Qazaxıstanda Azərbaycan vətəndaşları da daxil olmaqla əcnəbilərin fərdi identifikasiya nömrəsini (İİN) bir gün ərzində onlayn əldə etməsi üçün pilot layihəyə başlanılıb.
Modern.az xəbər verir ki, yeni xidmət üçün müraciət “QazETA” mobil tətbiqi vasitəsilə edilir.
Müraciət edən şəxs pasportunun və ya şəxsiyyət sənədinin şəklini çəkməli, biometrik yoxlamadan keçməli və coğrafi mövqeyini təsdiqləməlidir. Daha sonra məlumatları yoxlamaq və zərurət olduqda tamamlamaq tələb olunur.
Sistem şəxsin Qazaxıstana giriş faktını yoxladıqdan sonra müraciətin rəsmiləşdirilməsi davam etdirilir. Ərizə əlavə olaraq ölkənin Daxili İşlər Nazirliyi tərəfindən yoxlanılır.
Tətbiqdəki MAQ miqrasiya xidmətləri platforması üzərindən müraciətin statusunu izləmək, verilmiş nömrəyə baxmaq və hazır qeydiyyat şəhadətnaməsini yükləmək mümkündür.
Pilot layihənin başlanmasına dair Qazaxıstan Daxili İşlər Nazirliyinin əmri noyabrın 9-da qüvvəyə minib.