
Kimsəsiz, atılmış, yetim insanlar həqiqətən də həyatda mənəvi cəhətdən ən böyük sarsıntı və zərbə alırlar. Onlar hər an belə yaşamaqdan, tənhalıqdan qurtulmaq, öz ata-analarının gəlməsini, yaxınlarının onlara sahib çıxmasını istəyirlər. Təbii ki, yetimlərin, yaxınları olmayanların ən böyük maddi və mənəvi dəstəyi dövlət olmalıdır. Əzizləri, qanı və canı bir olan valideynlər övadlarını atıbsa, bu o demək deyil ki, dövlət də həmin insanlardan imtina edəcək. Yox, axı həmin bu kimsəsiz, atılmış inmsanlar da yaşadıqları ölkənin vətəndaşlarıdır. Həyatın çətin və amansız yaşam sınaqlarından, imtahanlaından çıxan kimsəsiz, yetim insanlara dövlət tərəfindən Məzun evləri də tikilib. Bəli, Məzun evləri. Çünki həmin bu insanlar məktəbdəki şagirdlərdən, universitetdəki tələbələrdən fərqli məzunlardırlar. Amansız həyatın məzunları...
Masazır qəsəbəsində internatlardan, uşaq evlərindən məzun olan kimsəsiz, yetimlərə verilən Məzun evinə baş çəkdik. Artıq ora çatana yaxın ilkin ab-havanı hiss edirdik. Bizi əvvəlcə Məzun evinin direktoru Rüxsarə Axundova qarşıladı. Ora gedəndə, həmin gün 2 kimsəsiz məzuna ev veriləcəyindən xəbərimiz yox idi. Fazil və Təbriz həyatlarında ən sevincli günlərindən birini yaşayırdılar.
Rüxsarə xanım söhbət zamanı Məzun evi haqqında məlumat verdi:

“Gördüyünüz 13 mərtəbəli bina 120 mənzildən ibarətdir. Bu, Azərbaycanda ilk təcrübədir. Məzunlarımız üçün evlər ilk dəfə burada tikilib. Bu gün də iki məzunumuza – Fazil İsmayılova və Təbriz Rəhimova ev veriir. Fazilin internatdan olan dostları da buradan ev alıb. Buradakı hər mənzildə 1 nəfər məskunlaşdırılır. Mənzillər yaşamaq üçün lazım olan hər bir avadanlılqla təmin olunub. Daimi istilik, su və qaz da var. Bundan əvvəl 91 uşaq bu binada evlə təmin olunub. Onlardan 10 nəfəri ştat üzrə işə götürülüblər. Onlar bağban, liftçi, qazanxanada, gözətçi işləyirlər. Onlardan çox razıyam, bir-birilərinə də kömək edirlər. Bizdə arabayla hərəfət edən məzunlar da var. Uşaqlar sağlamlıq imkanları məhdud olanlar kömək edirlər. Artıq 95 məzunuz var. Daha 10 nəfərin də gələcyi gözlənilir. Buranın havası təmizdir, mənzərəsi gözəldir. Görürsünüz ki, digər binalar da tikilir. Çünki indi internat evlərindəki uşaqlar böyüyüb məzun olduqdan sonra burada yerləşdiriləcəklər. Məzunların siyahısı Təhsil Nzirliyindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilir. Bura hər hansı texniki, yaxud peşə məktəbindən məzun olanlar da gəlir. Onların içərisində hətta 15-16 yaşlarında, hətta ali təhsil alanlar da var. Hazırda ali təhsillilərimiz sayı 13-dür. Onlardan biri Neft və Kimya Akademiyasında və biri isə Moskvada təhsil alır. 26 nəfər isə Abşeron rayon məşğulluq mərkəzində işsiz statusu alıb. Burada 10 nəfər ailəli yaşayır, 6 ailənin uşağı da var. Bura gələnlər 6 aylıq bütün kommunal xərclərdən azad olunurlar. Amma yemək verilmir. Çünki bura evdir, özləri işləyib qazanırlar”.
Xanım direktorla sağollaşıb Fazil İsmayılovun yeni mənzilinə baxmağa yollandıq. Həqiqətən ev yaşayış üçün lazım olan hər cür əşya ilə təmin olub. Fazil yeni yuvasında çətin, amansız, keşməkeşli həyatından danışdı:

