I Yazı
12 əsrə yaxın əsasən Türk-İslam mədəniyyətinin tərkib hissəsi kimi onun tərəqqisi ilə tərəqqi, tənəzzülü ilə tənəzzül edən Azərbaycan, Türkiyə, Türküstan 19. əsrdən etibarən ikili mədəniyyətin (Türk-İslam və Qərb-Xristianlıq) təsiri altında inkişaf etməyə üz qoydu. Buna səbəb bir tərəfdən İslamın mahiyyətinə, qayda-qanunlarına yenidən baxmaq, digər tərəfdən Qərb dünyasında baş verən siyasi, iqtisadi, mədəni və fəlsəfi yeniliklər idi. Özəlliklə, Azərbaycan və Türkiyə aydınları yeniliyi və islahatları yanlız Şərq-İslam mədəniyyəti daxilində deyil, yenicə tanış olmağa başladığı Qərb mədəniyyətində də axtarmağa başladılar. Bu isə, istər-istəməz Türk aydınlarının dünyagörüşündə həm ziddiyyətlərə yol açdı, həm də yeni axtarışlara səbəb oldu.
“Qərbləşmə” posesi çar Russiyasının işğalı altında olan Türk elləriylə, müstəqil Türkiyədən bir qədər fərqli istiqamətdə inkişaf etmişdir. Şübhəsiz, bunun müxtəlif səbəbləri arasında müstəmləkəçilik psixoljisi mühüm yer tutur. Hər halda, çar Rusiyasının müstəmləkəsi olan türklərlə müstəqil, üstəlik bir imperatorluq sahibi türklərin in “qərbləşmə”yə baxışlarında fərqlərin olması təbii idi. Onlardan birisi “qərbləşmə”dən yararlanaraq çar Rusiyası imperatorluğunu devrərək müstəqil olmağa, digəri isə əksinə Osmanlı imperatorluğunu qorumağa və gücləndirməyə çalışırdı. Zənnimcə, əsarət altındakı türk aydınlarının əksəriyyətinin “qərbləşmə”yə çox meyilli olması müstəqillik hissi ilə bağlı idi. Onlar Osmanlı aydınlarından fərqli olaraq “qərbləşmə”yə yalnız məcburi müasirləşmək anlamında deyil, itirilmiş müstəqilliyin yenidən geri qaytarılması nicatı kimi də baxırdılar. Məhz bunun nəticəsi idi ki, bəzi aydınlarımız “Qərb”dən gələn ideyaların müsbət cəhətlərinı baxmayaraq, bütövlükdə İslama və milli dəyərlərə zidd tərəflərini bildikləri üçün onu ideallaşdırmaqdan vaz keçdikləri halda (Bakıxanov, Zakir, Şirvani, Zərdabi), digərləri (Axundzadə, Mirzə Kazım bəy) tərsinə “Qərb”i nicat yolu olaraq seçdilər.
Bütün hallarda, iki əsrdir “Qərb”dən kənarda qalan xalqlarda bir “Qərb” idealı vardır. “Qərb”i bir ideal kimi görənlər isə “qərbləşmə” tərəfdarıdırlar. “Qərbləşmə” o zaman meydana çıxıdı ki, Avropa maddi və mənəvi gücü ilə dünyada fərqlənməyə başladı. “Qərb”dən kənarda qalanlar da bir “Qərb” gerçəkliyinin duyar-duymaz ona maraq göstərdilər. Bununla da, Türkiyədə, Yaponiyada, İranda, Rusiyada və başqa ölkələrdə “qərbləşmə” tərəfdarları ortaya çıxdılar.
Türk Dünyasında, o cümlədən Türkiyədə, Azərbaycanda, Kırımda, Tatarıstanda, Türkistanda “qərbləşmə” 19-cu əsrin əvvəllərindən özünü göstərmişdir. Türklər arasında “qərbləşmə” məsələsi ilk günlərdən birmənalı qarşılanmamışdır. Məncə, “Qərb” məsələsi meydana çıxandan günümüzədək Türk aydınlar arasında bu məsələyə münasibətdə üç əsas baxış olmuşdur:
1) “Qərbləşmə”nin tərəfdarları;
2) “Qərbləşmə”nin əleyhdarları;
3) “Qərbləşmə” məsələsində orta mövqe tutanlar...

Zərrə qədər də şübhə etmirik ki, 19. əsr Azərbaycan Türk mütəfəkkirlərindən Abbasqulu Ağa Bakıxanov çağdaşları arasında ilk dəfə Qərb-Xristian mədəniyyəti ilə Türk-İslam-Şərq mədəniyyətini müqayisə edərək inanılmaz dərəcədə doğru nəticəyə gəlmişdi. Bakıxanov əsarət altında yaşayan türklərin parlaq bir zəkası kimi, Rus-Qərb-Xristian mədəniyyətinin yüksəlişini də, bunun fonunda Türk-İslam-Şərq mədəniyyətinin tənəzzülünü də çox doğru görə bilmişdi. Bir mədəniyyətin yüksəlişi yalnız onun təmsilçilərinin ideyalarının məhsulu deyil, eyni zamanda başqa bir mədəniyyətin durğunluq işçində olması ilə bağlıdır. Başqa sözlə, birinin tərəqqisi o zaman məlum olur ki, o birisi tənəzzül edir. Özəlliklə, tənəzzül edənin tərəqqi edəni nə dərəcədə önəmsəməsindən çox şey asıldır. Burada iki yol, iki seçənək var: 1) tənəzzül edənin özünün çıxış yolu araması, yaxud da ən azından başqasından örnək almaqla yanaşı, sonucda öz yolunu seçməsidir. 2) tənəzzül edən özü çıxış yolu aramaq əvəzinə yalnız tərəqqi edəni təqib və təqlid etməsidir.
