2026-cı ilin yanvar–oktyabr aylarında Azərbaycanda 115 milyard 930,5 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,7 faiz çoxdur.
Modern.az xəbər verir ki, hesabat dövründə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,9 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 2,9 faiz artıb.
Ən yüksək artım nəqliyyat və anbar təsərrüfatında qeydə alınıb – 10,2 faiz. İnformasiya və rabitə sahələrində əlavə dəyər 9,9 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşədə 4,6 faiz, ticarət və nəqliyyat vasitələrinin təmirində 3,8 faiz artıb.
Digər xidmət sahələrində, eləcə də kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda artım 1,4 faiz, sənayedə isə 0,4 faiz olub. Tikintidə əlavə dəyər 6,8 faiz azalıb.
ÜDM-in 35 faizi sənayenin, 10,6 faizi ticarət və nəqliyyat vasitələrinin təmirinin, 7,7 faizi nəqliyyat və anbar təsərrüfatının, 6,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığın payına düşüb.
Tikinti ÜDM-in 5,5 faizini, turistlərin yerləşdirilməsi və ictimai iaşə 2,7 faizini, informasiya və rabitə 2 faizini, digər sahələr isə 20,5 faizini təşkil edib. Məhsula və idxala xalis vergilərin ÜDM-də payı 9,8 faiz olub.