə qələbəsi Yaxın Şərqdə ABŞ siyasətinin bütünlüklə dəyişəcəyi anlamına gəlmir. Ancaq Vaşinqtonun regiondakı prioritetlərinin yenidən müzakirəyə çıxarılması qaçılmazdır. İsrailin təhlükəsizliyi, İranın regional təsiri, Fələstin məsələsi, Livan, Suriya və Körfəz ölkələri ilə münasibətlər yeni siyasi müstəvidə qiymətləndiriləcək.  Xüsusilə ABŞ-ın hərbi müdaxilələrinin maliyyə və siyasi qiyməti daha çox müzakirə olunacaq.

Demokratlar regional münaqişələrin diplomatik həlli, beynəlxalq tərəfdaşlarla koordinasiya və humanitar məsələlərə daha çox diqqət ayıra bilərlər. ABŞ-ın Yaxın Şərq siyasətində enerji təhlükəsizliyi, İsrailin müdafiəsi və İranın nüvə proqramının qarşısının alınması kimi strateji prioritetlər partiya dəyişməklə aradan qalxmayacaq. Dəyişə biləcək əsas məsələ bu prioritetlərin hansı vasitələrlə həyata keçirilməsi olacaq.


Dünya mediası nəyi görür...

Dünya mediasının seçkilərə yanaşmasında diqqət çəkən məqam odur ki, hadisə ABŞ-ın daxili siyasi böhranı kimi təqdim edilmir.

Reuters seçki nəticələrini iqtisadi təzyiqlər, İran müharibəsinin yaratdığı enerji böhranı və Trampın xarici siyasətinin seçicilərə təsiri kontekstində təhlil edir.

Associated Press demokratların qələbəsini Tramp administrasiyasına verilmiş ciddi siyasi etiraz kimi qiymətləndirir.

Al Jazeera isə Konqresin dəyişən tərkibinin İran müharibəsi, Ukraynaya yardım və ABŞ-ın beynəlxalq öhdəlikləri baxımından mümkün nəticələrinə diqqət çəkir.

RFE/RL-in təhlilində isə xüsusilə Rusiya, Ukrayna və İran istiqamətində Konqresin nəzarət imkanlarının genişlənməsi ön plana çıxır.

Bu yanaşmaların ortaq nəticəsi odur ki, Amerika seçkiləri beynəlxalq sistemin gələcək davranışına təsir edən hadisədir.


Dünyanı nə gözləyir...

Amerikada baş verənlər beynəlxalq münasibətlər sistemində yeni mərhələnin başlanğıcı olacağını istisna etmək olmaz.  Bir tərəfdə prezidentin icra hakimiyyəti və fərdi siyasi strategiyası, digər tərəfdə isə Konqresin institusional nəzarət mexanizmləri dayanır. Bu qarşıdurmanın nəticələri bir neçə istiqamətdə özünü ciddi şəkildə göstərəcək.

Birinci ssenari odur ki, Tramp administrasiyası demokratlarla kompromis axtarır, İran müharibəsinin dayandırılması və iqtisadi sabitlik üçün diplomatik imkanlar genişlənir.

Digər variantlar da mümkündür. Ağ Ev Konqresin müqavimətinə baxmayaraq icra səlahiyyətlərindən daha fəal istifadə edir, xarici siyasətdə sərt kurs davam edir və Vaşinqtonda siyasi qarşıdurma dərinləşir. Yaxud da ABŞ-ın daxili siyasi parçalanması beynəlxalq müttəfiqlərin Vaşinqtona etimadını zəiflədir. Avropa, Asiya və Yaxın Şərq ölkələri öz təhlükəsizlik və iqtisadi strategiyalarını daha müstəqil şəkildə qurmağa başlayırlar. Bu ssenarilərin hər biri dünyanın geosiyasi arxitekturasına fərqli təsir göstərə bilər.

Gerçəklik odur ki, ABŞ-ın siyasi qərarları Vaşinqtonun daxilində müzakirələri keçərək Kiyevdə cəbhə xəttinə, Təl-Əvivdə təhlükəsizlik kabinetinə, Tehranda diplomatik strategiyaya, Pekində iqtisadi planlaşdırmaya, Bakıda isə regional təhlükəsizlik hesablamalarına təsir edir. Deməli, dəyişən ABŞ-dan nə gözləyəcəyi və ABŞ-ın dünyaya nə təklif edə biləcəyi məsələsidir. Trampın qarşısında indi yeni siyasi reallıq var. Demokratlar qələbə qazanıblar, amma bu qələbənin dünya siyasətində hansı nəticələr doğuracağı hələ qarşıdakı aylarda müəyyənləşəcək.

Modern Araşdırma və Təhlil Qrupu

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK video yayıldı! İran Xudafərini nişan aldı - Sensasion iddia