Modern.az

Tələbələrin Şərurlu İsfənyarla görüşünün detalları məlum olub

Tələbələrin Şərurlu İsfənyarla görüşünün detalları məlum olub

Təhsil

Bu gün, 09:10

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) bir neçə tələbəsinin iş adamı İsfənyar Axundovla görüşünün universitet tərəfindən təşkil edilməsi barədə yayılan məlumatlara münasibət bildirib.

Universitetdən Modern.az-a verilən açıqlamada qeyd olunub ki, görüş AzMİU-da keçirilməyib, universitet tərəfindən təşkil edilməyib və tədris prosesinin tərkib hissəsi olmayıb.

Bildirilib ki, görüş bir neçə tələbənin şəxsi təşəbbüsü və müstəqil müraciəti əsasında iş adamının öz iş yerində baş tutub:

“Universitet rəhbərliyinin, eləcə də digər struktur bölmələrinin bu görüşün təşkili və keçirilməsi ilə heç bir əlaqəsi olmayıb. Tələbələrin şəxsi təşəbbüsləri əsasında universitetdən kənarda həyata keçirdikləri görüş və fəaliyyətlərin ali təhsil müəssisəsinin rəsmi mövqeyi, təşəbbüsü və ya tədris fəaliyyəti kimi təqdim olunması yolverilməzdir”.

Açıqlamada bəzi paylaşımlarda görüş və iştirakçılarla bağlı tənqidlərin əsassız olaraq universitetə də şamil edildiyi, bunun ictimaiyyətdə AzMİU haqqında yanlış təsəvvür yaratdığı vurğulanıb.

“Universitetin təşkilatçısı və iştirakçısı olmadığı bir görüşə görə ali təhsil müəssisəsinin ictimai qınaq obyektinə çevrilməsi cəhdlərini qətiyyətlə qəbul etmirik”, – deyə açıqlamada bildirilib.

AzMİU media nümayəndələrini və sosial şəbəkə istifadəçilərini məlumatları yaymazdan əvvəl dəqiqləşdirməyə, tələbələrin şəxsi təşəbbüslərini universitetin rəsmi fəaliyyəti ilə eyniləşdirməməyə çağırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bizi biabır etmə, ayıbdır! - Ermənilərdən Paşinyana etiraz