2027-ci il Həcc ziyarəti üçün sənəd qəbulu sentyabrın 24-dən başlayacaq.
Modern.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc Elektron Sistemi rəhbəri Vüsal Cahangiri bildirib.
Onun sözlərinə görə, Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyinin tövsiyəsinə əsasən, bu il sənədlərin qəbulu ötən illə müqayisədə daha erkən başlayacaq.
İlkin olaraq bir nəfər üçün Həcc ziyarəti paketinin qiyməti ötən il olduğu kimi 6100 ABŞ dolları müəyyən edilib. Bununla belə, qiymətin müəyyən qədər artması istisna edilmir.
V.Cahangiri bildirib ki, dünyada baş verən hadisələr, eləcə də Səudiyyə Ərəbistanının müvafiq qurumları tərəfindən xidmət paketlərinin sayının 4-dən 3-ə endirilməsi və yeni xidmətlərin əlavə olunması qiymət artımına səbəb ola bilər:
"Həcc ziyarəti əvvəlki illərdə olduğu kimi vahid formada təşkil ediləcək və zəvvarların Səudiyyə Ərəbistanına səfəri hava nəqliyyatı ilə həyata keçiriləcək.
Sənəd qəbulu 24 sentyabr 2026-cı ildən etibarən iş günləri saat 10:00-dan 16:00-dək QMİ-nin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılacaq.
Həcc ziyarətinə getmək istəyən şəxslərdən aşağıdakı sənədlər tələb olunur:
-ümumvətəndaş pasportu (ən azı 1 il etibarlılıq müddəti olmalıdır);
-şəxsiyyət vəsiqəsinin surəti;
-5x5 santimetr ölçüdə ağ fonda çəkilmiş 2 ədəd rəngli fotoşəkil (qadınlar tünd hicabda);
-sağlamlıq haqqında arayış.
Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyinin tələblərinə əsasən, sənədlərin qeydiyyatı və vizaların alınması prosesi ötən ildən daha erkən başa çatdırılmalıdır. Həcc ziyarətinə getmək niyyətində olan vətəndaşlara gecikmədən qeydiyyatdan keçməyi tövsiyə edirik".