Modern.az

“Bir gün belə ara vermədik” – Zəfərə aparan strategiya

“Bir gün belə ara vermədik” – Zəfərə aparan strategiya

Aktual

Bu gün, 15:18

İkinci Qarabağ müharibəsi və 2023-cü ilin sentyabr hadisələri uzunmüddətli siyasi strategiyanın məntiqi yekunu kimi qəbul olunmalıdır. Prezidentin “bizim qətiyyətimiz, dönməz fəaliyyətimiz, siyasi addımlarımız və ilk növbədə, Azərbaycan xalqının vahid mövqedə olması bütün bu bəd niyyətləri alt-üst etmişdir” fikri bu strategiyanın əsas fəlsəfəsini ifadə edən tezislərdən biridir. Burada qələbənin mənbəyi yalnız hərbi gücdə deyil, siyasi iradə, cəmiyyətin konsolidasiyası və dövlət siyasətinin ardıcıllığında axtarılır.


Bu yanaşmanın mühüm cəhəti ondan ibarətdir ki, 2020 və 2023-cü illərin nəticələri bir-birindən təcrid olunmuş hadisələr kimi deyil, eyni strateji xəttin müxtəlif mərhələləri kimi nəzərdən keçirilir. Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqində 8 Noyabr və 20 Sentyabr tarixlərinin xüsusi vurğulanması da təsadüfi deyil. Birinci tarix müharibənin hərbi-siyasi dönüş nöqtəsini, ikinci tarix isə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasını simvolizə edən mərhələ kimi təqdim edilir. Beləliklə, Zəfər anlayışı yalnız döyüş meydanındakı üstünlüklə məhdudlaşdırılmır; onun siyasi nəticəsinin suverenliyin tam və faktiki təmin olunması olduğu önə çəkilir.


Prezidentin çıxışında diqqəti cəlb edən digər məqam, dövlətimizin başçısının Zəfərin əldə edilməsini “bir anın qərarı” deyil, ardıcıl hazırlıq və çoxvektorlu fəaliyyət prosesi kimi təqdim etməsidir. 2020-ci il müharibəsindən 2023-cü ilin sentyabrına qədər olan dövrün siyasi, diplomatik və hərbi istiqamətlər üzrə paralel fəaliyyət mərhələsi kimi xarakterizə olunması məhz bu məntiqə əsaslanır. Nitqdə siyasi müstəvidə beynəlxalq təşkilatlarda aparılan fəaliyyət, Qarabağdakı strateji mövqelərin möhkəmləndirilməsi, hərbi əməliyyatlar və Azərbaycan–Ermənistan münasibətlərində hüquqi-siyasi zəminin formalaşdırılması vahid prosesin elementləri kimi sadalanır.


Bu baxımdan Prezidentin “bir gün belə ara vermədik” ifadəsi sadəcə siyasi ritorika deyil, dövlət strategiyasının fasiləsizliyi ideyasını ifadə edir. Müasir beynəlxalq münasibətlər sistemində hərbi nəticənin siyasi nəticəyə çevrilməsi avtomatik proses deyil. Hərbi üstünlüyün diplomatik, hüquqi və institusional nəticələrlə möhkəmləndirilməsi tələb olunur. Azərbaycan hakimiyyətinin 2020–2023-cü illər arasındakı fəaliyyəti Prezidentin təqdim etdiyi çərçivədə məhz bu ardıcıllıq üzərində qurulmuşdur.


Burada daha fundamental məsələ ortaya çıxır. Suverenlik yalnız hüquqi prinsip deyil, həm də onun reallaşdırılması üçün dövlətin real imkanlarının mövcudluğudur. Qarabağın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olması uzun illər ərzində mübahisələndirilmirdi. Lakin beynəlxalq hüquqi tanınma ilə faktiki nəzarət arasında yaranmış boşluq münaqişənin əsas xüsusiyyətlərindən biri olaraq qalırdı. Prezidentin çıxışında “sözdə bir şey deyilir, amma arxa qapılar arasında başqa şeylər edilir” fikri də məhz bu ziddiyyətə işarə edir. 
Bu məqam Azərbaycanın son üç onillikdə üzləşdiyi problemin mahiyyətini anlamaq baxımından əhəmiyyətlidir. Münaqişənin həlli yalnız qətnamələrin qəbul edilməsi ilə mümkün olmadı. Azərbaycan üçün əsas məsələ beynəlxalq hüququn verdiyi siyasi və hüquqi çərçivənin faktiki reallığa çevrilməsi idi. Bu mənada 2020-ci il müharibəsi ilə 2023-cü ilin sentyabr hadisələri arasında strateji ardıcıllıq görmək mümkündür: əvvəlcə işğal edilmiş ərazilərin əhəmiyyətli hissəsi üzərində nəzarət bərpa edildi, daha sonra isə Azərbaycanın suverenliyinin tam həyata keçirilməsinə mane olan separatçı struktur aradan qaldırıldı.


