Yeni Azərbaycan Partiyasının VIII qurultayı ölkəmizin və xalqımızın həyatında mühüm tarixi hadisə və yeni taleyüklü mərhələnin başlangıcı kimi əlamətdardır.
Qurultayda çıxış edən Azərbaycan Respublikasının Prezidenti və Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev proqram xarakterli nitqində YAP-ın VII qurultayından ötən dövr ərzində partiyanın fəaliyyətinə, ölkəmizin həyatında baş vermiş mühüm hadisələrə qiymət verdi və qarşıda duran vəzifələri diqqətə çatdırdı.
Cənab Prezidentin qeyd etdiyi kimi, VII qurultaydan sonrakı illər ölkəmizin və xalqımızın həyatında əlamətdar hadisələr və uğurlarla zəngin olmuşdur.
Bu illər ərzində Azərbaycan öz suverenliyini tam bərpa etmiş, siyasi, iqtisadi və hərbi qüdrətini ardıcıl şəkildə möhkəmləndirmiş, sülh gündəliyini formalaşdırmış, Ermənistanla sülh müqaviləsinin mətnini paraflamış, dövlətimizin beynəlxalq nüfuzu və regional mövqeləri daha da güclənmişdir.
Qurultayda aparılan müzakirələr bir daha göstərdi ki, əldə etdiyimiz uğurların yalnız və yalnız bir siyasi və ideoloji mənbəyi vardır: Heydər Əliyev yolu və bu yolu Şuşa ucalığına, Zəngəzur dağlarının zirvələrinə qaldıran İlham Əliyev zəkası, İlham Əliyev cəsarəti, İlham Əliyev liderliyi!
Bu gün fəxrlə söyləyə bilərik ki, Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük, ən monolit və ən qüdrətli partiyasıdır. Eyni zamanda onu da qeyd etməliyik ki, Yeni Azərbaycan Partiyasının gücü xalqın ona olan etimadında, cəmiyyətin müxtəlif təbəqələrini ümummilli məqsədlər ətrafında birləşdirmək və qarşıya qoyulan vəzifələri həyata keçirə bilmək keyfiyyətindədir.
Keçdiyimiz tarixi mübarizə yolu bir daha göstərdi ki, Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin ideyalarına könüldən bağlı olan, ona sədaqətlə, ləyaqətlə, vicdanla və təmənnasız xidmət edən mərd və mübariz insanların partiyasıdır!
Qurultaydakı nitqində cənab Prezident regionda və dünyada gedən siyasi proseslərə dəqiq qiymət verdi, hər kəsə öz yerini göstərdi və qarşıda duran prioritetləri diqqətə çatdırdı.
Bu gün qarşımızda daha böyük miqyaslı vəzifələr dayanır: Qələbəni, suverenliyimizi qorumaq, hərbi qüdrətimizi artırmaq, ideoloji təxribatların vaxtında qarşısını almaq, davamlı sülhə nail olmaq, azad Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirmək, güclü iqtisadiyyat yaratmaq, insan kapitalını inkişaf etdirmək, sosial ədaləti və vətəndaş rifahını daha da yüksəltmək, gənclərimizin gələcəyinə yeni imkanlar açmaq – bütün bunlar qarşıdakı dövrün mühüm prioritetləridir.
Cənab Prezidentin irəli sürdüyü birinci vəzifə "Biz güclü olmalıyıq" tezisidir. Bəli, müharibə bitib, düşmən kapitulyasiya aktına qol çəkib. Amma sülh yoxdur, müxtəlif təxribat meyilləri var, düşmənə etibar da yoxdur və olmamalıdır da. Bunu bizə yaşadığımız 200 illik tarix dəfələrlə sübut etmişdir. Nə qədər ki dünyada və regionda sabitlik yoxdur, nə qədər ki Azərbaycanın təbii sərvətlərinə, zəngin iqtisadi və logistik resurslarına göz dikənlər var, nə qədər ki bizi cəhalətə çəkmək, özlərinin yanlış və mənasız iddialarına ortaq etmək istəyənlər var, biz güclü olmalıyıq. Heç kəsə ümid bağlamırıq və bağlamamalıyıq. Bu haqsız dünyadan ədalət gözləməməliyik, ədalətimizi özümüz təmin etməliyik və həmişə güclü olmalıyıq.
Ona görə də hərbi gücümüzü artırmalıyıq. Gələn ilin dövlət büdcəsində müdafiə və təhlükəsizlik xərcləri 9 milyard manata qədər artırılacaq, ordumuzun maddi-texniki bazası daha da güclənəcək, müasirləşəcək, hərbçilərimizin maddi və sosial təminatı artırılacaqdır. Biz həm də ideoloji və siyasi təxribatlarla üz-üzəyik və bu təxribatların vaxtında qarşısını almaq üçün siyasi və ideoloji baxımdan güclü olmalıyıq. Təhsilli, bilikli olmalıyıq, texnoloji yenilikləri, süni intellekt də daxil olmaqla bütün sosial şəbəkə və elektron resursları daimi izləməli və əks-təsir yaratmaq üçün proqramlara malik olmalıyıq.
Və ən əsası, birlikdə olmalıyıq. "Bu müqəddəs vətənin, torpağın və bayrağın şərəfi hər birimizin, bütövlükdə isə xalqımızın şərəfidir" düşüncəsi ilə birlikdə olmalıyıq.
Cənab Prezident və Ali Baş Komandan İlham Əliyevin yanında olmalıyıq.
"Qələbənin ata-anası çox olar, məğlubiyyət isə həmişə yetimdir" atalar sözünün həqiqiliyini biz 30 illik işğal dövründə və 44 günlük Zəfər savaşından sonrakı dövrdə əyani şəkildə gördük. Nə zaman ki Azərbaycan dövləti zəif idi, ölkəmiz yoxsul idi, nə qardaşlarımızdan, nə dostlarımızdan, nə də qonşularımızdan bir əməli dəstək görmədik. Sözü daha çox xırdalamaq istəmirəm. Cənab Prezident qurultayda hər şeyi söylədi, bütün daşları yerinə oturtdu. Kimin daş dəyən yeri ağrıyırsa, onun da günahı bizdə deyil. Amma bir daha Böyük Zəfərimizin qələbə düsturunu xatırlatmaq istəyirəm: Böyük Zəfər = Qəhrəman Ordu + Qəhrəman Ali Baş Komandan + Qəhrəman Xalq! Qalanı isə təfərrüatdır və ticarətdir. Ticarətin içində isə maddiyyat da var, siyasət də var, ideologiya da var.
Qarşıda duran əsas vəzifələrdən biri də sosial-iqtisadi inkişafımızla bağlıdır. Cənab Prezident qurultayda gələn il üçün sosial zərfin daha da artırılacağının müjdəsini verdi. Gələn il əməkhaqlarımız, pensiyalarımız, müavinətlərimiz, təqaüdlərimiz artacaq, xalqımızın sosial rifahı qorunacaqdır. Ölkəmizə qoyulan xarici investisiyanın həcmi daha da artacaq, Böyük Qayıdış proqramı daha geniş vüsət alacaqdır. Əminəm ki, həmişə olduğu kimi, qarşıdakı dövrdə də Liderimizin irəli sürdüyü və prioritet elan etdiyi bütün vəzifələrin öhdəsindən layiqincə gələcəyik.
Biz bunları bacaracağıq!
Ulu Öndər Heydər Əliyevin dühasının işığında!
Müzəffər Ali Baş Komandanın polad iradəsi ilə bacaracağıq!
Biz birlikdə güclüyük!
Musa Quliyev
Milli Məclisin deputatı