Bakıxanov bu yollardan birincisini seçmişdir. Belə ki, həm Avropa mütəfəkkirlərinin əsərləri ilə tanışlıq, həm də müsəlman ölkələrində (İran, Türkiyə və b.) səyahətdə olarkən burada gördüyü mövhumat və cəhalət Bakıxanovda Qərb mədəniyyətinə müəyyən maraq yaradaraq, ən azı Şərq və Qərb mədəniyyətlərindən hansının üstün olması tərəddüdləri baş qaldırsa da, sonunda o, üzünü Şərqə tutmuşdu. Özü də, o, Avropanı öz gözləri ilə gördükdən sonra bu qənaətə gəlmişdi: «Bir çox qəribə işlər və saysız təəccüblü əsərlər gördüm. Hər bir ölkədə, hər bir işdən və təcrübəmi artırdım. Get-gedə cəhalətim azaldı. Yavaş-yavaş xəyalat və təsəvvüratımın puçluğu aydınlaşdı və gördüm ki, dünyanın yüksək mənsəbləri çox alçaqdır və bizim əziz saydığımız tədbirlər bir sərxoşun ağıl sınamasına bənzər».
Bakıxanovun bu sözlərindən belə nəticə çıxartmaq olar ki, Avropa ölkələrinə səyahət edərək Qərb mədəniyyəti ilə yaxından tanış olan Bakıxanovın “Qərb”lə bağlı gözləntiləri özünü doğrultmamışdır. Başqa sözlə, Avropa ölkələri ilə tanışlıq Qərb mədəniyyətinə münasibətdə onda müsbətdən çox mənfi rəy yaratmışdır. «Xəyalın uçuşu» əsərində Bakıxanov yazırdı ki, İslam dünyasında gördüyü qəmi, kədəri unutmaq üçün Qərbə səyahət etmişdir. Ancaq o, burada Qərb mədəniyyəti ilə bağlı deyilənlərin hamısının doğru olmadığını görmüşdü:
Mən firəngə (Aropaya-F.Ə.) bir səyahət eyləyim,
Elmü fəndən kəsbi-ləzzət eyləyim,
Deyə, düşdüm boş xəyala mən aman,
Dəmir zərlə örtülübmüş nə yaman!
Avropada da ümid bəslədiyi ideal cəmiyyəti tapa bilməyən Bakıxanov Qərb mədəniyyətindən əlini üzür. Beləliklə, İslam və Avropa mədəniyyətinə bənzəməyən ideal cəmiyyəti axtaran Bakıxanov onu xəyalında tapır:
Nə etməli ki, asudə olum mən,
İslam ilə Firəng çəkişməsindən.
Söylə varmı bu dünyada bir imkan,
Ki, orada ürək olsun kamiran?
Burada xəyal ayrıca bir surətdə
Məni haldan-hala saldı sürətlə
Bakıxanov xəyalında «İslam və Firəng»dən üstün olan cəmiyyəti tapsa da, sonda məlum olur ki, bütün gördükləri elə İslam dünyasının özünə aiddir. Beləliklə, xəyal və təsəvvür etdiyi (ən azı kitablardan) Avropa ilə gerçək Avropa arasında xeyli fərqlərin olduğunu görən Bakıxanov Axundzadədən, Mirzə Kazımbəydən fərqli olaraq qurtuluş yolunu Qərb mədəniyyətində, xristanlıqda deyil, yenə də İslam dünyasında - müsəlmanlıqda axtarmışdı:
Bu ki, sənsən, bu da sənin həyatın,
Bunlar sənin öz halın, öz büsatın.
Bir bax, hər şey burda hazır, sən uzaq,
Sənin könlün öz nəfsinə uyaraq,
Səadəti verib burda (İslamda-F.Ə.) əlindən,
Axtarırsan, uzaqlarda (Qərbdə-F.Ə.) sən
Beləliklə, İslam dünyasını, o cümlədən Vətənini Avropadan üstün tutan Azərbaycan mütəfəkkiri hesab edirdi ki, Şərq mədəniyyəti dirçələrsə, İslam dininin qayda-qanunları doğru şəkildə yerinə yetirilərsə İslam aləmi əvvəlki əzəmətini yenidən bərpa edə bilər. Bunun üçün Qərb mədəniyyətini İslam ölkələrinə tətbiq etməyə ehtiyac yoxdur. Çünki Qərb mədəniyyəti heç də müsəlmanlar üçün ideal, arzu olunan bir mədəniyyət deyildir.