Prezidentin “Azərbaycan xalqı yumruq kimi birləşərək öz haqqını tələb edirdi və Azərbaycan iqtidarı da bu şərəfli missiyanı yerinə yetirdi” fikri isə məsələnin başqa bir tərəfini - milli konsolidasiyanı ön plana çıxarır. Dövlətin hərbi və diplomatik resursları nə qədər güclü olsa da, uzunmüddətli münaqişələrdə cəmiyyətin əsas strateji məqsəd ətrafında konsolidasiyası dövlət siyasətinin davamlılığı üçün mühüm amildir. Prezidentin nitqində xalqın vahid mövqeyi məhz bu kontekstdə siyasi iradənin sosial dayağı kimi təqdim edilir.


Bu yanaşmada vahid mövqe anlayışı sadəcə emosional birlik deyil. Onun institusional nəticəsi də var: dövlətin uzunmüddətli məqsədi dəyişmədikdə taktiki vasitələr və mərhələlər dəyişə bilər. Prezidentin çıxışında da strateji məqsədin, yəni ərazi bütövlüyünün və suverenliyin bərpasının — illər ərzində dəyişmədiyi, lakin həmin məqsədə aparan taktiki addımların müxtəlif mərhələlərdə yeniləndiyi vurğulanır. Nitqin başqa hissəsində bu xətt müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və öz imkanlarımızdan maksimum istifadə prinsipləri ilə ümumiləşdirilir.


Bu baxımdan, Qarabağ məsələsində əldə olunan nəticəni yalnız hərbi qələbə anlayışı ilə izah etmək analitik baxımdan natamam ola bilər. Burada siyasi məqsədin müəyyənləşdirilməsi, iqtisadi və hərbi potensialın uzun müddət ərzində gücləndirilməsi, beynəlxalq mövqelərin hazırlanması, hərbi əməliyyatların siyasi məqsədə tabe etdirilməsi və nəticədə əldə olunmuş reallığın yeni regional münasibətlər sisteminə çevrilməsi kimi bir-birini tamamlayan mərhələlər mövcuddur.


Prezidentin Minsk qrupunun fəaliyyəti ilə bağlı qiymətləndirməsi də bu kontekstdə nəzərdən keçirilə bilər. Nitqdə həmin mexanizmin münaqişəni həll etməkdən daha çox dondurduğu barədə siyasi qiymətləndirmə səslənir. Bu, Prezidentin 2020-ci il müharibəsini yalnız Ermənistan–Azərbaycan qarşıdurmasının növbəti mərhələsi deyil, əvvəlki vasitəçilik modelinin nəticəsizliyinin fonunda yaranmış yeni reallıq kimi təqdim etdiyini göstərir.
Burada xüsusilə mühüm olan strateji səbr anlayışıdır. Strateji səbr passiv gözləmə demək deyil. Əksinə, məqsədin dəyişməz saxlanılması şərtilə uyğun zamanın, resursların və siyasi şəraitin formalaşdırılmasıdır. Azərbaycan nümunəsində bu səbr iqtisadi imkanların artırılması, hərbi potensialın gücləndirilməsi, beynəlxalq münasibətlər sistemində mövqelərin genişləndirilməsi və diplomatik fəaliyyətin davam etdirilməsi ilə müşayiət olunmuşdur.


2023-cü ilin sentyabr hadisələri isə bu prosesin son hərbi mərhələsi kimi çıxış etdi. Prezidentin nitqində həmin hadisənin ərazi bütövlüyü və suverenliyin bərpası kontekstində təqdim edilməsi də məhz buna görə diqqət çəkir. Beləliklə, 2020-ci il Azərbaycanın hərbi-siyasi təşəbbüsü öz əlinə almasının, 2023-cü il isə həmin təşəbbüsün suverenliyin tam təmin olunmasına gətirib çıxarmasının simvoluna çevrilir.


Bununla yanaşı, Prezidentin tarixi unutmamalıyıq fikri də yalnız keçmişə münasibət məsələsi deyil. Tarixi yaddaş burada gələcək siyasi qərarların formalaşdırılmasında istifadə olunan strateji resurs kimi təqdim edilir. 2018–2020-ci illərin hadisələrinin xatırladılması çağırışı tarixə yalnız emosional münasibəti deyil, siyasi proseslərin səbəb-nəticə əlaqələrinin qorunmasını nəzərdə tutur.


Prezidentin VIII Qurultaydakı fikirlərinin təhlili göstərir ki, Azərbaycanın Qarabağ siyasəti onun təqdim etdiyi konseptual çərçivədə strateji məqsədin müəyyənləşdirilməsindən, həmin məqsədə çatmaq üçün milli və dövlət resurslarının uzunmüddətli səfərbər edilməsindən və əldə olunmuş nəticənin siyasi-hüquqi reallığa çevrilməsindən ibarətdir.


Siyasi iradə yalnız qərar qəbul etmək qabiliyyəti deyil, qəbul edilmiş strateji qərarı dəyişən beynəlxalq şəraitdə ardıcıl şəkildə həyata keçirmək qabiliyyətidir. Prezident İlham Əliyevin qurultay nitqində qətiyyət, milli birlik, hərbi güc, diplomatik fəaliyyət və strateji düşüncə anlayışlarının eyni məntiqi ardıcıllıqla təqdim edilməsi də məhz bu yanaşmanı ortaya qoyur.

Azər Kərimli
Milli Məclisin deputatı

Sizə yeni x var
Keçid et
İrandan Bakıya hörmətsizlik - Bunu da etdilər