“1983-cü ildə anadan olmuşam. Anam və atam haqqında heç bir məlumatım yoxdur. Yalnız çox sonralar onu öyrənə bildim ki, bir qoça qadın 1986-cı ildə, yəni 3 yaşım olanda məni gətirib uşaq-internat evinə təhvil verib. İndi də düşünürəm ki, görəsən, həmin qoça qadın kim olub? Məni niyə iternata verib? Atam-anam haqqında düşünə bilmirəm. Çünki onlar haqqında heç bir xatirəm yoxdur. Axı, onları görməmişəm. 1986-cı ildən 2002-ci ilin avqust ayının 14-ə qədər Saraydakı o vaxtkı 7, indiki isə 2 saylı uşaq evində böyümüşəm. 2002-ci ildə 18 yaşım tamam olanda Şamaxıdakı 1 saylı ixtisaslaşdırılmış ruhi-əsəb internat evinə göndərirdilər. Amma ruhi baxımdan çox sağlamam. O zaman niyə həmin internata göndərilməyimə bu günə qədər də cavab tapa bilməmişəm.
Mənim yalnız ayağımda şikəstlik var idi. Bəlkə də bəzi fiziki sağlam insanlardan da dərin, sağlam və normal düşünə bilirəm. Zaman keçdikcə anladım ki, əvvəlki nazirlərin vaxtında bu cür təyinatlara dırnaqarası yanaşırmışlar. Amma indi vəziyyət yaxşıdır. Təyinatlar düzgün verilir. Ruhi baxımdan sağlam olduğum halda 7 il ruhi-əsəb internat evində qalmağa məcbur oldum. Sonra, 2009-cu ildə Ramanadakı gənc əlillərin əmək və istirahət evinə göndərildim. Bir il sonra ora da təmirə dayandırıldı. 2010-cu ildə bu dəfə məni qocalar evinə göndərdilər. 2 ildən Mərdəkandakı müalicə mərkəzinə göndərildim. Bura 1 saat əvvəl Mərdəkandakı həmin müalicə mərkəzindən gəlmişəm. Bu gün çox sevincliyəm. Çünki neçə illərdir gözlədiyim an yetişib. Artıq mənim də evim var. Xəstəlik diaqnozum anadangəlmə pəncə əyriliyi olub. Amma uşaq olanda müalicə olunmadığım üçün əyrilik yaranıb”.
Ömrünün 29 ilini internatlarda keçirən Fazil söhbət zamanı bu gün özünün də müalicəyə və şəfaya ehtiyacı olan Hacı Nuranın onun ayağının əməliyyat olunmasında əvəzsiz rol oynadığını deyib:
“Allah Hacı Nurana şəfa versin. Çünki neçə illər bundan öncə Hacı Nuran məni əməliyyat elətdirib. Amma bu ğun Hacı Nuranın özünün müalicəyə ehtiyacı var. Əməliyyat 2007-ci ildə baş tutdu. Hacı Nuran sponsor tapdı və əməliyyat olundum. Pəncələrimi əməliyyat etdilər. Dəfələrlə televiziya kanalları ilə müraciət də eləmişəm. Bilirsiniz, məncə, əgər qohumlarım varsa, müraciət edəndə görüblər. Məgər qohumlarımın hamısı qırılıb? Ola bilməz. Yəni təkcə mən qalmışam? Görünür, onlar məni istəmirlər, sahib çıxmaq niyyətləri yoxdur. Üzülmürəm, Allaha şükür ki sağam. Dövlətin himayəsindən çox razıyam. Bu gün evsiz olan ailəli gənclər var. Bura bu gün gəlmişəm. Əlilliyimlə əlaqədar yüngül işdə işləməyi düşünürəm. Burada trenajor zalı var, bəlkə orada nəzarətçi işlədim”.

Fazil valideynlərinin ondan imtina etməsinə baxmayaraq onlara nifrət edə bilmir:
“Valideynlərim məni atmalarına görə qınaya bilmərəm. Çünki bəlkə də şikəst olduğum üçün atıblar. Bəlkə də atam, anam, yaxud nənəm məcbur olub, imkansızlıqdan, çarəsizlikdən atıb. Bəzən kimsəsiz uşaqlar düşünürlər ki, valideynlərini tapsalar öldürərlər. Amma məndə əksinədir, mövcud olmayan anama sevgi var. Bəlkə də bu gün anam, yaxud atam məndən də pis gündədir. Bəlkə də bir parça çörək belə tapmırlar. Hər şeyə görə valideynləri, əsas da ananı günahlandırmaq olmaz. Allah bağışlayandır. Anadır, 9 ay məni bətnində saxlayıb. 3 yaşına qədər mənə baxıb. O, yaşamağımı istəyib. O, məni öldürmək istəsəydi, doğulmamış bunu edərdi”.
Fazil İsmayılov qəmli, kədərli həyatındakı evliliyindən danışarkən göz yaşlarını saxlaya bilmədi:
“İlk dəfə 2012-ci ildə Qurban bayramı vaxtı 28 yaşlı bir xanımla ailə qurdum. Onun anası Mərdəkandakı pansionatda işləyirdi. Qız da fiziki qüsurlu idi. Bir-birimizi sevib ailə qurduq, nikaha girdik. Mən onlarda qalırdım. Amma anası zaman keçdikcə mənə yuxarıdan aşağı baxmağa başladı. Mənə “bic oğlu”, “yetim oğlu yetim” deyirdi. Məni şikəst olduğum üçün təhqir edirdi. Ona görə də mən o evdə qala bilməzdim. İndi yenidən ailə qurmağı düşünürəm. Çünki artıq bir evim var. Həyatda ən böyük arzum isə odur ki, heç bir ata-ana övladları şikəst belə olsa, onları atmasınlar. Kitab oxumağı sevirəm. Ən çox “Qurani-Kərim”i oxuyuram. Allaha inanıram, çox bağlıyam ona. Mən üzlərini görmədiyim valideynlərimə ata, ana demədim. İstəyirəm ki, gələcəkdə uşaqlarım mənə ata desinlər”.