Hətta, fikrimizcə, Avropa səyahəti Bakıxanovda İslama, Vətəninə və Millətinə bağlılığı daha da artırmışdır. O, bir daha anlamışdır ki, hər bir millətin xoşbəxtliyi ilk növbədə, onun öz mədəniyyəti, adət-ənənələri, tarixi və milli-dini dəyərlərilə bağlıdır. Bu mənada, millətin xaricində hər hansı mədəniyyət nə qədər parlaq və möhtəşəm görünsə də, o yenə də təftiş olunmalıdır; yəni istənilən kənar mədəniyyətin zahirinə aldanılmamalıdır. Çünki hər hansı millətin tərəqqisi və tənəzzülü ayrı-ayrı zaman kəsiklərində onun daxili potensialının, mühitinin, mədəniyyətinin, dini dəyərlərinin, mütəfəkkirlərinin dünyagörüşü və sairənin səviyyəsi ilə ölçülür. Bizcə, Bakıxanov bu səyahətdən əldə etdiyi ən mühüm nəticə o olmuşdur ki, əslində İslam dünyası, o cümlədən müsəlman xalqları tarixi keçmişinə, mədəniyyətinə, mütəfəkkirlərinin səviyyəsinə, dünyəvi elmlərə münasibətə, milli-dini dəyərlərə hörmətinə və s. görə nəinki Avropa millətlərindən geri, hətta üstündür. Sadəcə, son əsrlərdə İslam dünyasında bu məsələlərdə durğunluq olduğu halda, Avropa ölkələrində isə əksinə tənəzzüldən tərəqqiyə doğru çox ciddi addımlar atılmışdır. Bununla da, son əsrlərə qədər tərəqqiyə nail olmaq üçün Şərqə, o cümlədən İslam dünyasına üz tutan Avropa və onun mütəfəkkirləri artıq özləri bir örnəyə çevrilməyə başlamışlar. Ola bilsin ki, Avropa millətləri tərəqqiyə çatmaq üçün, bəzən Şərq-İslam mədəniyyəti ilə uzlaşmayan üsullara da əl atmışlar. Bütün hallarda, 19-cu əsrin əvvəllərində artıq Qərb Şərqə deyil, Şərq Qərbə örnək olacaq bir səviyyəyə çatmışdı.
Bu o demək deyil ki, Bakıxanov Qərb mədəniyyətin də heş bir müsbət cəhət görməmişdir. Sadəcə, o, Şərq-Qərb məsələsinə daha geniş prizmadan yanaşdığı üçün Qərb mədəniyyətini müsəlman xalqları üçün doğru yol kimi qəbul etməmişdir. Ancaq Bakıxanov Avropanın tərəqqisinə səbəb olan, ancaq İslam mədəniyyəti ilə səsləşməyən həddən artıq liberal dəyərləri (fərdin marağının dövlətin marağı ilə bərabər, hətta üstün tutulması, qadınlara verilən ifrat sərbəstlitk və s.) qəbul etməməklə yanaşı, bəzi müsbət cəhətləri, xüsusilə texnologiyanin inkiçaflnl və uzun müddət Avropada dinin fonunda kölgədə qalan milli-dini birlik hislərinin burada necə inkişaf etdiyi görməyə bilməzdi.
XIX yüzil Azərbaycan Türk mütəfəkkirlərindən Seyid Əzim Şirvani də Qərb mədəniyyətinin bəzi cəhətlərini təqdir etməklə yanaşı, ümumilikdə nicat yolunu İslam-Türk məfkurəsində görmüşdür. Özəlliklə, onun İslam dininə daha geniş mənada yanaşmasına ən başlıca amillərdən biri kimi, onun sünni-şiə olmasından asılı olmayaraq bütün riyakar ruhanilərə qarşı açıq şəkildə mübarizə aparmasını göstərə bilərik. S.Əzimin fikrincə, onların riyakarlığı nəticəsində mömin müsəlmanlar məscidlərdən üz çevrir, onların övladaları tərəqqidən geri qalır, dini ayin və mərasimlərin mahiyyəti dəyişdirilir, məzhəblərarası təfriqələr daha da vüsət alır və nəticədə «İslam milləti» naxoşlayır. Onun fikrincə, əgər İslama, şəriət qanunlarına olduğu kimi əməl edilərsə və bu dövrdə Avropada da geniş yayılan mütərəqqi ideyalar - yeni tipli məktəblər, dövri mətbuat yaranarsa, dünyəvi elmlər öyrənilərsə onda müsəlmanlar, o cümlədən Qaqfaz türkləri də inkişafa qədəm qoyacaqlar. Şirvani dindaşlarını inandırmağa çalışırdı ki, Avropanın kəşf etdiyi bir çox ixtiralar Quranda da öz əksini tapmışdır. Sadəcə, indiyədək bəzi din başçıları Quranı xalqa olduğu kimi çatdırmayıblar.