
Ramazan ayı bir həftədən sonra başa çatacaq. Bir çoxları iddia edir ki, bu il Azərbaycanda oruc tutanların sayı azalıb. Bundan əlavə, bu müqəddəs ayda yerinə yetirilməsi vacib sayılan məsələlərdə fikir ayrılığı müşahidə edilir, xüsusilə imsak və iftar vaxtı ilə bağlı insanlar vahid nəticəyə gələ bilmir. Bəzi insanlar isə “ağ sap-qara sap” məsələsini əsas tutaraq hətta səhər azanından sonra da yeyib-içməyə davam etməyin doğru olduğunu deyir. Eyni zamanda, qadınların başı açıq iftar süfrəsinə oturmasını düzgün saymırlar.
Modern.az saytının bu məsələlərlə bağlı suallarını Məşədi-Dadaş məscidinin imam-camaatı Hacı Şahin Həsənli cavablandırıb.O, Azərbaycanda kifayət qədər oruc tutan olduğunu bildirib:
“Dəqiq rəqəm demək çətindir. Amma istər sosial şəbəkələrdə, istərsə də şəxsən edilən müraciətləri nəzərə aldıqda görürük ki, bu il oruc tutanların sayı həddindən artıq çoxdur. Yay mövsümünə düşməsinə baxmayaraq, orucluq ibadətini yerinə yetirən insanlar kifayət qədərdir. Bir qrup insan dinlə bağlı vaxtaşırı səhv fikir formalaşdırmağa çalışır.
Məqsədli və ya bilməyərəkdən Azərbaycan xalqının dinə, mənəviyyata bağlı olmadığını iddia edirlər. Düşünürəm ki, dini hökmləri icra edib-etməməsindən asılı olmayaraq dinə, inanca sayğı ilə yanaşılmalıdır. Ona görə də kimlərinsə səthi müşahidələr apararaq iddia irəli sürməsi əsassızdır. Dini fəaliyyətlə məşğul olan biri kimi deyə bilərəm ki, bu günlərdə keçirilən Qədr gecəsi mərasimlərində Bakının bütün məscidlərinə minlərlə insan axının şahidi oldum”.
İlahiyyatçı Ramazan ayı daxil olandan müzakirə mövzusu olan “ağ sap-qara sap” məsələsinə də aydınlıq gətirib. O deyib ki, bu, bütün müsəlman ölkələrində, o cümlədən Azərbaycanda elmi şəkildə, astronomik yolla hesablanır:
“Vahid nəticəyə gəlmək üçün həm Qafqaz Müsəlmanları İdarəsi, həm də Şamaxı Rəsədxanasının üzvlərindən ibarət komissiya yaradılıb. Mən də həmin komissiyanın üzvüyəm. Komissiya Türkiyə və İrandan gələn mütəxəssislərlə də fikir mübadiləsi aparır. Gəlinən nəticə elmi hesablamalara əsaslanır. Gələcəkdə də bu işin təkmilləşdirilməsi nəzərdə tutulub.
“Ağ sap-qara sap” dedikdə havanın hansı vəziyyətdə olduğu nəzərdə tutulur”. “Ağ sap-qara sap” məsələsini irəli sürənlər hətta sübh azanı oxunduqdan sonra belə yeyib-içmək olar deyə düşünürlər.
Hacı Şahin bildirir ki, bu, səhv yanaşmadır: “Ağ və qara sap”ların bir-birindən seçilməsi üçün havanın tam aydınlaşması lazımdır. Nəzərə alaq ki, biz şəhərdə, işıqlı məkanda yaşayırıq. Bu müşahidəni aparmaq üçün şəhərdən uzaqlaşmaq, tam qaranlıq yerdə müşahidə aparmaq lazımdır. Əgər azan verilən zaman qaranlıq məkanda olsanız, havanın işıqlandığını hiss edəcəksiniz. Son nəticə olaraq sübh azanından əvvəl yeyib-içməyi bitirmək, axşam azanından sonra isə yeməyə başlamaq lazımdır”.
Axund “iftar vaxtı qadın hökmən başıbağlı olmalıdır” fikri ilə qətiyyən razılaşmır: “Hicab geyinmək dinimizin göstərişidir. Qadınlar naməhrəmlərin qarşısında örtünməlidirlər. Amma iftar açan zaman baş bağlamaq kimi tələb yoxdur”. Axundson zamanlar Azərbaycanda hicablı xanımların sayının sürətlə artdığı və bunun ölkəmiz üçün təhlükə ola biləcəyi iddiasını da cavabsız qoymayıb:
“Hicabı zaman-zaman dini təhlükə mənbəyi kimi təqdim etmək cəhdləri meydana çıxır. Qərb ölkələrində də bir sıra dairələr dini bu şəkildə təqdim etməyə çalışır, dini qorxu mənbəyi kimi qələmə verirlər.
Fikrimcə, bu islamafobiyadan başqa bir şey deyil. İslam dininin yayılmasından qorxuya düşən bəzi dairələr dünyanın hər yerində din əleyhinə təbliğat aparırlar. Azərbaycanda dini dəyərlərə yönəlmə öz-özlüyündə müsbət haldır. İnsanların mənəviyyatlı və intellektli olması, onların kamilliyinin göstəricisidir.
Elmi əsaslarla, müasir dövrün tələblərinə uyğun təqdim olunan və mənimsənilən dindən hər hansı qorxu hissi keçirməyə ehtiyac yoxdur.
Əslində, din bizim gələcək inkişafımızı stimullaşdıra bilər. Çünki insanların elmi inkişafla yanaşı, mənəvi inkişafa da ehtiyacı var. Ona görə də bu məsələlərdə qorxulu məqam axtarmaq lazım deyil. Qorxulu məqam ondan ibarətdir ki, xarici qüvvələr insanların din və inancından sui-istifadə edərək onları radikallığa yönəldə bilərlər. Bunun qarşısı alınmalıdır. Amma digər hallarda dinin yayılması xalqlara ziyan yox, xeyir gətirər”.
Ramazan bayramı günlərində Azərbaycana İrandan daha çox turist gələcəyi iddiası dolaşmaqdadır. İddiaçılar bunu iranlıların öz ölkələrində məhdud istirahət şəraiti ilə əlaqələndirirlər. Maraqlıdır, Hacı Şahin Həsənli bununla razılaşırmı?
“Bununla bağlı dəqiq bir söz deyə bilmərəm. Ramazan bayramı bir çox müsəlman ölkəsində bir neçə gün qeyd olunur. Yəni insanlar xarici ölkələrə səfər edirlər. İranla Azərbaycanın mətbəxi də müəyyən qədər yaxındır, din birliyimiz var, həmçinin ölkəmizə gəlmək üçün çox da xərc tələb olunmur, Bakının müasir görüntüsü, inkişafı da insanları çəkir.
Yəqin iranlılar da bu səbəbdən ölkəmizə gəlir. Mən başqa məna verə bilmirəm. Bu həm də dini bayramdır, məhdudiyyətlərin olacağını düşünmürəm”.
Gülşən RAUFQIZI