İnternatdan məzun olan 26 yaşlı Ənvər danışdıqca zülmlü həyatı gözləri önünə gəlir, gözləri yaşarırdı:
“Mənim anam, atam var. Amma çox kiçik yaşlarımda ayağımın şikəst olmasına və çox gec danışdığıma görə internata qoyublar. Ancaq sonradan tam danışmağa başladım. Ayağımdakı şikəstliyə baxmayaraq yeriyə bilirəm. Bəlkə də valideynlərim məni atmasaydılar indiki vəziyyətimdə onların yanında olardım. İndi onları istəmirəm onları. Çünki 26 yaşıma qədər məni dövlət böyüdüb, ev də verib. Eyni internatda oxuyan bir qızla da nişanlıyam. Nişanlım da kimsəsizdir. İnşallah, toy edəcəyik, ona da bu binadan ev verilib. Hərdən söhbət edəndə deyirik ki, dilənsək də, acından küçələrə düşsək də, övladlarımızı atmayacağıq. Axı, onların heç bir günahı yoxdur. Əsl günahkarlar övladlarını atan valideynlərdir. Övladlarını atan valideynlər bunun cavabını axirətdə verəcəklər”.
Əslən Maştağa kəndindən olan, 4 yaşından uşaq evinə düşən Taleh Soltanov isə ata-anasının ölümündən sonra əlacsız qalan nənəsinin onu internata qoyduğunu deyir:
“4-5 yaşlarımdan internata atılmışam. Yadıma gəlir, balaca olanda anam xərçəng xəstəliyindən vəfat etdi. Atam isə buna dözməyib o da 3 ay sonra dünyadan köçdü. Bizə nənəm baxırdı. Amma sonradan o da xəstələndi, ayaqları tutuldu. Bizə heç kim sahib çıxmaq istəmirdi. Nənəm məcbur olub məni internata təhvil verdi. İnternatdan sonra Qızıldaşdakı peşə məktəbində xarrat, dülgər, parket işini öyrəndim. Hərbi xidmətdən qabaq Qaradağda bir çox evlərdə işləmişəm. Halal pul qazanmağa başladım. Hərbi xidmətimi Naxçıvanda etmişəm. Sonra mənə də burada ev verdilər. Bu günümə çox şükür edirəm. Dövlət bizi atmayıb, sahib çıxıb, ev verib. Mən də nişanıyam. Bu yaxınlarda ailə quracağam. 4 yaşımdan həyatın hər cür amansız sifətlərini gördüm. Öz övladlarıma canım bahasına belə olsa atalıq edəcəyəm”.
1992-ci ildə harada doğulduğunu bilməyən həmsöhbətimiz Oleq Larkov isə hələ də bu günə kimi ata-anasını, yaxınlarını, əzizlərini gözləyir:
“Maştağada 1 saylı internatda oxumuşam. Qızıldaşda 8 saylı peşə məktəbinin mebel kursunu bitirmişəm. İnternata atılmağım barədə heç bir məlumatım olmayıb. Lakin sənədlərimdə rus, yaxud slavyan əsilli olmağımı bilirəm. Ailəmlə, əzizlərimlə maraqlanmağa cəhd etmişəm. Lakin heç bir şey alınmayıb. Hərbi xidmətə getmək istəyirəm, amma hələ də aparmırlar. Səbəbi ilə maraqlanmışam, amma dəqiq bir söz deyən yoxdur. Özüm fiziki olaraq tam sağlamam. 23 ildir yetimliyin, kimsəsizliyin dadını görmüşəm. Övladlarıma heç vaxt bu həyatı yaşatmaram. Amma hərdən düşünürəm ki, ata-anamı tapsam qəbul edərəm. Yaxınlarım, qohumlarım tapılsa, sevinərək qəbul edərəm. Axı, onlar haqqında heç nə eşitməmişəm. Pis də olsa anadır, atadır, qohumdur, əzizdir. Dövlətin verdiyi evdə yaşayıram. Burada həm də bağbanlıq edirəm. Aylıq maaşım 200 manatdır. Burada hər cür şəraitimiz var. Kimsəsizlərin həm atası, həm də anası dövlətdir”.
Uşaq evlərində böyümüş qəhrəmanlarımızla söhbətimiz zaman o da məlum oldu ki, onların bəzilərinin şəxsiyyət vəsiqələrində ata adlarının yerinə “XXX” yazılıb. Çünki bu günə qədər öz atalarını, ümumiyyətlə, tanımayan və bilməyənlər də var. Bu gün haqq-ədalət naminə demək lazımdır ki, dövlət valideynləri, yaxınları tərəfindən atılan insanlara hər cür maddi yardım edir.

Ağa Akifoğlu