Prezidentin təklif etdiyi dəyişikliklərlə Milli Məclisə qaytarılmış qanunun yeni redaksiyasında innovativ fəaliyyətə dövlət dəstəyi ixrac göstəriciləri və valyuta daxilolmaları ilə əlaqələndirilir.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin payız sessiyasının ilk iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bildirib.
Komitə sədri xatırladıb ki, növbədənkənar sessiyada rəqəmsal inkişaf strategiyasının və innovasiya ekosisteminin hüquqi bazasının yaradılması məqsədilə dörd layihədən ibarət qanunvericilik paketi qəbul edilərək Prezidentə təqdim olunub. Paketdəki qanunlardan biri rəqəmsal iqtisadiyyatın stimullaşdırılmasını və bu sahədə güzəştlərin tətbiqini nəzərdə tutub.
Azər Əmiraslanov vurğulayıb ki, qanunun Prezidentin təklif etdiyi dəyişikliklərlə təkrar baxılmaq üçün qaytarılması ilə onun məqsədəuyğun hesab edilməyərək imzalanmadan qaytarılması fərqləndirilməlidir.
Onun sözlərinə görə, qanunun imzalanmadan qaytarılması Prezidentin Konstitusiyada təsbit edilmiş hüququdur və qanunvericilik prosesinin konstitusion davamı, icra və qanunverici hakimiyyət arasında qarşılıqlı fəaliyyət mexanizmidir.
Komitə sədri bildirib ki, yeni redaksiyada qanunun əsas konsepsiyası dəyişmir. Prezidentin təklifləri innovativ iqtisadiyyatın inkişafına dövlət dəstəyinin və özəl investisiyaların cəlbinin tətbiq mexanizmlərini təkmilləşdirir.
“İlkin yanaşmada sektor üzrə müəyyən edilən güzəştlər ümumi qaydada tətbiq edilirdi. Təklif edilən yeni dəyişikliklər isə innovativ fəaliyyətə dövlət dəstəyini konkret meyarlarla – ixrac göstəriciləri və valyuta daxilolmaları ilə əlaqələndirir və şərtləndirir”, – Azər Əmiraslanov deyib.
O qeyd edib ki, mühüm dəyişikliklərdən biri güzəştlərin tətbiq dairəsinin dəqiqləşdirilməsi və dövlət dəstəyinin konkret olaraq özəl innovativ sahibkarlığa istiqamətləndirilməsidir.
Komitə sədrinin sözlərinə görə, innovativ məhsullar üçün bazarın və tələbin formalaşmasına şərait yaratmaq məqsədilə nəzərdə tutulan **20 faizlik satınalma güzəşti yeni redaksiyada məcburi norma kimi təsbit olunur**. Həmçinin innovativ iqtisadiyyatda fəaliyyət göstərən sahibkarların hüquqlarının müdafiəsi ilə bağlı mühüm əlavələr edilir.
Azər Əmiraslanov vurğulayıb ki, dövlət dəstəyi konkret iqtisadi nəticələrə yönəlməli, əlavə dəyər yaratmalı, ixracı və investisiyaları genişləndirməli, ölkəyə valyuta daxilolmalarını artırmalı və yerli şirkətlərin xarici bazarlara çıxışını stimullaşdırmalıdır.
“Söhbət dövlət dəstəyinin məhdudlaşdırılmasından deyil, onun daha ünvanlı və nəticəyönümlü tətbiq edilməsindən gedir”, – komitə sədri bildirib.
O əlavə edib ki, rəqəmsal və innovativ iqtisadiyyat sürətlə dəyişdiyindən yeni texnologiyalar, biznes və maliyyələşmə modelləri yarandıqca qanunvericiliyin davamlı təkmilləşdirilməsi zəruri olacaq.
Azər Əmiraslanov qanunun yeni redaksiyasının komitədə müzakirə olunduğunu və Prezidentin təklif etdiyi dəyişikliklərlə qəbul edilməsinin yekdilliklə dəstəkləndiyini bildirib. O, sənədin təqdim olunan redaksiyada səsə qoyulmasını xahiş edib.