Avropa İttifaqının (Aİ) rusiyalı milli milyarderlər Əlişer Usmanov və Mixail Fridmana tətbiq edilən sanksiyaları ləğv etmək qərarı xaricdə fəaliyyət göstərən Rusiya müxalifətinin kəskin etirazına səbəb olub.
Modern.az xəbər verir ki, müxalifət nümayəndələri Aİ-nin bu addımını "ikili standartlar" və Brüsselin ciddi siyasi geri çəkilməsi kimi qiymətləndiriblər.
Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya bildirib ki, bu qərar Avropanın sanksiya siyasətindəki ədalətsizliyi ortaya qoyur:
"Məlum olur ki, yaxtaları, böyük imkanları və əlaqələri olan zəngin iş adamları üçün sanksiyaları asanlıqla ləğv etmək mümkündür. Lakin siyasi təqiblər və ya mobilizasiya səbəbindən ölkədən qaçan sıravi Rusiya vətəndaşları Avropada hələ də viza və bank məhdudiyyətləri ilə mübarizə aparmaq məcburiyyətindədirlər".
Müxalifətçi Lyubov Sobol isə baş verənləri Moskva üçün böyük siyasi uğur hesab edir. Onun sözlərinə görə, bu addım "Putinin ciddi geopolitik qələbəsi"dir və Avropa İttifaqı daxilindəki fikir ayrılıqlarını daha da dərinləşdirir.
Digər müxalif fiqur Leonid Volkov qərardan sonra "təhlükəli və dəhşətli presedent" yarandığını vurğulayıb. Siyasi xadim Vladimir Kara-Murza isə Avropa İttifaqının bu addımına reaksiyasını qısa və sərt şəkildə ifadə edib: "Utan sənə, Aİ".