Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli danışıqlar ərəfəsində Ukrayna nümayəndə heyətinin amerikalı və avropalı tərəfdaşlarla məsləhətləşmələri başlayıb.
Modern.az UNN agentliyinə istinadən xəbər verir ki, Ukrayna nümayəndə heyətinin rəhbəri Rüstəm Umerov Əbu-Dabidə işə başladıqlarını açıqlayıb. Onun məlumatına görə, Ukrayna təmsilçiləri Avropa və NATO nümayəndələri ilə görüşür, ABŞ tərəfinin də məsləhətləşmələrə qoşulması nəzərdə tutulur.
Umerov daha əvvəl Avropa tərəfdaşları ilə ayrıca koordinasiya görüşlərinin keçiriləcəyini bildirib. Məqsəd danışıqlarda mövqeləri uzlaşdırmaq və növbəti diplomatik addımlarla bağlı ortaq yanaşma müəyyənləşdirməkdir. Əbu-Dabidə Böyük Britaniya, Fransa, Almaniya və İtaliya, həmçinin NATO və Avropa Komissiyasının nümayəndələrinin iştirakı nəzərdə tutulur.
“Associated Press”in ABŞ rəsmilərinə istinadən məlumatına görə, Donald Trampın nümayəndələri Stiv Uitkoff və Cared Kuşner avropalı tərəfdaşlarla mümkün təhlükəsizlik təminatlarını və Avropanın gələcək təhlükəsizlik sistemini müzakirə etməlidirlər. Vaşinqton sonrakı danışıqlarda Avropanın daha geniş iştirakına Moskvanın razılığını almağa çalışır.